İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada ilk dəfə samuray rütbəsi alan pişik: O, niyə stansiya müdiri təyin edilmişdi?

Yaponlar dünyada həm etnik tərkibini, həm də adət-ənənələrini əsrlərdir qoruyan nadir xalqlardandır.

Onlar üçün vaxt çox qiymətlidir və onu həmişə düzgün idarə etməyə çalışırlar. Nizam-intizama, qayda-qanuna çox bağlıdırlar və bunu əsla pozmurlar.

Ölkənin əhalisi həm zamana, həm də ciblərinə qənaət üçün ictimai nəqliyyata, daha çox sürət qatarlarına üstünlük verirlər. Ölkəni hörümçək toru kimi əhatə edən dəmiryolu nəqliyyatı yapon xalqının gündəlik həyatının bir parçasına çevrilib.

2007-ci ildə Yaponiyanın “Vakayama” adlı dəmiryolu şirkəti müflis olmaq təhlükəsi ilə üzləşir. Şirkətin gəlirləri günbəgün azalmağa başlayır. Nəinki turistlər, artıq yerli əhali də “Vakayama”nın qatarlarına maraq göstərmir. Şirkətin yüzlərlə işçisi ixtisara düşür.

Şirkətin Kişiqava bölgəsindəki stansiyası isə demək olar ki, heç bir gəlir gətirmir. Yalnız zərərə işləyən stansiya ağır vəziyyətdə olan şirkəti müflis həddinə çatdırır.

Şirkət iflasdan yaxa qurtarmaq üçün ərazidə xidmət edən əməkdaşların hamısını işdən azad edir və bütün personal yerli əhalidən təşkil olunur. Lakin bu da şirkəti xilas etmir.

Bütün ümidlər tükəndikdən sonra şirkətin rəhbəri şəxsən həmin stansiyaya gəlir. Məqsəd şirkətin həmin stansiyanı bağlamaq qərarını bölgə əhalisinə elan etmək idi. Rəhbər stansiyaya yaxınlaşanda maraqlı bir mənzərənin şahidi olur. 3 rəngli bir pişik bütün əhali tərəfindən diqqət və qayğıya, sevgiyə qərq olmuşdu. Bu zaman uzaqgörən şirkət rəhbərinin beyninə çox parlaq bir ideya gəlir. Şirkətin o bölgədəki əməkdaşlarına Temu adlı pişiyi həmin stansiyaya rəhbər təyin etdiyini bildirir. Dərhal Temunun ölçülərinə uyğun uniforma hazırlanır. Uniformasını geyinən pişiyə bilet satılan kassada yer düzəldilir. Rəhbər Temu içməli su, qida ilə təmin olunur. Hətta şüşə arxasından sərnişinlərə nəzarət etməsi üçün şərait də yaradılır.

Bölgənin əhalisi şinto dininə etiqad edirdilər. Bu din də 3 rəngli pişikləri ilahiləşdirirdi və onların mistik gücə malik olmasına inandırırdı.

Temunun elə ilk müştəriləri də Kişiqava əhalisi olur. Getdikcə stansiyada dirçəlmə başlayır. Məhs bu 4 ayaqlı bələdçini görmək üçün əhali yolunu bu stansiyadan salır.

Sevimli pişiyin şəkilləri reklam afişalarında, kitabçalarda, elanlarda yer almağa başlayır.

Sərnişinlərin belə artımı ərazidə işsizlik problemini də həll edir. Artıq stansiyada xidmətçilərə, bilet satıcılarına, gəzintilər təşkil edən bələdçilərə, hədiyyə və aksessuar dükanlarında işçilərə tələbat yaranırdı.

Bir il sonra - 2008-ci ildə stansiyadakı qatara vaqon əlavə olundu. Buna görə dizayner işə götürüldü. Dizayner vaqonları Temunun şəkilləri ilə bəzəməli idi.

Vaqonlarin divarlarında stansiyanın sevimli rəhbərinin quyruğu ilə oynaması, pəncələrini yalaması, nahar etməsi təsvir olundu. Hətta qatarlardan birindən Temunun mırıltı səsləri gəlirdi. Bundan sonra pişiyin rütbəsi artırılaraq, samuraylıq verilir.

Samuray rütbəsindən sonra stansiya yenidən inşa olunur. Stansiyanın görünüşü pişik başı görünüşünə bənzədilir və gecələr pişiyin gözləri narıncı işıqla parlayır. Bundan sonra stansiyanın adı dəyişdirilərək, “Tamaden” olur. Şöhrəti sərhədləri aşan “samurayı” görmək üçün minlərlə turist bölgəyə səfər edir.

Tamaden şöbəsinin dirçəlişi bütün şirkətin xilasına gətirib çıxarır. Şirkət yerli valyuta ilə 1,1 milyard yen gəlir əldə edir.

“Vəzifə”də olduğu müddətdə şirkətinə yüksək gəlirlər bəxş edən vəfalı “samuray” 2015-ci ildə qocalıqdan ölür. Onun üçün xüsusi mərasim təşkil olunur. Mərasimdə minlərlə Temu sevənlər iştirak edirlər. Yaponiya tarixində ilk samuray rütbəsi alan pişiyin şəklinin önünə hörmət əlaməti olaraq ton balığı konservi, güllər, müxtəlif hədiyyələr düzülür. Tamaden şöbəsinin müdiri məraimdə çıxış edərək xidmətlərinə görə, şirkəti iflasdan xilas etdiyinə görə, bölgəyə minlərlə turist cəlb etdiyinə görə Temuya sonsuz minnətdarlığını bildirir. Qeyd edir ki, şirkət bununla kifayətlənməyib, onun əziz xatirəsi üçün məbəd inşa olunacaq.

Temudan sonra bu ənənə nəinki Tamaden stansiyasında, Yaponiyanın müxtəlif şirkətlərinin müxtəlif şöbələrində də davam etdirilir. Hazırda Tamaden stansiyasına Tama Druqa adlı pişik “rəhbərlik edir”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR