Onlayn ictimai-siyasi qəzet
“VII çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edib”.
Musavat.com xəbər verir ki, bunu Haqq Ədalət Partiyasının sədri Əli İnsanov feysbuk hesabında yazıb.
“Azərbaycanda dövlət qeydiyyatında olan 26 siyasi partiyadan 25-i namizədlərini irəli sürüb və onlar qeydə alınıb. Seçki prosesinin təşkili ilə bağlı seçki qanunvericiliyinə uyğun olaraq namizədlər üçün bütün imkanlar təmin edilib.
Seçkilərdə iştirak etmək istəyən şəxslər üçün bütün imkanlar yaradılıb, toplanmış imzaların yoxlanması, namizədlərin qeydə alınması qanunvericiliyə uyğun və qərəzsiz şəkildə aparılıb.
Namizədlərin təbliğat-təşviqat işləri aparması üçün açıq və qapalı məkanlar ayrılıb, məhəllədaxili və evlərdə görüşlərin keçirilməsinə maneələr olmayıb. MSK əhalinin seçkilərə gəlməsini təşviq etmək üçün bütün mümkün vasitələrdən istifadə edib, vətəndaşların seçkiyə gəlməsi təmin olunub. Namizədlərin təbliğat işləri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə davam edib.
Səsvermə günü hər bir seçki məntəqəsində onlarla yerli və beynəlxalq müşahidəçi seçkini izləyib. Siyasi partiyaların 70.000-dən çox müşahidəçisi və məşvərətçisi seçkiləri birbaşa məntəqə və dairələrdə canlı izləyib. 600-dən çox beynəlxalq müşahidəçinin böyük əksəriyyəti seçkilərin demokratik və şəffaf keçirildiyini bildirib. Səsvermə məntəqələrində hər kəsin gizli səsverməsi üçün imkanlar yaradılıb.
Seçki dairələrin mütləq əksəriyyətində ekzitpolların nəticələri seçkinin ilkin nəticələri ilə eyniyyət təşkil edib. Təbliğat-təşviqat işlərində aktivliyi ilə seçilən namizədlərin əksəriyyəti ilkin nəticələrə əsasən rəqiblərini üstələyib.
2024-cü il parlament seçkiləri təhlükəsiz, demokratik və azad rəqabət mühitində keçirilib. Mandat qazanmış siyasi partiyaların nümayəndələrini təbrik etmək və deputat fəaliyyətlərində uğurlar arzu etmək tövsiyə olunur.
Haqq Ədalət Partiyasının bütün üzvləri adından mandat qazanmış siyasi partiyaların nümayəndələrini təbrik edir və deputat fəaliyyətlərində böyük uğurlar arzulayırıq”.
Şahanə Rəhimli
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ