İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlik əməkdaşı hakim qarşısında - zərərçəkən ziyanı aldığını dedi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə Ədliyyə Nazirliyinin rüşvət almaqda ittiham olunan sabiq əməkdaşı Ayxan Novruzovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, prosesdə Ayxan Novruzov ifadə verib.

Müttəhim ittihama münasibət bildirib. O, elan olunan ittiham üzrə özünü təqsirli bilib. "Gənc olmuşam, səhv etmişəm", deyə müttəhim bildirib. Qeyd edib ki, zərərçəkənlərə dəymiş ziyanı ödəyib: "Onlarla barışıq əldə olunub. Düşünürəm ki, artıq zərərçəkən qalmayıb. Əgər unutduğum biri varsa və ya əlavə nəsə tələb olunursa, onu da ödəməyə hazıram”.

Prosesdə ifadə verən zərərçəkmiş Oqtay Qurbanov bildirib ki, ona dəymiş 1200 manat ziyan tam ödənilib, təqsirləndirilən şəxslə barışıq əldə olunub: “Hazırda heç bir şikayət və tələbim yoxdur. Sağ olsun, özü mənimlə əlaqə saxladı, hər cür kömək etməyə hazır olduğunu dedi. Məhkəmədən xahişim odur ki, onu bağışlayasınız”.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin rayon icra şöbələrindən birində icra məmuru vəzifəsində çalışmış Ayxan Nəsrulla oğlu Novruzov rüşvət almaqda və dələduzluqda ittiham olunur.

Onun barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Ayxan Novruzova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və birinci instansiya məhkəməsinin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Məhkəmə prosesi mayın 13-də davam edəcək.

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR