İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın “bacısı”nın cəhdi uğursuz olacaq- “Azərbaycanın tezliklə...”

Hazırda Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) indiyə qədərki ən böyük sammiti keçirilir. Tədbirdə 20-dən çox ölkənin, o cümlədən təşkilatın 10 üzvü, 2 müşahidəçisi, 14 dialoq ortağı olan ölkələrin rəhbərləri iştirak edir.

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmasını dəstəklədiyini bəyan edib. Onun bu açıqlamasının ardından Azərbaycanın ŞƏT-ə üzvlük məsələsi bir anda müzakirə mövzusuna çevrilib. Eyni zamanda, Ermənistanın “bacıları” sırasında yer alan ölkələrdən biri olan Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb.

Məsələ ilə bağlı Musavat.com-a açıqlama verən beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə bildirdi ki, Azərbaycan 2016-cı ildən bəri ŞƏT-də dialoq ortaqlığına malikdir: “Bu gün qəbul edilən qərarla üzv və dialoq ortaqlarına vahid status - “ŞƏT-in tərəfdaşı” adı verildi. Beləliklə, Azərbaycan Çinlə 2024-cü ilin 3 iyulunda strateji tərəfdaş olduğu kimi, Çinin rəhbərlik etdiyi təşkilatda da bundan sonra tərəfdaş adlandırılacaq. Lakin üzvlükdən danışmaq hələ tezdir. Bu, siyasi reorientasiya sayıldığı üçün hazırda siyasi gündəmimizdə yer almır. Belə ki, cənab Prezident 8 avqust Vaşinqton zirvəsindən sonra 31 avqust ŞƏT zirvəsində iştirakı ilə, hər iki qlobal güc tərəfindən dost və tərəfdaş olaraq adlandırılmaqla dünyaya balanslı siyasət ustası kimi dərs keçə bilər.

Belə bir halda, ABŞ və Çinin, o cümlədən NATO və ŞƏT-in bir-birinin qarşısında yer alan qütblər olduğunu nəzərə alaraq, Azərbaycan hər iki tərəflə əməkdaşlığa, o cümlədən qlobal uzlaşdırıcı tərəf olmağa üstünlük verir. Azərbaycan siyasətinin üstünlüyü də məhz bu cür, qlobal sülhə töhfə verən yanaşmalarından qaynaqlanır. Bu siyasət nəticə etibarilə qlobal Şərqlə Qərbi birləşdirir. Azərbaycanın qlobal nəqliyyat-logistika layihələrinin parçası olan Bakı-Tiflis-Qars layihəsini maliyyələşdirməsi, digər layihələrə meydan tanıması bu baxımdan hər iki tərəfin maraqlarına xidmət etməklə, həm logistik olaraq Qərbi, həm də strateji olaraq Azərbaycanı Çinə yaxınlaşdırır. Elə buna görə Azərbaycanın tezliklə ŞƏT-ə üzv ola biləcəyini Qazaxıstan prezidenti ötən sammitdə səsləndirmişdi. Lakin qeyd olunan məqamlar nəzərə alınaraq Hindistanın Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklaması bu baxımdan milli maraqlarımıza təhdid təşkil etmir. Azərbaycanın təşviq və yatırım etdiyi qlobal layihələr ölkəmizin təşkilatda “üzv” statusunun olub-olmamasından asılı olmayaraq qlobal geosiyasət xəritəsini dəyişdirməyə qadirdir”.



Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR