İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Hitlerin məkrli taktikasını seçib: Azərbaycan isə bütün riskli variantlara tam hazırdır

Böyük ehtimalla rəsmi İrəvan savaşa hazırlaşarkən, sülh mövzusunda davamlı manipulyasiyalarla Azərbaycanı arxayın sala biləcəyinə ümid bəsləyir... Ancaq rəsmi Bakı bu hərbi-siyasi oyunların arxasındakı əsas məqsədi bilməmiş deyil və Ermənistana revanş şansı verilməyəcəyi qətiyyən şübhə doğurmur...

Cənubi Qafqazda sülh prosesi ətrafında yaranmış situasiya qəlizləşməkdə davam edir. Belə ki, Ermənistan hazırda siyasi iradə nümayiş etdirmək imkanlarını itirməyə başlayıb. Çünki rəsmi İrəvan bir tərəfdən, Qərbə inteqrasiya siyasətini davam etdirməyə şalışır. Kremlin sərt etirazlarına baxmayaraq, Paşinyan hakimiyyəti Ermənistanın Avropa Birliyinə üzvlük niyyətini rəsmiləşdirmiş oldu. Halbuki, rəsmi İrəvan Ermənistanın Avropa Birliyinə nə vaxtsa, üzv olmasının qeyri-mümkünlüyünü də anlamamış deyil. Və bu baxımdan, Paşinyan hakimiyyəti Ermənistanı olduqca ciddi “geopolitik labirint”də dolaşdırmaqda davam edir.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvanın məhz belə qeyri-realist xarici siyasəti Ermənistanı kənar təsirlər qarşısında aciz duruma salmaqdadır. Qərb siyasi dairələri Ermənistanı “geopolitik müstəmləkə” hesab edirlər. Rəsmi İrəvanı kənardan xüsusi təlimatlarla idarə edirlər. Nəticədə rəsmi İrəvan Ermənistana dəstəyi tədricən zəifləməkdə olan Qərb siyasi dairələrinin maraqlarına uyğun davranmaqla, geopolitik riskləri dərinləşdirir. Və bu, Paşinyan hakimiyyətini müstəqil qərarlar qəbul etmək şansından da məhrum buraxır.

 1712667597_photo_5235601370919329952_y.jpg (116 KB)

Digər tərəfdən, rəsmi İrəvan atılan riskli addımların Ermənistana baha başa gələ biləcəyini də anlamamış deyil. Hər halda, Paşinyan hakimiyyəti artıq son vaxtlar Qərb siyasi dairələrinə tam güvənmədiyi üçün Rusiya ilə münasibətlərin daha da gərginləşdirilməsi prosesindən tədricən imtina etməyə başlayıb. Üstəlik, Kremlin rəsmi İrəvana son xəbərdarlıq mesajı da Ermənistan üçün böyük təhlükənin o qədər də uzaqda olmadığını göstərir. Belə ki, Rusiya Ermənistana qarşı Avropa Birliyi və Avrasiya İqtisadi İttifaqı arasında prinsipial seçim etmək tələbi irəli sürüb. Və əgər, Avropa Birliyi ilə bağlı mövqeyindən imtina etməzsə, Kreml dolayısı ilə rəsmi İrəvanı Ermənistan üçün taleyüklü əhəmiyyət daşıyan Avrasiya İqtisadi İttifaqından qovmaqla, hədədləyib.  

Göründüyü kimi, Paşinyan hakimiyyəti Rusiya və Qərb arasında qalıb. İndi Ermənistan Qərbə yaxınlaşmağa nail ola bilmir, Rusiyaya doğru geri dönməyə isə cəsarəti çatmır. Ona görə də, Ermənistanın gələcək taleyinin olduqca ciddi qeyri-müəyyənlik içərisində olduğu qətiyyən şübhə doğurmur. Üstəlik, belə situasiyada Ermənistanın hərbi-siyasi problemləri də mövcuddur. Belə ki, rəsmi İrəvan Azərbaycanla yekun sülh sazişinin imzalanmasından hələ də müxtəlif bəhanələrlə yayınmaqda davam edir. Və bu, Cənubi Qafqazda sabitliyin bərqərar olması qarşısında ən ciddi problem olaraq, qalmaqdadır.

Maraqldır ki, Paşinyan hakimiyyəti sülh mövzusu ətrafında siyasi manipulyasiyaları da davam etdirir. Belə ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin mətni artıq rəsmən razılaşdırılıb. Yəni, həmin sənəd imzalanmağa tamamilə hazırdır. Ancaq Ermənistan tərəfi yekun sülh sazişini imzalamağa hələ hazır deyil. Və hazırda həmin sənəd imzalanarsa, onun məzmunu Ermənistan konstitusiyası ilə kəskin ziddiyyətlər yarada bilər.

 1528745391_4e61f958d4a76fb410b67ebb35ebd14c.jpg (420 KB)

Məsələ ondadır ki, yekun sülh sazişində Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyırlar. Ancaq Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ifadə edən müddəalar mövcuddur. Ona görə də, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğu halda, yekun sülh sazişinin imzalanması tamamilə absurd xarakter daşıyardı. Və rəsmi Bakı bununla bağlı prinsipial mövqeyini artıq rəsmən elan edib.

Belə ki, rəsmi Bakı Paşinyan hakimiyyətindən yekun sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsini və Azərbaycana qarşı ərazi iddiaları olan müddəaların ləğvini tələb edir. Eyni zamanda, rəsmi Bakı haqlı olaraq, Minsk Qrupunun ləğvində də israrlı mövqe tutur. Əgər, bu iki önəmli şərt rəsmi İrəvan tərəfindən yerinə yetirilərsə, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması qarşısında heç bir əngəl qalmamış olacaq. Və bu halda, imzalanmış sənəd gələcəkdə heç bir hüquqi manipulyasiyaların hədəfinə çevrilməyəcək.

Ancaq Paşinyan hakimiyyəti siyasi və hüquqi manipulyasiyaları elə indidən edir. Belə ki, rəsmi İrəvan Azərbaycanın haqlı tələbini nəzərə almadan, sülh sazişinin imzalanması qarşısında heç bir əngəlin olmadığını iddia edir. Üstəlik, beynəlxalq məkanda Ermənistanı sülhpərvər, Azərbaycanı isə sazişin imzalanmasından yayınmağa çalışan tərəf kimi təqdim etməyə çalışır. Əslində, əsas məqsədi anlamaq o qədər də çətin deyil. Yəni, Paşinyan hakimiyyəti bununla Qərbin Azərbaycana qarşı təzyiqlərini gücləndirərək, Ermənistan konstitusiyasını dəyişmədən, yekun sülh sazişinin imzalanmasına cəhd göstərir. Və gələcəkdə revanşist addımlar üçün “hüquqi bəhanələri” saxlamağa çalışır.

foto-4.jpg (74 KB) 

Ancaq rəsmi Bakı Ermənistanın bu məkrli oyununun baş tutmasına imkan vermək niyyətində deyil. Ona görə də, Paşinyan hakimiyyəti siyasi manipulyasiyalardan imtina etməlidir və yekun sülh sazişinin imzalanması qarşısındakı Ermənistandan qaynaqlanan mövcud əngəlləri aradan qaldırmalıdır. Əks halda, yekun sülh sazişinin imzalanması mümkün olmayacaq və Cənubi Qafqazda yeni savaş təhlükəsi öz aktuallığını saxlamaqda davam edəcək. Və son müşahidələr onu göstərir ki, rəsmi İrəvan davamlı olaraq, sülh sazişini imzalamağa hazır olduğunu bəyanlasa da, əslində, Ermənistan ümumiyyətlə, hazırda məhz yeni savaşa hazırlaşır.

Məsələ ondadır ki, Ermənistan silah-sursat və hərbi texnika idxalını artırıb. Eyni zamanda, rəsmi İrəvan Azərbaycanla sərhəd bölgələrinə Ermənistan ordusunun canlı qüvvəsini və hərbi texnikasını daşımaqda davam edir. Sülh sazişindən danışan Ermənistanın savaşa hazırlığı Paşinyan hakimiyyətinin revanşist planlar qurmaqda olduğunu göstərir. Halbuki, baş nazir Nikol Paşinyan öz açıqlamalarında Azərbaycan və Ermənistan arasında daha müharibə olmayacağını xüsusi olaraq, vurğulayır. Yeni savaş üçün heç bir səbəb olmadığını da qeyd edən erməni baş nazir nədənsə, Ermənistanın Azərbaycanla sərhəd bölgəyə hərbi qüvvə cəmləşdirilməsinin səbəbini izah etməkdən israrla yayınır.

Belə anlaşılır ki, rəsmi İrəvan da vaxtilə Hitler Almaniyasının məkrli taktikasına üstünlük verir. Hitler Almaniyası da son ana qədər keçmiş SSRİ-yə hücum etməyəcəyini bəyan etsə də, ciddi şəkildə müharibəyə hazırlaşırdı. Böyük ehtimalla Paşinyan hakimiyyəti də savaşa hazırlaşarkən, sülh mövzusunda davamlı manipulyasiyalarla Azərbaycanı arxayın sala biləcəyinə ümid bəsləyir. Halbuki, rəsmi Bakı Paşinyan hakimiyyətinin siyasi manipulyasiyalarını ciddiyə almadığından, Ermənistana revanş şansı verilməyəcəyi də qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR