Onlayn ictimai-siyasi qəzet
Bakıda Beynəlxalq Türkiyə Məzunlarının Azərbaycan Toplantısı keçirilib.
Musavat.com xəbər verir ki, ilk dəfə Azərbaycanda keçirilən proqramda Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) sədri Abdullah Ərən Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, KKTC Baş nazirinin müavini Fikri Ataoğlu, Türkiyə Kosmik Agentliyinin Prezidenti Serdar Hüseyn Yıldırım, Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, Azərbaycanın millət vəkilləri, Türkiyədə təhsil almış məzunlar iştirak edib.
Tədbirdə öncə Vətən uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.
Daha sonra YTB prezidenti Abdullah Ərən Türkiyənin həyata keçirdiyi “Böyük Tələbə Layihəsi”ndən danışıb, 1990-cı illərdən başlayaraq, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan kimi dost və qardaş ölkələrdən minlərlə tələbənin Türkiyədə təqaüd alma imkanının təmin edilməsindən bəhs edib.
Abdullah Ərən bu gün Azərbaycanın siyasətində, iş dünyasında, akademik sahədə çox sayda türk məzunlarının olduğunu bildirib və onlarla fəxr etdiklərini vurğulayıb.
"Türkiyədə 16 min təqaüdlü tələbə qəbul edirik. 2011-ci ildən bəri Türkiyədə dövlət təqaüdləri ilə 40 minə yaxın beynəlxalq tələbəni qəbul etmişik. Təbii ki, ən çox tələbə Azərbaycandan gəlib. Hazırda Türkiyədə 34 min azərbaycanlı tələbə təhsil alır. Bu günə qədər Azərbaycandan 100 mindən çox məzunumuz olub", - deyə A.Ərən qeyd edib.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bu tədbiri ilk dəfə Azərbaycanda təşkil etdiyinə görə Abdullah Ərəni təbrik edib:
"Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə təhsil alan gənclərin Türkiyə ilə təmaslarını davam etdirmələri üçün həm səfirliklərimizə, həm də YTB-yə tapşırıqlar verib. Bu gün Türkiyə dünyanın 5-ci ən böyük diplomatik missiya şəbəkəsinə malikdir".
Türkiyədə təhsil almış azərbaycanlı məzunların uğurlu karyeralarından qürur duyduqlarını vurğulayan Cahit Bağcı "bunu sarsılmaz bir qardaşlıq, dostluq körpüsü kimi görür və qiymətləndiririk" - deyə qeyd edib.
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev isə çıxışında deyib:
"Türkiyəli məzunlar Azərbaycanın bütün sahələrində mühüm rol oynayır və böyük töhfələr verirlər. Buna görə Türkiyə dövlətinə təşəkkür edirəm. Xaricdə təhsil almaq istəyənlərin əksəriyyəti Türkiyədə təhsil almağa üstünlük verir".
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, Beynəlxalq Türkiyə Məzunları Toplantısının Azərbaycanda keçirilməsi Türkiyənin Azərbaycana olan sevgisinin göstəricisidir.
Tədbirin sonunda “Akademik və elmi araşdırmalar”, “İqtisadiyyat və sahibkarlıq”, “Jurnalistika və media”, “Səhiyyə”, “Mədəniyyət və incəsənət” sahələrində uğur qazanmış azərbaycanlı məzunlara “Türkiyə Məzunları Ödülləri” təqdim olunub.
Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ