Köçəryan siyasi meyitdir, əhali arasında da nüfuzu yoxdur - Tahir Mirkişili
“Ermənistan iqtisadiyyatı böyük ölçüdə Rusiyadan asılıdır. Son illər iqtisadiyyat əsasən, Qərb ölkələrinin sanksiyalarından yan keçərək Rusiyaya paralel ixraca əsaslanıb”.
Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bunu Musavat.com-a açıqlamasında bildirib. T.Mirkişili əlavə edib ki, əldə edilən yüksək fayda biznes elitasını qane edir: “Bu, Ermənistan hökumətinin biznes elitası tərəfindən dəstəklənməsini də təmin edir. Avrasiya İqtisadi Birliyinin verdiyi bu, mühüm faydadan məhrum olmaq Ermənistan üçün ciddi problemdir. Zəif və primitiv olan Ermənistan iqtisadiyyatının Qərb bazarlarından fayda əldə etməsi imkanları çox məhduddur”.
Deputat bildirib ki, belə bir şəraitdə Ermənistan biznes elitasının Paşinyan hökumətindən narazılığı anlaşılandır: “Amma bu narazılıq hökuməti ciddi dayaqlarından birindən məhrum edə bilər. Həm də nəzərə alsaq ki, iqtisadi imkanların pisləşməsi son nəticədə həmçinin əhalinin maddi vəziyyətinin daha da pisləşməsinə gətirib çıxaracaq, o zaman siyasi böhran qaçılmaz ola bilər”. T.Mirkişili Ermənistanın Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi arasında var-gəl etməsindən də bəhs edib: “Paşinyanın Avropa ilə münasibətləri daha çox siyasi emosiyalar və siyasi flirt üzərində qurulub. Paşinyan bu siyasi alveri iqtisadi faydaya çevirərək Rusiyadan xeyli fayda əldə edir. Rusiyaya da indiki halda Ermənistanın Qərbə yaxın görsənməsi, əslində isə Rusiyanın iqtisadi maraqlarına xidmət etməsi sərfəlidir”. Eks-prezident Robert Köçəryanın Rusiya ilə əlaqələri bərpa etməsi və revanşa hazırlaşmasına gəldikdə, deputat bunları bildirdi: “Köçəryan siyasi meyitdir, əhali arasında da nüfuzu yoxdur. Ümumiyyətlə, Paşinyanın həddindən artıq siyasi elastikliyi hesab edirəm ki, həm Qərbə, həm də Rusiyaya sərf edir. Ona görə, Ermənistan siyasi cəhətdən Qərbə, iqtisadi cəhətdən isə Rusiyaya yaxın olmağa daim çalışacaq, əhali də hələlik bunu istəyir. Görünən odur ki, bu rolu hələlik Paşinyan yerinə yetirə bilir”.
E.Paşasoy,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ