İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinlə əməkdaşlıq hansı arzuları çin edəcək? – Yeni dövrün çağırışı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünən (21 aprel 2025-ci ildə) Çinin “Sinxua” agentliyinə verdiyi müsahibədə bir sıra maraqlı məqamlar var.

Onlardan bəzilərinin üzərində dayanmaq faydalı olar. Azərbaycanın dövlət başçısı Çin və Azərbaycan arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafından danışarkən, ikitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirib.

Bu zamanın tələbidir. Çinlə əməkdaşlıq labüddür. Çünli bəzilərində gözlə görünən, bəzilərində isə gizli şəkildə davam edən tənəzzül dövrünə qədəm qoymuş böyük dövlətlərdən fərqlli olaraq Çinin son 30 ildə dinamik şəkildə inkişaf edir. Bu, artıq beynəlxalq miqyasda etriaf olunur və “Çin iqtisadi möcüzəsi”, “Çin fenomeni” adlandırılır.

Ona görə də Çinlə yaxınlaşmaq, bu ölkə ilə əməkdaşlıq etmək faydalı və zəruridir.

Çin bəzi ölkələrdən fərqli olaraq digər dövlətlərlə münasibətini çox vaxt siyasi müstəviyə çıxarmır, heç bir dövlətə öz ideologiyasını sırımağa çalışmır, hamıyla qarşılıqlı faydalı iqtisadi əlaqələr formalaşdırmağa cəhd edir.

Çin dövlətinin başlıca məqsədi işləmək, yeni iş yerləri yaratmaq, biznesi inkişaf etdirmək, aqrar sektorda, sənayedə yeni-yeni nailiyyətlər qazanmaq, vətəndaşların rifahını yüksəltmiş, elmi-texniki tərəqqinin insanlara faydasını artırmaqdır.

Bu baxımdan Azərbaycan yeni dövrün çağırışlarına adekvat reaksiya verib. Prezidentin qeyd etdiyi kimi, hazırda Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Çinin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 7,9 faiz olub. Ancaq bu son hədd deyil. Yaxın gələcəkdə ticarət tərəfdaşlığının daha böyük rəqəmlərlə ifadə olunacağı gözlənilir.

Çünki Çin dünyanın bütün nöqtələrində iqtisadi-ticari əməkdaşlığına önəm verdiyi kimi, Qafqaz regionunda da reallaşdırılmayan böyük potensialın mövcudluğunu görür.
Qeyd edək ki, bu gün qardaş Özbəkistanın avtomobil və məişət cihazları sənayesinin yüksək templə inkişafı, artıq dünya bazarına çıxması məhz Çin investisiyalarının və texonolgiyalarının sayəsində başa gəlib. Azərbaycan da həmin imkanlardan bəhrələnməlidir.

Dövlət başçısı İlham Əliyev “Sinxua” agentliyinə müsahibəsində qeyd edib ki, Azərbaycanın ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir və ikitərəfli ticari münasibətlərimizin inkişafına sanballı töhfə verir.

Eyni zamanda ölkəmizdə Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i aktiv fəaliyyət göstərir. “Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır”, - Prezident İlham Əliyev bildirib.

Çinlə iqtisadi əlaqələrdən danışarkən, “Kəmər və yol” layihəsindn yan ötmək mümkün deyil. Azərbaycan bu layihənin reallaşmasına Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. Çin bu nəqliyyat dəhlizinin başa gəlməsində maraqlıdır və bu, ona, eləcə də o yoldan istifadə edəcək digər ölkələrə beynəlxalq ticarət üçün yeni imkanlar yaradır.

Prezident müsahibəsində bildirib ki, “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlıq genişləndirilir. “Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir”.

Daha bir məsələ Çin və Azərbaycanın biznes mühitinin inkişafına töhfə verəcək insanların (onların sayı minlərlə olacaq) ünsiyyət vasitəsidir. Hazırda onlar bir-birilə ingiliscə danışırlar. Hələ ötən il Azərbaycanda rus və ingilis dillərindən hansının daha faydalı olması barədə ənənəvi polemika növbəti dəfə qızışanda jurnalist həmkarlarımızdan biri yarızarafat-yarıciddi şəkildə demişdi: “Nə o biri, nə də bu biri. Çin dilini öyrənmək lazımdır, gələcəkdə bu region Çin dilində danışmalı olacaq”.

“Sinxua”ya müsahibəsində Azərbaycan Prezidenti də bu məsələyə toxunub və deyib ki, dillərin öyrənilməsi və tədrisi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilir. “Azərbaycan və Çinin ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı əldə edən ölkələrimizin vətəndaşlarının sayı ildən-ilə durmadan artır. Konfutsi İnstitutunun tərəfdaşları olan Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dili tədris olunur”, - dövlət başçısı deyib.

Bu çox mühümdür. Eyni zamanda son illərdə Çində də Azərbaycan dilinin öyrənilməsi mərkəzləri fəaliyyətə başlayıb, müvafiq kafedra yaradılıb.

Bir sözlə, ölkəmizin gələcək inkişafı, əhalimizin rifahı və təhlükəsizliyi üçün biz çoxtərəfli siyasi-iqtisadi əlaqələr qurmalı, fayda vəd edən güc mərkəzləri ilə anlaşmalı, əməkdaşlıq etməliyik.

Məşhur ifadə (müəllifliyi mübahisəlidir) ilə desək, elm Çində də olsa, onun dalınca getmək lazımdır. Sadəcə, “elm” sözünə “tərəqqi”, “rifah”, “mənfəət” kəlmələrini də əlavə etmək gərəkdir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR