Onlayn ictimai-siyasi qəzet
1976-cı ilin mart ayının 24-də Argentinada hərbi çevriliş baş verib: ordu prezident İzabel Peronu devirib və diktatura qurub. Səbəb solçu Peronist inkişaf modelinin yaratdığı dərin iqtisadi böhran olub. Hakimiyyətə gələn general Xorxe Videla peronizmin dağıldığını və nizamın bərpa olunduğunu elan edib.
İqtisadiyyatı sabitləşdirmək üçün xunta Kembric məzunu və ABŞ-la sıx əlaqələri olan azad bazar mütəxəssisi Xose Alfredo Martínez de Hozu maliyyə naziri təyin edib. Onun neoliberal “Çikaqo oğlanları”nın da daxil olduğu komandası deregulyasiya, özəlləşdirmə, dövlət xərclərinin azaldılması və xarici investisiyaların arxasınca gedib.
Paralel olaraq, rejim kütləvi repressiyalara başlayıb: minlərlə müxalifətçi həbs edilib, öldürülüb və ya yoxa çıxıb. Terrora baxmayaraq, xunta iqtisadiyyatı gücləndirmək və rejimə legitimlik vermək üçün Dünya Bankından dəstək istəyib.
1976-cı ilin avqustunda Beynəlxalq Valyuta Fondu Argentinaya 300 milyon dollar kredit verib. Sentyabrda Dünya Bankı 115 milyon dollar krediti təsdiqləyib. 1976-cı ilin oktyabrında ölkə ABŞ və Avropadakı özəl banklardan təqribən 800 milyon dollar alıb.
1977-ci ilin martında, Ağ Evdə artan narahatlıqlara baxmayaraq, Dünya Bankı ikinci krediti verib - 105 milyon, iyunda isə daha 100 milyon dollar.
Maliyyə vəsaiti əldə etmək üçün ordu bir neçə strategiyadan istifadə edib. Əvvəlcə onlar repressiyaları Qərb elitalarında rəğbət doğuran “solçulara” qarşı mübarizə kimi təqdim ediblər. İkincisi, onlar siyasətə məhəl qoymadan, yalnız iqtisadi göstəriciləri nəzərə almalı olan Dünya Bankının qanunla müəyyən edilmiş “neytrallığına” istinad ediblər.
Üçüncüsü, argentinalı neoliberal iqtisadçılar Dünya Bankının işçiləri ilə oxşar baxışlara, təhsilə malik olublar və tez bir zamanda onlarla ümumi dil tapa biliblər.
Bu arada kütləvi insan haqlarının pozulması ilə bağlı həyəcanlı xəbərlər yayılıb. Beynəlxalq insan haqları təşkilatları Dünya Bankının neytrallığının birmənalı sayıla bilməyəcəyini iddia ediblər. Formal olaraq, bu bank insan hüquqlarını nəzərə almağa borcludur. Üstəlik, Dünya Bankının ən böyük donoru olan ABŞ 1975-ci ildən bəri insan hüquqlarını pozan rejimlərə dəstəyi qadağan edən “Harkin düzəlişi”ni rəhbər tutub.
Prezident Ceyms Karter (1977-81) insan haqlarını ABŞ xarici siyasətinin əsas elementi olması barədə göstəriş verib. Bununla belə, qanunda bir boşluq olub: yardımın yoxsulların vəziyyətini yaxşılaşdırmağa yönəldildiyi təqdirdə ayrılmasına icazə verilib. Məhz Dünya Bankı bundan istifadə edib.
1977-ci ilin sentyabrında Karter şəxsən Videlaya 3000 siyasi məhbusun siyahısını verib və general Milad gününə qədər problemi həll edəcəyinə söz verib. Həmin ilin noyabr ayında vəziyyət təkrarlanıb: ABŞ dövlət katibi Sayrus Vens Argentinaya səfər edib və Videlanı 500-ə yaxın məhbusu azad etməyə inandırıb, lakin saxlanılan və itkin düşən 7500 nəfərin yeni siyahısını təqdim edib.
Vens Dünya Bankının başqa bir krediti təsdiqlədiyəcəyinə güvənərək xuntanın vədlərini yerinə yetirəcəyinə ümid edib. Ağ Evdəkilərin çoxu düşünüb ki, Argentina nə qədər çox kredit alacaqsa, ona təzyiq etmək bir o qədər asan olacaq. Ancaq Milad bayramına qədər vəziyyət dəyişməyib, itkin düşənlərin sayı 30 minə çatıb və Videla verdiyi vədləri yerinə yetirməyib.
1978-ci ilə qədər repressiyaların miqyası beynəlxalq səviyyədə tanınmış fakta çevrilib. ABŞ yeni kreditlər üzrə səsvermədə bitərəf olmağa başlayıb, lakin digər üzv ölkələrin təzyiqi ilə Dünya Bankı Argentinanı maliyyələşdirməyə davam edib. 1978-ci ilin mayında 60 milyon dollar, martda 96 milyon dollar, 1979-cu ilin oktyabrında isə 210 milyon dollar kredit təsdiq edilib.
Dünya Bankının prezidenti Robert Maknamara Argentina xuntasını açıq şəkildə dəstəkləyib, onun islahatlarını "təsirli" adlandırıb və ABŞ-ın tənqidlərinə qəsdən məhəl qoymayıb. Beynəlxalq kreditlər (Peronun rəhbərliyi altında Argentina üçün əlçatan olmayıb) xuntaya iqtisadi sabitlik illüziyasını saxlamağa imkan verib.
Özəlləşdirməyə, proteksionizmdən imtinaya və dövlət xərclərinin azaldılmasına baxmayaraq, əhalinin real gəlirləri əhəmiyyətli dərəcədə azalıb. Genişmiqyaslı repressiyalar hökuməyə hərbi diktatura imici qazandırıb. Silahlı qüvvələrin üç qolu arasında yaranmış gərgin münasibətlər nəticəsində Videla 1981-ci il martın 29-da vəzifəsindən uzaqlaşdırılıb və onun yerinə ordunun baş qərargah rəisi, general Roberto Eduardo Viola təyin edilib.
Demokratiyanın bərpasından sonra general 1983-cü ildə məhkəmə qarşısına çıxarılıb. 1985-ci ildə Argentina məhkəməsi Videlanı hakimiyyəti dövründə insan haqlarını pozduğuna görə ömürlük həbs cəzasına məhkum edib, lakin 1990-cı ildə Argentina prezidenti Karlos Menem keçmiş “lideri” əfv edib.
2011-ci ilin martın 1-də Xorxe Videla və keçmiş prezident Reynaldo Biqnoneyə qarşı siyasi səbəblərlə həbsdə olan qadın dissidentlərin uşaqlarının qaçırılması ilə bağlı 34 fakt üzrə növbəti məhkəmə prosesi başlayıb. İttiham tərəfinin sözlərinə görə, uşaqlar bir neçə günlük olanda analarından alınıb, qadınların özləri isə əsasən təyyarələrdən dənizə atılaraq öldürülüb. Xorxe Rafael Videla 2013-cü il mayın 17-də 87 yaşında, insanlığa qarşı cinayətlərə görə ömürlük həbs cəzası çəkdiyi Buenos-Ayres yaxınlığındakı həbsxanada vəfat edib. Argentina hökumətinin sözçüsü Xuan Medina onun ölümünün təbii səbəblərdən olduğunu deyib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ