Onlayn ictimai-siyasi qəzet
“Avropa İttifaqı Ermənistandakı müşahidə missiyasını mandatına uyğun şəkildə davam etdirəcək və hazırda hər hansı dəyişiklik üçün zərurət yoxdur”.
Musavat.com xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı səfiri Vasilis Maragos “Azadlıq” radiosuna açıqlamasında bildirib.
O, Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasından sonra qüvvələrin sərhəddən çıxarılması məsələsinin gündəmə gəlib-gəlmədiyi barədə suala cavab verib.
Səfir bildirib:
“Əgər hansısa dəyişikliklərə ehtiyac yaranarsa, bunu üzv dövlətlərlə və əlbəttə ki, Ermənistan hakimiyyəti ilə müzakirə edəcəyik. Amma hazırkı mərhələdə erməni ictimaiyyətini əmin etmək istəyirəm ki, missiya mandatına uyğun olaraq fəaliyyətini davam etdirəcək”.
Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra hansısa müzakirələrin aparılıb-aparılmaması ilə bağlı suala Maragos belə cavab verib:
“Aİ missiyası Ermənistanda məhz Ermənistan hakimiyyətinin müraciəti ilə yerləşdirilib və ehtiyac olduğu müddətdə burada qalacaq. Bu, sülh və nizamlama alətidir. Biz isə onu tam dəstəkləyirik”.
Xatırladaq ki, sülh sazişi mətni razılaşdırıldıqdan beş ay sonra – avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan sənədi paraflayıblar. Sazişə görə, tərəflər sərhəd boyunca üçüncü tərəflərin hər hansı qüvvəsini yerləşdirməkdən çəkinməyi öhdələrinə götürüblər.
Aİ-nin silahsız müşahidəçiləri Ermənistana 20 fevral 2023-cü ildə göndərilib. Bu ilin yanvarında isə Avropa müşahidəçilərinin Ermənistanın sərhəd bölgələrindəki mövcudluğunun daha iki il – 19 fevral 2027-ci ilədək uzadılması barədə qərar qəbul olunub.
Musavat.com
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ