İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda necədirsə, Daşkənddə də elədir...

Bu günlərdə Özbəkistanda eynilə bir ay əvvəl bizim ölkədə böyük hay-küylə müzakirə olunan “dil davası”nın bənzəri baş verib. Yenə cinahın birində rus dilidir, o birində milli dil, yəni özbək dili.

Ortalığı Xocaəkbər Nosirov adlı bir gənc bloqer qarışdırıb. O, “Bon!” adlı kafeyə gedib, kafedə işləyən qız ondan rusca nə istədiyini soruşub. Bloqer də ondan özbək olub-olmadığını soruşub, qız təsdiqləyib ki, özbəkdir. Belə olanda Nosirov ona deyib ki, gördüyünüz kimi, mən də özbəyəm, ikimiz də özbəyiksə, nəyə görə rusca danışmalıyıq. Qız bir az utanantəhər olub.

Bloqer qardaş masa arxasında oturub “kapuçino”sunu gözləyəndə başqa bir ofisiant qız ona yaxınlaşıb, rusca sifarişinin nə olduğunu soruşub. Bu dəfə birinci qız ona rusca deyib ki, o, “kapuçino” sifariş edib. Bu yerdə bloqerin başı çönüb, deyib, bacılar, bura Özbəkistandır, dövlət dilimiz özbəkcədir, buradakının hamısı özbəkdir, nəyə görə müştərilərlə əcnəbi dildə danışırsınız.

Sonra o öyrənib ki, bu kafenin müştərilərinin 90 faizi özbəklərdir, amma kafedə danışıq dili ruscadır.
Adam götürüb öz bloqunda bu məsələyə dair video paylaşıb və ölkədə dil polemikası başlaylb.
O cür polemikaların necə getdiyini bilirsiniz, hər 4 aydan bir bizdə də vur-həşir olur. Bizə nisbətən özbək qardaşlar bu xüsusda höcətləşməyə yeni-yeni başlayıblar.

Bilirsiniz, özbəklərlə biz (eləcə də qazax, qırğız, türkmən, tacik) eyni taleni yaşamış camaatıq. Sovet dövründə bizim Bakı necəydisə, Daşkənd də eləydi, hələ Almatı daha betər idi. Üçü də də beynəlmiləl şəhər idi və paytaxt camaatı rusca danışmağı sevirdi. Hələ də elədir. Bakıda rusca danışan azərbaycanlı nə qədərdirsə, Daşkənddə də rusca danışan özbək, Almatıda rusdilli qazax o qədərdir. Hazırda üçü də 3 milyonluq şəhərdir.

Amma indi iş elə gətirib ki, Nosırov kimi gənc nəslin nümayəndələri buna təhəmmül etmir. Onlar gözlərini dünyaya açıb görüblər ki, Özbəkistan müstəqil dövlətdir, öz bayrağı, himni, gerbi, dili, mədəniyyəti var, amma nəyə görəsə camaatın bir xeylisi başqa dildə danışır.

Bloqerin məlum videosuna 1 həftə ərzində 2,8 milyon baxış olub. (Bizdə o boyda baxış sayı manısların diringi klipinə gəlir). 226 min istifadəçi videonu bəyənib, 24 mindən çox adam şərh yazıb. Şərhlərin çoxu “düz deyirsən” məzmunlu olub. Amma təbii ki, bu “millətçiliyə” etiraz edənlər də tapılıb. Onlar Nosırovu “etnik ədavətin qızışdırılması”nda ittiham ediblər.

Bu işlər belədir: adam öz vətənində öz ana dilində danışmağı təbliğ və tələb edirsə, dərhal “millətçi” olur və “etnik ədavəti” qızışdırmış sayılır. Stalinin vaxtı olsa, Nosirovu, yəqin ki, güllələyərdilər. Yox, əgər cavanlığına bağışlasalar, 25 illiyə Sibirə, ağac qırmağa göndərərdilər, o da gedib bizim böyük şirimiz Hüseyn Cavidlə bir barakda qalar, hərdən ona gileylənərdi ki, şoir, nega biz rusca gapiramiz? O da deyərdi, ey Teymur nəvəsi, bildik artıq bu cahan mülkü nə viranə imiş.

İndi hüquqşünaslar deyirlər ki, prinsipcə, Nosirov haqlıdır, Özbəkistanda ticarət, iaşə və xidmət müəssisələri müştərilərinə öncə özbəkcə xidmət etməlidirlər, yalnız müştəri əcnəbidirsə, başqa dildə danışmaq olar.

Ancaq Nasirovu yıxıb-sürüyənlər deyirlər ki, o, həmişə qalmaqal yaradır.

2023-cü ilin aprelində belə bir qalmaqala görə ona 15 sutka həbs cəzası kəsiblər. Yaydığı videoda tərkibində karmin maddəsi olan qatıqları "haram" adlandırıbmış. Qatıq biznesinə baxan hər kim olubsa, Nosirovu içəri basdırıb ki, daha qatıqlamasın.

Hələlik “dil qalmaqalı”na görə Xocaəkbəri təcridxanaya basmayıblar. Yəqin ki, bu dəfə ona heç nə etməyəcəklər. Çünki Rusiyada çəkilib-yayılan videolarda görünür ki, rus xüsusi təyinatlılar özbəkləri və qırğızları döşəmədə sürüm-sürüm süründürür, başlarına oyun açır, pullarımı əllərindən alır, döyür, söyür, deportasiya edirlər. Az qalıb, bu gün-sabah getto düzəldəcək, orta asiyalıları, digər miqrantları həmin rezervuarlara dolduracaqlar.

Belə olandan sonra özbəklər və qırğızlar Rusiyanı, rus dilini necə sevsinlər? Odur, tarixdə ilk dəfədir ki, qırğızlar Rusiyaya nota veriblər. Ona görə ki, Rusiyada incidilən qırğız miqrantların “жардам бер, бизди куткар” (“yadım edin, bizi qurtarın”) qışqırığı artıq Bişkekə qədər gəlib çatır.

Hərdən adam rusların işinə mat qalır. Niyə belə edirlər? Avropalılarla, amerikalılarla dalaşırlar, niyəsini anlamaq olur. Bəs bu fağır, hər ağır işə qatlaşan orta asiyalılardan nə istəyirlər? Yəni adamı döyə-döyə onun sevimlisi olmaq olarmı?

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR