İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Kərimlinin Gürcüstan və Ukraynada çap etdirdiyi məqalələr: siyasi korluğun təzahürü - deputatın yazısı

Əli Kərimli tanıdığı və öz düşüncəsində olan tanışları vasitəsilə Ukrayna və Gürcüstandakı bir neçə sayta yazı göndərib.

Yəni pulunu verib, çap etdirib desək daha doğru olar. Özü kimi düşünənlər fəsiləsindən olan insanlara da bu “qəhrəmanlığını” göstərmək üçün səhifəsində qürurla paylaşımlar edir. Ukrayna və Gürcüstan xalqlarının azadlığından danışır. Təsəvvür edin ki, insan nə qədər xəbisliyin çirkabına batmalıdır ki, belə gülünc və havaya üfürəcək sözlər danışa…

Ukrayna və Gürcüstanın azadlığının qeydinə qalan bu “siyasətbaz”a biri izah etsə yaxşı olardı ki, Ukrayna xalqı bir kənara, Ukraynanın dövlət olaraq gələcəyi sual altındadır. Xalqın yarısı dünyanın müxtəlif ölkələrinə səpələnib və qaçqın həyatı yaşayır. Ölkəsində vətəndaş adlanan böyük bir kütlə köç edib, vətənsiz qalıb. Hipotetik düşünsək ki, Ukraynanın vəziyyəti düzəlir və ölkədən köç edənlər geri qayıdır. Artıq hamı bilir ki, gedənlərin yarısı getdiyi ölkələrdə qalacaq. Yəni onların geri qayıtmaq ehtimalı demək olar ki, yoxdur. Gürcüstandakı vəziyyət isə müstəqillik və milli siyasət davasıdır. Sanki bu ölkə uzun illər Qərbdən gələn direktivlərlə idarə olunurdu. Qonşumuz son vaxtlar ümumiyyətlə özünəməxsus deyildi. Bu ölkədə fəaliyyət göstərən 10 mindən çox QHT-nin demək olar hamısı kənardan maliyyələşir, Gürcüstandan başqa hər yerə xidmət edirdilər. İndi isə xalq özünə qayıtmaq, dövlətin milli maraqlarını qorumaq istəyir və nəticədə müstəqil siyasət yeritmək məqsədi güdür. Ona görə də cəzalandırılır. Bir “siyasətçi”nin bu qədər kor olması siyasi bədbəxtlikdir. Bu qədər gözə kül üfürmək olmaz. Hər halda anlaşılandır ki, bu ölkələr hazırda ölüm-qalım mübarizəsi aparır. Hər bir insan normal, stabil dövlətdə yaşamaq, yaratmaq, ailəsini saxlamaq, ümumiyyətlə layiqli və ləyaqətli ömür sürmək istəyir. Bu onun fundamental hüququdur.

Qeyd etdiyimiz yerlər və dünyanın digər bölgələrində isə insanlar səbəbsiz yerə həyatını itirir. Nəyin mübarizəsidir, kimlərin mübarizəsidir bilinmir (ən azı sadə insanlar bilmir). Kimlərin oyununda oynayırlar bilinmir. Amma şəhərlər dağılır, insanlar ölür yaxud didərgin düşür. Hansısa digər böyük dövlətlərin öz aralarında olan mübarizəsində günahsız insanlar təəssüflər olsun ki, sadəcə qurbanlardır. İnsan həyatından dəyərli heç nə yoxdur. Əli Kərimli isə ən azı ədalətsizliyi müdafiə edir. Hətta haqq qazandırır. Bu qədər rəzil duruma düşmək, belə bir məsələdə hansısa bir dividend axtarmaq və əksinə bu vəziyyətdə hər hansı bir xoşbəxtlikdən danışmaq sadəcə olaraq psixi durumun yerində olmaması deməkdir. Çünki misal çəkdiyi dövlətlər və “məqalə nəşr etdirdim” dediyi ölkədə artıq çox ciddi problemlər var və o problemlərin həll olunması, əsasən də Ukrayna timsalında həll olunması böyük bir sual altındadır.

Biz isə bu gün uğurlarımıza, qazandıqlarımıza baxaq. Əlikimilərin yuxularına girməyən reallıqlar mövcuddur. Sənin yuxuna girərdimi ki, Ermənistanın Stepanakert dediyi Xankəndidə bu gün Azərbaycan tələbələri təhsil alır, sizin satqınlıqla verdiyiniz Şuşada həmvətənlərimiz yaşayır, dünya səviyyəli tədbirlər keçirilir. İşğaldan azad etdiyimiz kəndlər və şəhərlər dünyada tayı-bərabəri görünməyən sürətlə yenidən qurulur, tikilir, hətta insanlar mərhələli şəkildə öz yurdlarına qayıdır. Bu gün biz təkcə Ermənistanın yox, dünya erməniliyinin bel sütununu sındırmışıq və qalib sərkərdəmizin ətrafında yumruq kimi birləşən xalq olaraq dünyanın bütün yerlərində alnı açıq, başı uca gəzirik. Qlobal oyunçular içərisində ölkə başçımızın öz yeri və sözünün kəsəri var.

Özünü azərbaycanlı sayan insan bunlardan qürur duymalıdır. İndi güclü olmaq bizim növbəmizdir və bunu davamlı, dayanıqlı etmək 50 milyonluq azərbaycanlının borcudur. Bundan böyük sərvət, qazanc, var-dövlət ola bilərmi? Görün, biz nə qədər varlıyıq? Əgər bədənin üstündə olan başınla yox, mədənlə düşünürsənsə, gəl iqtisadi göstəricilərə də baxaq. Bu gün dünyada, qonşu ölkələrdə iqtisadiyyata, insanların durumuna, güzəranına baxaq. Bu cəhətdən də biz inkişafda olan ölkələrdən biriyik. Halbuki dünya iqtisadiyyatında böyük bir tənəzzül var. Ona görə də bu “pullu yazılar” sadəcə olaraq görməzdən gəlmək deyil, göz görə-görə nankor olmağın nəticəsidir. Nankorluq isə heç vaxt dəbdə olmayıb.

Anlayıram ki, uduzduğunu bilib, onu etiraf etmək çox çətindir. O da güclülərin xarakteridir. Bunları bacarmırsınızsa, heç olmasa susun. Həqiqi, real müxalifətçilik ağa qara demək və hər şeyi tənqid etmək deyil. Ölkəmizdə ictimai-siyasi durum və siyasi partiyaların palitrası kifayət qədər zəngindir. Siyasi partiyalarla bağlı işlər yeni çağırışlara və müasir inkişaf metodlarına uyğunlaşdırılıb. Prezident Administrasiyasındakı müvafiq şöbə bu məsələdə saat kimi işləyir. Fəaliyyət göstərən bütün siyasi partiyalara bərabər şərait yaradılıb və onlar normal fəaliyyət göstərirlər.

Dövlətin güclü olması yalnız güclü iqtidarla bağlı deyil, Əli Kərimli. Ölkənin gücü onun iqtidarının, müxalifətinin, vətəndaş cəmiyyətinin birliyindən, ümumiyyətlə vətəndaş həmrəyliyindən asılıdır. Yaşınız keçir, ömür o qədər də uzun deyil. Vaxt isə azdır. Heç olmasa ahıl yaşlarınıza yaxın, özünüzdə güc tapıb obyektiv olmağa çalışın. Əgər bacarırsınızsa…

İSKENDER.jpg (104 KB)

Vüqar İskəndərov
Milli Məclisin deputatı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR