İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni spiker Bakı haqda elə söz dedi ki... – Simonyanın arzusu çin olacaqmı?

Bakı və İrəvanın sülh müqaviləsi imzalaması və ratifikasiya etməsi ilə bölgəyə daimi sülhün gələcəyi, müharibə riskinin xeyli azalacağı artıq şübhə doğurmur. Yetər ki, buna Ermənistan rəhbərliyinin siyasi iradəsi çatsın.

Doğrudur, bir neçə ay qabaq sülh sənədi mətninin razılaşdırılması, - həm də vasitəçi olmadan razılaşdırılması, - kifayət qədər ciddi və tarixi uğurdur. Lakin prosesin məntiqi sonluğa çatması üçün yetərli deyil, Azərbaycanın sonuncu iki legitim tələbi də həyata keçməlidir...

“İki ölkə arasında sülh sazişi imzalandıqdan sonra azərbaycanlılar Ermənistanda, ermənilər də Azərbaycanda yaşaya bilərlər”.

Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün yerli jurnalistlərə açıqlamasında deyib (Teleqraf).

“Sülh sazişi imzalandıqdan sonra ermənilər Bakıda yaşaya, digərləri (azərbaycanlılar) də Ermənistanda vaxtilə yaşadıqları kəndlərə qayıda bilərlər. Ermənilər indi Gürcüstanda necə yaşayır? Sülh sənədi imzalanandan sonra Ermənistan və Azərbaycan sakinləri ticarətə, bir-biri ilə ünsiyyətə və hər cür əməkdaşlıq etməyə başlayacaqlar”, - spiker bildirib.

Ermənistan parlamentinin sədri ermənilərin Qarabağa qayıdışının sülh sazişindən sonra mümkün olacağını da bildirib. Onun fikrincə, cəmiyyətləri sülhə hazırlamaq lazımdır. O, Fransa və Böyük Britaniyanı misal çəkərək, bu Avropa ölkələrinin əsrlər boyu müharibə şəraitində olduğunu, sonda barışdıqlarını qeyd edib...

Qulağa yatan sözlərdir. Xüsusən də azərbaycanlılarla ermənilərin müvafiq surətdə Ermənistana və Azərbaycana qayıdışı məsələsinin paritet şəkildə qoyulması ilk baxışda normadır və etiraz doğura bilməz. Lap hər iki icmaya eyni, simmetrik status verilsin.

Yeri gəlmişkən, rəsmi Bakı dinc erməni sakinlərin Qarabağa qayıdışını mümkün sayır. Şərtlər bəlli. Yəni onlar Azərbaycanda yaşayan digər etnik-milli azlıqlarla müqayisədə hər hansı imtiyaza malik olmayacaq. Ki, gələcəkdə təzədən dövlətimizin ayağının altını qazımağa başlasınlar. Qısası, ya reinteqrasiya, ya da geri dönüş istisnadır...

Daha bir əmma: bu da odur ki, iki ölkə və ya xalq arasında barışıq müstəsna olaraq İrəvandan asılıdır. Bakının atmalı olduğu hər hansı addım yoxdur, qalmayıb. “Top” çoxdan o tərəfdə. Alen Simonyanın arzusunun çin olması üçün sülh müqaviləsi tezləşməlidir. Əfsus ki, bunu müşahidə etmirik.

Hətta qarşı tərəf çoxdan gorbagor olmuş ATƏT-in Minsk Qrupunun yuridik ləğvini heç bir əsas olmadan sülh müqaviləsinin imzalanmasına bağlayır. Bu da azmış kimi, İrəvanda separatçıların qondarma “parlament spikeri”, “prezident” seçkiləri keçirib Azərbaycana qarşı vaxtaşırı meydan oxumasına şərait yaradır. Ermənistanın altdan-altdan hücum silahları alması da öz yerində...

O zaman barışıq haqda boğazdan yuxarı bəyanatları necə səmimi qəbul etmək olar? Deməli, “torbada pişik” var.

Azərbaycan isə dəfələrlə deyildiyi kimi, Nikol Paşinyan iqtidarı ilə deyil, erməni xalqı ilə sülh anlaşması imzalamaq istəyir. Hansı ki, bütün zamanlar və hakimiyyətlər üçün keçərli olsun, konstitusion qüvvəyə malik olsun. Bundan ötrü Simonyanın etiraf elədiyi kimi, cəmiyyətləri sülhə hazırlamaq lazımdır. Azərbaycan xalqı çoxdan sülhə hazırdır. Bəs ermənilər?

Hazır deyil. Əks halda Paşinyan hələ ötən il referendum keçirib Azərbaycana və Türkiyəyə qarşı əsassız torpaq iddiaları ilə bağlı müddəaları konstitusiyadan çıxarardı. Hərgah tarix boyu öz xalqlarının taleyində böyük rol oynamış liderlər olub. Yəni xalqlar öz-özünə sülhə hazır olmur. Onu buna inandıracaq rəhbərlər ortaya çıxmalı. Paşinyan bunu bacaracaqmı?

Bu suala da qəti cavab veriləcək. Bir şey qalmayıb...

Analitik xidmət,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR