İnsanlara hürriyət, millətlərə istiqlal!

Evdən qaçan yeniyetmələr problemi – Onların həyatını riskə atmamalıyıq

Dünən sosial şəbəkədə tərcüməçi Sevil Gültənin bir statusunu oxudum və onun sözlərinə haqq vedim.
Statusdan sitat: “Bakıda, yaxud hansısa rayonda, kənddə yeniyetmə qız evdən qaçır. Qızın ailəsi bu barədə polisə məlumat verir. Sual olunur: “Polisin bu məlumatı saytlara ötürməyi düzgündür? Kiminsə polisə verdiyi məlumat niyə ictimailəşməlidir?”

Haqlı sualdır və bu hərəkətin düzgün sayılmamasının məntiqi əsası var. Çünki yeniyetmə qızın şəkli sosial şəbəkələrdə, saytlarda paylaşılır, minlərlə insan o şəkli görür, hər kəs öz tərbiyəsinə, qanacağına, əxlaqına uyğun şərhlər yazır, yeniyetmənin ad-soyadı yüz dəfə təkrarlanır, az qala hər kəsin onu üzdən tanıya biləcəyi bir durum yaranır. Telekanallar, saytlar, internet tv-lər yeniyetmədən müsahibə alır, hələ müstəqil həyata başlamamış bir yeniyetmə bədnam reputasiya qazanır, “ulduz”a çevrilir.

Nə olacaq onun gələcək həyatı? Bir səhvə görə qazanılmış baş töhməti (yeniyetmə qızın evdən qaçmasının el arasında adının nə olduğunu bilirsiniz) onu ömrü boyu təqib etməyəcəkmi?

Hələ o qızın ailəsi, ata-anası, bacı-qardaşı, yaxın qohumları nə vəziyyətdə qalacaq? Tanındıqları yaşayış məntəqəsində dilə-dişə düşəcək, pis-pis damğalara məruz qalacaqlar. Hamısı da bir yetkin şüura malik olmayan yeniyetmənin impulsiv hərəkətinə, düşüncəsiz addımına görə.

Bir sıra inkişaf etmiş ölkələrdə belə şey etmirlər.

ABŞ-də məhkəmə zalında fotoşəkil çəkmək ona görə qadağandır ki, müttəhimin surəti əks oluna, mediada yayıla və ictimailəşə bilər. Sabah adam bəraət qazanarsa (orada belə şeylər vaxtaşırı olur) da, artıq cəmiyyətdə əsassız yerə “cinayət şübhəlisi” kimi tanınacaq. Ona görə də bir sıra ölkələrdə yeniyetmələrin sifət cizgilərinin əks olunduğu video və foto materialları yaymaq qanunla qadağandır.

Avropa ölkələrində (məsələn, İsveçdə, Norveçdə, Hollandiyada) ən ağır cinayət törətmiş şəxslərin adları, milliyyətləri, yaşayış ünvanları açıqlanmır, mediada onların ad-soyadlarının baş hərfləri göstərilir. Hətta cinayət ictimai-siyasi əhəmiyyət kəsb etmirsə, caninin məhkəməsindən hazırlanan reportajda da adı-soyadı bütövlükdə göstərilmir. Nəzərə alırlar ki, adam cəzasını çəkəndən sonra islah olunmuş halda cəmiyyətə adaptasiya olunmalıdır və kimsə onun keçmiş həyatının təfərrüatlarına əsasən ona münasibət formalaşdırmamalıdır.

Bizdə təəssüf ki, bu incəliklərə fikir verən yoxdur. Ələ düşən bütün informasiyalar ictimailəşdirilir. Hətta şübhəli şəxs qismində məsuliyyətə cəlb olunan onlarla adamın adı çəkilir, barələrində telesüjet hazırlanır.
Bir neçə il öncə Şirvan şəhərində belə bir hadisə olub. Bir-birini tanıyan 10-15 şəxs çayxanada müxtəlif masalarda əyləşərək çay içirmişlər. Birdən çayxananın televizorunda “Şirvan şəhəri” ifadəsi səslənir və hamı istər-istəməz televizora diqqət kəsilir. Televiziya ilə verilən kriminal xəbərdə Şirvanda narkotik maddə ticarətində şübhəli bilinərək saxlanılan şəxsin adı çəkilir, süjetdə adamın qandallanıb aparıldığı göstərilir. Çayxanadakılar baxırlar ki, həmin şəxs onlarla birlikdə çayxanadadır. Heyrətlənir və o adamdan soruşurlar ki, bu nə işdir. Adam tövrünü pozmadan cavab verir ki, 5-6 gün əvvəlin söhbətidir, saxlamışdılar, sübut olundu ki, səhv salıblar, mənlik bir şey yoxdur.

Ancaq adamın adı cinayətdə çəkilir, qoluqandallı aparıldığı göstərilir. O şəhərdə və ya ölkədə onu tanıyan adamlar nə fikirləşəcəklər? İndi bu şəxs bütün tanışlarına bir-bir izahat verməlidir ki, bir yanlışlıq olub, əslində günahsızdır?

Sovet dövründə bir zarafat vardı, bir az şübhəli davranan adama deyirdilər: “Tanış gəlirsən. Elə bil, səni “İnsan və qanun” verilişində görmüşəm”.

“İnsan və qanun” verilişi sovet Azərbaycanında kriminal xronika və qalmaqallı cinayət işlərindən bəhs edən veriliş idi və 7-dən 70-ə hər kəs o verilişə diqqətlə baxırdı. O verilişdə cnayətdə ittiham olunan, müttəhimlər kürsüsündə oturduğu göstərilən şəxs 10-15 illik cəzasını yatıb çıxsa da, barəsində hazırlanmış veriliş unudulmurdu.

Ona görə də bu xüsusda müəyyən bir standart tətbiq etmək lazımdır. Cinayət törətməmiş adamların “cinayət şübhəlisi” kimi adbaad, üzbəsurət təqdimatı yolverilməz olduğu kimi, cinayət törətmiş şəxslərin də sonrakı həyatı nəzərə alınmalıdır. Xüsusilə də zorlanan qadın və kişilərin adları heç vaxt çəkilməməli, şəkilləri göstərilməməlidir. Bunu humanizm prinsipləri, şəxsi həyatın toxunulmazlığı qaydaları tələb edir.

Düzdür, evdən qaçan yeniyetmələrin tezliklə tapılması üçün şəkillərinin yayılmasına ehtiyac yaranır, amma bunun da bir çarəsi var. Polis orqanları bu şəkilləri öz daxili əlaqə kanalları ilə bir-birinə ötürə, saytlara, telekanallara göndərməyə bilərlər.

Bircə məqamı təsəvvür edin. Evdən qaçan yeniyetmə oğlandırsa, oxuduğu məktəbdə tay-tuşları onun adının qarşısına “Qaçaq” ləqəbi qoşacaqlar və ya “bir dənə evdən qaç, əmilər tapsın” deyə lağlağı edəcək, bulinq kampaniyası başlayacaqlar.

Evdən qaçan yeniyetmələr problemi isə ciddi polemika mövzusu olmalıdır - ancaq konkret ad çəkmədən, şəkil, video, ünvan göstərmədən.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR