Onlayn ictimai-siyasi qəzet
Bəlkə də küçəyə çıxıb bu günün nə ilə əlamətdar olduğunu sorsaq, yəqin ki, əksəriyyət düzgün cavab verməkdə çətinlik çəkər. 1801-ci ildən başlayaraq Azərbaycan torpaqlarını işğal edən Rusiya qoşunları 223 ildən sonra, məhz bu tarixdə BİRDƏFƏLİK olaraq Azərbaycan torpaqlarını tərk etdilər. “Birdəfəlik” ifadəsini ona görə vurğulayırıq ki, Rusiya imperiyasının qoşunları cümhuriyyət dönəmində torpaqlarımızı əsasən tərk etsə də 1920-ci ilin aprel ayında Qırmızı Ordu adı ilə yenidən işğal etdi. 1993-cü ildə yenə böyük qüvvələr çıxarılsa da, Qəbələ RLS-in simasında 2013-cü ilə qədər qaldılar.
Yeddi il sonra, 2020-ci ilin noyabrında bir daha Azərbaycan torpaqlarına sülhməramlı adı ilə daxil olanda, Lavrov başda olmaqla Rusiya rəsmiləri, Qarabağdakı komandanlıq 2030-cu ilədək qalacaqlarına iddialı olduqlarını gizlətmirdilər. Hətta, “Rusiya girdiyi yerdən çıxmaz” kimi ifadələrlə bədbinlik yayan xarici və daxili siyasi şərhçilər də az deyildi. Amma, Azərbaycan dövlət başçısının apardığı düzgün və uğurlu xarici siyasət sayəsində 223 ildən sonra-16 aprel 2024 tarixində Rusiya hərbi kontingenti birdəfəlik olaraq Azərbaycan Respublikasının ərazisini tərk etdi. Hesab edirəm ki, bu tarixi hadisə dərsliklərimizə salınacaq, geniş təbliğ olunacaq və gələcək nəsillər 223 illik təhlükədən qurtulmağımızı bayram kimi qeyd edəcəklər.
Pozulmuş dünya düzəni reallıqdır və yeni düzənin yaranmasının yaxın illərə formalaşması, geosiyasi təsirlər uğrunda mübarizələrin və müharibələrin tezliklə bitəcəyi isə hələ böyük suallar altındadır. Dünyanın qarışıq olduğu vaxtda, Azərbaycan bəlkə də nadir ölkələrdən biridir ki, proseslərin perspektivinin necə nəticələnməsindən asılı olmayaraq, uğurlu hərbi, diplomatik, iqtisadi siyasətilə yarana biləcək mümkün təhlükələrin qarşısını ala bilib. Amma, yenə də arxayınlaşmaq olmaz, çünki nə tariximizi, nə də Rusiyanın imperiya ambisiyalarını unutmaq mümkün deyil. Rusiya hazırda özünü Ukrayna müharibəsinin tam qalibi hesab edir və bu eyforik əhval ruhiyyə ilə postsovet məkanını tam təsiri altına almaq məqsədilə Cənubi Qafqaz, Mərkəzi Asiya respublikalarına hiss ediləcək dərəcədə təzyiqlər göstərir.
Putinə qalsa, yaxın perspektivə Belarusla olduğu kimi “ittifaq dövləti” yaratmağa cəhdlər edə bilər. Ukrayna müharibəsinə görə layiqli cəza da almadığı üçün Kremldə imperiya ambisiyalarının yeni oyanışı tamamilə mümkündür. Bu gün Avropa İttifaqı ölkələri Rusiya aqressiyasından özünü müdafiə etmək üçün hərbi xərclərini artırır, “Putin işğalına” qarşı müdafiə qabiliyyətlərini artırmağı zərurət hesab edirlər. Almaniya isə konkret tarix göstərir və 2030-cu ildə Rusiyanın Almaniyaya hücum edəcəyi barədə kəşfiyyat məlumatlarının olduğunu bildirir.
Əgər birbaşa sərhədi olmayan Qərbi Avropa bu qədər müdafiə məsələlərinə diqqət ayırırsa, qonşu kimi Rusiya ilə münasibətlərdə diqqətli olmağımız şərtdir. Rusiyanın Azərbaycana birbaşa müdaxilə etməsi ehtimalı aşağı olsa da, hələ də hərbi, siyasi, iqtisadi baxımdan təsirində saxladığı Ermənistan üzərindən Azərbaycana qarşı təzyiqlər edə biləcəyini də istisna etmək olmaz.
Əlbəttə, Rusiyanın təzyiq manevrləri beş il əvvəllə müqayisədə xeyli daralıb, üstəlik Ermənistan rəhbərliyi də qərbyönümlü siyasətdən vaz keçmək niyyətində deyil. Eyni zamanda Azərbaycanın qardaş Türkiyə ilə bağladığı Şuşa bəyannaməsi, hərbi gücünü artırması, Avropa ilə iqtisadi əlaqələri və dünyanın logistika və ticarət mərkəzləri üçün gələcək prioritet istiqamətlərdən biri olması ölkəmizin təhlükəsizliyinə xidmət edən faktorlardır.
Cənubi Qafqazda hər hansı kənar hərbi gücün mövcudluğu hər zaman bölgə üçün təhlükə mənbəyidir. Azərbaycan Cənubi Qafqaz respublikaları içərisində Rusiya hərbi bazasının olmadığı yeganə ölkədir. Müstəqilliyimiz “əbədi və dönməz” olduğu kimi, bu statusumuz da əbədi olacaq. Azərbaycan bu tarixi günü asan qazanmayıb.
16 Aprel 2025
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ