İnsanlara hürriyət, millətlərə istiqlal!

Dostunun boynuna kəndir keçirən... - o, nasist cəlladların da cəlladı olub

11 yaşlı Albert Pyerpoynt məktəbdə müəllim tərəfindən verilən inşa tapşırığında dəftərində “Məktəbi bitirəndə cəllad olacam” yazan zaman heç də zarafat etməyib. Albert ölüm hökmlərini icra edən atasının işini davam etdirmək niyyətində olub.

Onun əmisi Tomas da cəllad kimi xidmət edib. Albert atasının işini uğurla davam etdirərək, taleyin hökmü ilə XX əsrin ən məşhur cəlladlarından birinə çevrilib.

Albert Pyerpoynt 1905-ci ildə Yorkşirdə anadan olub. 1922-ci ildə atası gözlənilmədən dünyasını dəyişib və Albertə başqa şeylərlə yanaşı, cəlladın işinin incəliklərindən bəhs edən gündəlikləri və qeydlərini miras qoyub. Gənc Albert jurnalların məzmununa o qədər heyran olub ki, o, ilgək qurmaq və edam etmək texnikasını mənimsəyib.

c23f8235-85f1-4505-a315-e86d88a121b5.jpg (119 KB)

Bununla belə, o, iş tapmaqda çətinlik çəkib. Bundan əlavə, cəllad kimi rəsmi vəzifə də olmayıb. Bir qayda olaraq, edam yerli şerif və ya həbsxana gözətçilərindən biri tərəfindən həyata keçirilib. Psixoloji tipinə görə hökmün icraçısı əvvəlcədən seçilib.

1932-ci ildə o, nəhayət, Albert Mançester həbsxanasına cəllad köməkçisi vəzifəsinə işə götürülüb. Çox güman ki, Albertə bu işi tapmağa kömək edən əmisi Tomas olub. Elə 1932-ci ildə Albert və əmisi Tomas Dublinə ezamiyyətə gediblər.

Cəlladın sözlərinə görə, o, peşə seçimindən heç vaxt peşman olmayıb, məhkuma hörmət etməyi hər bir cəlladın borcu hesab edib: “İnsan nə etsə də, ölümə gedir və ona görə də ona nə rəğbət, nə də qəddarlıq göstərmək lazım deyil”. Pyerpoynt o dövrün bir çox cəlladları kimi həmişə elə hərəkət edib ki, edam prosesində məhkumlar əziyyət çəkməsin.

6a9772b4-8452-40be-b234-daf788ef71bb.jpg (346 KB)

Onun əlində çoxlu cinayətkarlar olub: adi qatillər, manyaklar və quldurlar. O, 1941-ci ildə məşhur qanqster Antonio Mançini, 1942-ci ildə isə qatil Qordon Kaminsi edam edib. Qeyd edək ki, Britaniya məhkəmələri tez-tez ölüm hökmü çıxarmayıblar, lakin 1945-ci ildən Pyerpoyntin işi xeyli artıb.

Ümumilikdə, Pyerpoynt karyerası ərzində 400-dən çox insanı edam edib, onların yarısı nasistlər olub. 1945-ci ildən etibarən o, mütəmadi olaraq Almaniya, Avstriya və Çexoslovakiyaya ezamiyyətlərdə olub, nasistlərə və satqınlara çıxarılmış ölüm hökmlərini icra edib. Məsələn, Albert “Lord Woof-Woof” ləqəbli ingilis təbliğatçısı Uilyam Coysun da boynuna kəndir keçirib.

İlk edam edilənlər arasında Bergen-Belzen konsentrasiya düşərgəsinin məhkum edilmiş mühafizəçiləri və komendantları da olub. Onların arasında “Auşvits kaftarı” adlandırılan İrma Qreze gülə-gülə nasist mahnılarını oxuya-oxuya dar ağacına tərəf gedib.

781672fd-f110-4fd8-a8f3-587ad7cc2055.jpg (79 KB)

Artıq Almaniyanın keçmiş SS zabitlərinin çoxu Alberti tanıyıb və onun məhkəmə zalına gəlməsi hökmün əvvəlcədən nə olacağını bəlli edib. Beləliklə, cəllad bütün dünyada məşhurlaşıb və yaxşı gəlir əldə edib. 1940-cı illərin sonunda o, Mançesterdə pivə barı açacaq qədər varlı olub. Lakin o, işindən əl çəkməyib və ölüm hökmlərini ardıcıl və metodik şəkildə icra etməkdə davam edib.

Beləliklə, 1952-ci ildə amansız qatil Con Kristi onun əlinə düşüb. Pyerpoynt bildirib ki, ölümə gedərkən məhkum burnunda kəskin qaşınmadan şikayətlənib və cəllad özü ona cavab verib: “Qorxma, bu çox çəkməyəcək”.

Haqsız yerə məhkum edilmiş Timoti Evansın isə edamı böyük ictimai rezonansa səbəb olub və xüsusilə Böyük Britaniyada ölüm hökmünün ləğvi məsələsini kəskin şəkildə gündəmə gətirib. Bununla belə, cəllad işdən çıxmaq niyyətində olmayıb.

8047e719-5c09-4fd4-b92c-8cd75c06f8b7.jpg (9 KB)

Albert yalnız bir dəfə peşə seçiminə peşman olub. Qəribədir ki, edamını gözləyən şəxs onun çox yaxşı tanıdığı Ceyms Korbit idi. O, tez-tez cəlladın barında qonaq olub və onunla dostluq edib. Bir axşam onlar mahnı oxuyub əyləniblər, bundan sonra qonaq kifayət qədər sərxoş halda evə gedib və cəmi bir neçə saat sonra faciə baş verib. Qətldə təqsirləndirilən Ceyms Korbit ölüm cəzasına məhkum edilib.

1956-cı ilin yanvarında Pyerpoyntun həbsxana rəhbərliyi ilə mübahisəsi düşüb. O, artıq edam üçün yer hazırlayıb, ipin uzunluğunu məhkumun boyu və çəkisi ilə mütənasib olaraq hesablayıb. Qəribədir ki, cəllad edamın icrası üçün əmri gözləyən gün məhkəmə ölüm hökmünü ləğv edib, bundan sonra cəllad maaşının tam ödənilməməsinə görə qəzəblənib.

8c8432b4-fe03-41d6-830c-751db0f53387.jpg (142 KB)

Bu, onun nəhayət, cəlladlıq peşəsini tərk edərək istefa verməsi ilə nəticələnib. Doqquz il sonra, 1965-ci ildə Böyük Britaniyada ölüm hökmü tamamilə ləğv edilib. Cəllad isə edamlardan yığdığı pulla açdığı pivə barını işlətməyə davam edib.

Bir müddət sonra Albert BBC-yə müsahibəsində deyib ki, ölüm hökmü ləğv edildikdən sonra Böyük Britaniyada cinayətkarlıq artıb və buna görə də ən təhlükəli cinayətkarları hətta nəzəri azadlığa çıxmaq şansından məhrum etmək üçün ölüm hökmünü geri qaytarmaq lazımdır.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR