İnsanlara hürriyət, millətlərə istiqlal!

Ənvər Həsənov: “Saqqallılara görə evdə otururam, çölə-bayıra çıxmıram”

“Azərbaycan kinosu ilə bağlı ümidim yalnız iki şəxsədir”

Ötən həftə görkəmli kinoaktyor, rejissor, Xalq artisti, Prezident təqaüdçüsü Ənvər Həsənov da doğum gününü, 73 yaşını qeyd etdi. Xatırladaq ki, Ənvər Həsənov 1965-ci ildən taleyini “Azərbaycanfilm” kinostudiyasına bağlayıb. Burada lentə alınan “Dəli Kür”, “Uşaqlığın son gecəsi”, “Yeddi oğul istərəm”, “Bizim küçənin oğlanları”, “Dərviş Parisi partladır”, “Babək”, “Arxadan vurulan zərbə” və ümumilikdə 50-dən artıq filmdə bir-birindən maraqlı obrazlar yaradıb.

Maraqlı oyun üslubu ilə tamaşaçıların rəğbətini qazanan aktyor eyni zamanda 20-dən çox filmdə ikinci rejissor kimi fəaliyyət göstərib. Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Sənətçi 2000-ci ildə “Əməkdar artist”, 2018-ci ildə “Xalq artisti” adlarına, 2023-cü ildə isə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

“Yeni Müsavat”ın əməkdaşı Xalq artisti ilə söhbətləşib, bu və digər məsələlər ilə bağlı açıqlamalarını alıb. Həmin müsahibəni təqdim edirik:

- Ənvər bəy, isti yay mövsümünü necə keçirirsiniz? Əhvalınız, sağlamlığınız necədir?

 - Vəziyyətim, halım heç deyiləsi deyil. Ömür boyu ayaq üstə, fəaliyyətdə olan, işləyən adam indi gəlib evdə oturub. Xəstəliklər bir tərəfdən, havaların tez-tez dəyişməsi, maqnit qasırğasının olması digər tərəfdən məni tamam haldan salıb. Ağrımayan yerim yoxdur. Beləliklə, oturmuşam evdə, televizora baxıram, qarşımda krossvodlar, vəssalam...

- Bəs bu yay mövsümü istirahətə gedə bilmədiniz?

- Xəstəxanadan sonra mən insult keçirdim, ona görə də maşın sürə bilmirəm. Həmçinin bəzən “sudorqa”lar tutur, yəni mənə çətindir. Bir dəfə dostlarım gəlib məni bir həftəlik Nabrana apardılar. Amma uşaqları tək qoya bilmədiyim üçün tez qayıtdım. İndi oturub fikirləşirəm ki, bəlkə tək özüm Gəncəyə gedim, bir həftəlik istirahət edim.

- Niyə məhz Gəncə?

- Orada dostlarım var, istəyirəm gedib onları yada salım.  Amma bu barədə dəqiq heç nə bilmirəm. Bütün sümüklərim ağrıyır, hamısı da hərəkətsizlikdən, istilikdən.

- Bir neçə gün öncə 73 yaşınız oldu. Necə keçirtdiniz, dostlarınız gəldimi?

- Doğrusu, dostlarıma doğum günüm olacağı barədə heç nə deməmişdim. Çünki son günlərim çox ağır keçmişdi. Bir neçə dostum, həmçinin Elxan Qasımov rəhmətə getdi. Bütün bunlar deyiləsi deyil. Yəni heç kəsə demədim ki, ad günüm olacaq. Buna baxmayaraq, 6-7 maşın adam evimə gəldi, məni təbrik etdi. Hətta gecə saat 11-də gələn də var idi.

- Yəqin ki, televizorda çəkildiyiniz filmləri görəndə o günlər, həmin çəkilişlər üçün darıxırsınız.

- Əlbəttə, darıxıram. Baxa-baxa da “Allah rəhmət eləsin” sözü dilimdən düşmür, çünki o cür gözəl sənətkarları itirdik. Doğrudur, bu, həyatın qanunudur, insanlar doğulurlar, sonra dünyasını dəyişirlər... Amma bir tərəfdən sevinirəm ki, yaxşı ki, zamanında bu filmlər çəkilib, o filmlər ki, ədəb-ərkan, adət-ənənə, hörmət-izzət məktəbidir. Gənc nəsil o filmlərə baxa-baxa hörmət-izzət qabiliyyəti götürüb, öyrəniblər. Amma, çox təəssüf ki, indiki nəsil daha çox kompüterə qurşanıb, bütün işlərini onun arxasında görür. Mənim də övladlarım da o cümlədən, hərəsi öz otaqlarında oturub kompüterlə işlərini görürlər.

“Özümə görə heç vaxt heç kəsə ağız açmamışam”

Mən 59 il Azərbaycan filmində çalışmışam, 70 filmdə iştirak etmişəm. Hansı filmə baxırsan mənim adım var. Nə yaxşı da ki, varam. İndi isə heç nə yoxdur, hara baxırsan saqqallılardır. Məni bir neçə  dəfə filmə, seriala dəvət edəndə dedim ki, məni bağışlayın, mən o saqqallılarla işləyə bilmərəm. Onlar “taliban”, vəhhabidirlər, ya necə, başa düşə bilmirəm. Həmin saqqallılara baxanda düşünürəm ki, onların əqidələri başqa cürdür, bizim kimi deyillər. Ona görə də evdə oturmuşam, çölə-bayıra da çıxmıram.

- Sosial şəbəkələri də izləyə bilirsinizmi?

- 2007-ci ildə çox ağır qəza keçirtmişdim, başım partlamışdı. Həmin vaxt damarımın birini düzgün tikməyiblər deyə, o vaxtdan mən yuxu nədir bilmirəm, daim başımda ağrılar, qulağımda səslər var. Bu ağrılar məni öldürür. Ona görə internetə yaxın gedə bilmirəm. İstifadə etdiyim telefon da köhnə model telefondur, sadəcə, zəng gəlib-gedir. Bununla belə onun özü belə mənə mənfi təsir edir. Təzə nəsə xəbər olanda mənə  zəng edib deyirlər.

- Bu sualı niyə verdim, “Babək”, “Dədə Qorqud” filmlərində tərəf müqabiliniz olan Rasim Balayev  bu günlərdə sosial şəbəkələrdə tənqid atəşinə tuş gəldi. Gah aldığı “İstiqlal” ordeninə, gah da müxtəlif mətbuat orqanlarına verdiyi açıqlamalara görə “yıxıb-sürüdülər”. Bu məsələdən xəbəriniz varmı?

- Bəli. Xəbərim var, zəng edib deyirlər. Əlbəttə ki, sənətkarlara qarşı bu cür mövqe adamı incidir. Mən də bu sənətin nümayəndəsiyəm.  Rasim Balayevlə bağlı məsələyə nə deyim ki... O, kinoya 1973-cü ildə “Nəsimi” filmi ilə gəlib. Mən isə artıq 1965-ci ildən “Azərbaycanfilm”də işləyirdim. Rasim Balayev kinoya gələnə qədər mənim 7-8 filmim var idi, o cümlədən “İstintaq davam edir”, “Torpaq. Dəniz. Od. Səma”,  “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi, ”Dəli kür", “Yeddi oğul istərəm”, “Bizim küçənin oğlanları”.

Ondan sonra isə əsgərliyə getdim. Əsgərlikdən qayıtdıqdan sonra Rasim Balayevlə “Babək” filmində görüşdüm. Ona at sürməyi, rus bölümünü öyrədən mən olmuşam. Yəni bunu bir dost, sirdaş, sənət insanı kimi etmişdim. Amma, sözün düzü, biz çox az bir yerdə oturmuşuq. “Dədə Qorqud”,  “Babək”, “Arxadan vurulan zərbə” filmindən sonra ünsiyyətimiz az olub, arada yalnız “salaməleyküm” olub. İndi bu olanlar haqda nə deyə bilərəm ki...

1981-ci ildə Türkan Şorayın əri Süleyman bəy məni Türkiyəyə işləməyə dəvət etmişdi. Dedim ki, yox e, mən Azərbaycandan kənarda qala bilmərəm. O zaman da kommunal evdə, 7 qonşu ilə birgə  yaşayırdım. Allah İlham Əliyevə cansağlığı versin ki, 69 yaşımda mənə “Xalq artisti” adı, 70 yaşımda ev, bu il isə Prezident təqaüdü verdi. Bu özü  çox böyük dəyərdir. Doğrudur, əslində mən bunları həddindən artıq gec aldım, bəlkə də 30 il əvvəl almalı idim. Sadəcə, özümə görə heç vaxt heç kəsə ağız açmamışam. Prezident sağ olsun ki, ömrümün sonlarına yaxın məni mükafatlandırdı.

- Ən çox hansı obrazınız  üçün darıxırsınız, sizə daha çox əzizidir?

 - Allah Adil İskəndərova rəhmət eləsin, mən onun tələbəsi olmuşam. Sevinirəm ki, öz müəllimlə 3 filmdə tərəf müqabili olmuşam. Əvvəlcə 4 il kinoaktyor studiyasında tələbəsi olmuşam, daha sonra isə İncəsənət Universitetinə daxil olub onun sinfinə düşmüşdüm. Məni görəndə dedi ki, “diplomunu dünən almısan, bu qədər filmin var, beynəlxalq kino festivalından Azərbaycana birinci kişi mükafatını sən gətirmisən”, hələ üstəlik, indi də universitetə təhsil almağa gəlmisən? Dedim ki, neyləyim, evdə dedilər ki, mütləq universitet diplomun olmalıdır. Güldü, dedi ki, “yaxşı, gəl otur”.

Adil İskəndərov biz tələbələrə deyirdi ki, olar bilər ki, sizin kinoda rolunuz epizodik, ya ikinci dərəcəli, ya da əsas rol ola bilər, siz heç vaxt onların arasında fərq qoymamalısınız, çünki siz onları qəlbinizdən, daxilinizdən keçirib oynayırsınız. Mən də Adil İskəndərovun bu tövsiyəsini əsas götürdüm. Məni indi Murad, Cəlal, Sirac, Şahbaz bəy kimi çağırırlar, amma mən bu obrazlarımın arasında heç bir fərq qoymamışam, hər biri mənim üçün çox əziz, doğmadır.

- Ənvər müəllim, bilirsiniz, artıq iki kino ittifaqı birləşir, bir kino qurumu yaranır...

- Mənim eşitdiyimə görə, sentyabr ayında yığıncaq olacaq, iki ittifaq dağılacaq, bir kino birliyi yaranacaq. Mənim fikrimi bilmək istəsəniz, həmin birliyə rəhbərlik edə biləcək yeganə istəkli, qabiliyyətli adam Cəmil Quliyevdir. Çünki Cəmil Quliyev həm ssenaristdir, həm Dövlət Film Fondunun direktoru, həm də aktyordur. Bu gün ondan başqa kinoya ürəyi yanan adam heç kimi görmürəm. Doğrudur, Rasim Balayev də yaxşıdır. Amma o da artıq yaşlıdır, gəzə, dura bilmir. Şəfiqə Məmmədova da ki, Allah göstərməsin, Azərbaycan kinosunu mələtdi, ağlatdı. On görə də quruma rəhbər kimi yeganə Cəmil Quliyevi görürəm.  Özüm də çalışacam ki, həmin tədbirdə iştirak edim.

- Sizcə, bundan sonra milli kinomuz ayağa qalxa biləcəkmi?

- Sözün düzü, Mədəniyyət Nazirliyinə yeni rəhbər təyin olunan Adil Kərimliyə çox ümidliyəm. Mən şəxsən onunla iki dəfə danışmışam. Özü mənə zəng edib hal-əhvalımı tutub, daha sonra Kino Forumuna dəvət edib. Tədbirrdə də çıxışlarını dinlədim,  sənətə, mədəniyyətə dəyər, qiymət verən, sevən, məhəbbət bəsləyən  adamdır. Hələ ki, sağam, ona dəstək olmağa hazıram. Azərbaycan kinosunun gələcəyi ilə bağlı ümidlərim nazir Adil Kərimli və Cəmil Quliyevədir. Allah onların işlərini avand etsin.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR