Onlayn ictimai-siyasi qəzet
DTX-nın həbs etdiyi Qarabağdakı xunta rejiminin təmsilçiləri içərisində xaricdə ən çox tanınanı Qukasyandan, Saakyandan və Arutyunyandan sonra meydana girmiş , cəmi 4 ay “dövlət naziri” olmuş Ruben Vardanyandır ki, bəlkə də buna təəccüblənməmək olar. Vardanyan indi onunla eyni taleyi, bəlkə də eyni kameranı bölüşənlərdən çox məşhurdur.
Vardanyanı Azərbaycan hökumətindən azadlıqlığa buraxılması xahişi ilə kimlərin müraciət etdiyi haqda dəqiq bilgi yoxdur, bəlkə hələ həbsin üstündən bir müddət keçməsini istəyirlər. Çünki indi hər şey təzədir və Vardanyanın buraxılmasını istəyənlər təkcə rədd deyil, həm də ağır cavab ala bilərlər. Belə müraciətlər hələ publik yoxdur, amma Avropa Şurasının Nazirlər Komitəsi və Avropa İttifaqının belə bir bəyanatı artıq ortadadır.
Həmin cümlə belədir: “Mühüm etimad quruculuğu tədbiri kimi biz bütün Qarabağ erməniləri, o cümlədən onların nümayəndələri üçün hərtərəfli amnistiya və hər tərəfdən sərt ritorikadan çəkinməyi gözləyirik”. Zənnimcə, bu cümlədə “avroidlər”in bizdən(rəsmi Bakıdan) nə istədikərini izah etməyə ehtiyac qalmır. Deyirlər ki, “ermənilərin nümayəndələrini” həbsdən buraxın. Hətta bizə bunun hüququ yolunu da göstərirlər: “Hərtərəfli amnistiya” ilə...
İddia etmirəm ki, bütün bu bəyanatı məhz DTX-nın təcridxanasında saxlanılan Vardanyana və digər separatçılara görə qəbul edilib, çünki beynəlxalq qurumlar ilk dəfə deyil ki, Azərbaycana qarşı ağır cinayətlər töörətmiş ermənilərin həbsdən buraxılmasını bu və ya digər şəkildə dilə gətirirlər. Yəni bu “erməni nümayəndələri” hələ çox bəyanatlarda rastımıza çıxacaq, buna öyrəşməmiz lazımdır.
Prezident Əliyev 20 ildir hakimiyyətdir, ondan çox adamın azadlığı üçün müraciət ediblər, ölkəyə ən müxtəlif üsüllarla təzyiqlər cəhdi də olub. Prezident Əliyev heç vaxt bəyanatlara və təzyiqlərə görə güzəştə getməyib, bunu Avropa Şurası da, Avropa İtttifaqı da bilməmiş deyil. İndi isə Prezident Əliyevdən elələrinə amnistiya istəyirlər ki, bunun reallaşması ümumiyyətlə, mümkün deyil.
Vardanyan yəqin ki, digər dığaların cinayət işindən ayrılaraq mühakimə olunacaq. Çünki əvvəla o, Ermənistan vətəndaşıdır, bizim onu məsələn, Azərbaycanda (Xankəndidə) doğulmuş Araik və digərləri ilə mühakimə etməyimiz bəlkə də doğru qərar olmazdı. Vardanyanın ittiham olunduğu maddələr ağır cinayətlər kateqoriyasına aiddir, amma onun istintaqa sensasion ifadə verəcəyini gözləməmək lazımdır. Niyə Qarabağa gəlib, niyə Rusiya vətəndaşlığından imtina edib, niyə qanunsuz rejimin “dövlət naziri” olub bunların hamısını indiyədək az qala bütün xarici telekanallara özü danışıb.
Əlbəttə demədiyi xeyli maraqlı suallar da var. Niyə xunta rejimində kresloya oturan kimi Azərbaycana qarşı düşmənçilik ritorikasını seçib, niyə orta məktəbi qızıl medalla bitirən, Lomonosov adına Moskva Dövlət Universitetini qırmızı diplomla başa vuran, Harvardda, İtaliyada master-klass öyrənən, nəhayət, uğurlu bir biznesmen həyatında “dönüş” edərək Qarabağa gəlib, burada yerləşib, “müstəqil artsax” uğrunda mübarizəyə başlayıb. Həm də elə bir ərəfədə ki, Azərbaycan torpaqlarının böyük hissəsinin azad etmiş, Qarabağda qalmış erməni əhalinin inteqrasiyası üçün hazırlıqlara başlamışdı. Yəni ola bilərmi ki, “Forbes”in siyahısında yeganə varlı milyarder olan birisi Qarabağda “müstəqillik” perspektivi görsün, üstəlik buna inansın. Onun həbsindən əvvəlki müsahibələrinə nəzər yetirin, böyük əksəriyyətində bu erməni inamla danışırdı. Azərbaycanlıya nifrət aydındır, bəs bu “inam” nə idi, bunu anlamaq lazımdır.
“Rusiyanın adamı” olması haqda onun burnu Xankəndində görünəndən deyilirdi, sonra rəsmi şəkildə də bəyan edildi. O isə bu ittihamları Rusiya vətəndaşlığından imtina etməklə “təmizləmək” istədi, sonra Azərbaycan onun istefasına da nail oldu. Bu artıq ona xəbərdarlıq olmalı idi, amma Vardanyan getmədi və Azərbaycana qarşı revanşist bəyanatlar verməkdə davam etdi. Yalnız son 1 ay, ayyarımda Vardanyan artıq isterik vəziyyətdə idi və gah Paşinyanı, gah separatçıları günahlandırırdı. Bu artıq Vardanyanın aqoniyası idi. Ən son açıqlamasını antiterror əməliyyatından sonra vermişdi. Vardanyan demişdi ki, “erməni silahlıları az qala şir kimi döyüşürdülər, döyüşəcəklər də”. İndi isə Avropa qurumları deyir ki, bu Vardanyana(erməni nümayəndələrinə) amnistiya verin. Vardanyanın Azərbaycan dövlətinə qarşı cinayətlərinə göz yumdunuz, bəs Ukraynada sanksiya siyahısında olan Vardanyan haqda nə deyirsiz? Ortaq olduğu şirkət Ukrayna əleyhinə müharibəni maliyyələşdirdiyi üçün Vardanyan bu siyahıya düşüb axı... Siyasi dustaq kimi tanıdığınız, mükafatlar verdiyiniz Aleksey Navalnının təsis etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondunun Vardanyanın biznesi, “çirkli pulların yuyulması” ilə bağlı araşdırmasına nə deyirsiz? 2020-ci ildə yayılmış hesabat internetdə açıq mənbələrdə hələ də var...
Vardanyan haqda Rusiya mediasında çox maraqlı faktlar var. Məsələn, sən demə, Vardanyan MDU-nun birinci kursunu bitirəndən sonra əsgərliyə çağırılıb və Azərbaycanda hərbi hissələrin birinə düşüb. Amma necə olubsa, onun yerini tezliklə Ermənistana dəyişiblər. SSRİ dövründə öz ölkəndə xidmət etmək nadir hallarda ola bilərdi, necə olubsa, Vardanyana bu qismət olub. İkinci maraqlı fakt onun soyadı ilə bağlıdır, bunu da özü açıqlayıb. Vardanyanın dediyinə görə, ana tərəfdən gürcü qanı var. Babası və onun bacısı Türkiyədən köçürüləndə kiçik yaşlı olublar və bir erməni kəndinə gəlib çıxıblar. Onlardan soruşublar ki, atanızın adı nədir, onlar da “Vardan” deyiblər. Vardanyanlar belə artıb, amma özü deyib ki, sonralar kökünü axtarmağa çalışıb. Öyrənib ki, soyadları əslində, “Keşiş-Balyandır”...
Beləcə, Azərbaycanda əsgərlikdən yayınan, “Keşiş Balyan” indi DTX-nın təcridxanasında çay içməkdədir. Hələ belə çox aylar, illər var. Vardanyan cinayətkardır və bunu Avropanın anlaması lazım...
Nazim SABİROĞLU,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ