İnsanlara hürriyət, millətlərə istiqlal!

Donald Trampdan ŞOK addım – Çin strateji sektorlardan uzaqlaşdırılır!  

“ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpini dostu adlandırsa da, bu ölkəyə qarşı müxtəlif məhdudlaşdırıcı qərarlar qəbul etməkdə qətidir”.

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Ağ Ev sahibi fevralın 21-də imzaladığı memoranduma görə, Xarici İnvestisiyalar Komitəsinə Çinin ABŞ-ın strateji sahələrinə yatırımlarını məhdudlaşdırmaq tapşırığı verilib:

““Reuters” agentliyinin məlumatına görə, Çini çıxmaq şərtilə Xarici İnvestisiyalar Komitəsi xarici yatırımları təşviq etməlidir. ABŞ Xarici İnvestisiyalar Komitəsi ötən il haker hücumuna məruz qalmışdı. Vaşinqton bu hücumların Çindən həyata keçirildiyini iddia etmişdi. ABŞ rəsmiləri Çinin Xarici İnvestisiyalar Komitəsinin məlumatlarını ələ keçirməyə çalışdığını iddia etmişdilər.
Vaşinqtonda hesab edirlər ki, Pekin ABŞ-dakı strateji sahələrə yatırım qoymaqla bundan Çinin hərbi və kəşfiyyat gücünü artırmaq üçün istifadə edir. Buna görə də Xarici İnvestisiyalar Komitəsi Çinin yatırımlarını diqqətdə saxlayacaq, xüsusi araşdırmalar aparacaq və ABŞ üçün gələcəkdə təhlükə yaradacaq yatırımlara icazə verməyəcək. Söhbət yarımkeçirici, süni intellekt, kvant texnologiyaları və aerokosmik sahələrdən gedir.

Donald Tramp bundan əvvəl Çin məhsullarına rüsumları artırmışdı. Ağ Ev sahibi yeni fərmanıyla iki ölkə arasında iqtisadi əlaqələrdəki gərginliyi artıracaq. Trampın hakimiyyətə gəlişi ilə Çinin ABŞ-a yatırımlarının azaldığı müşahidə olunur. Çinin ABŞ-a illik yatırımları təxminən 50 milyard dollardan 5 milyard dollara enib. Çin ABŞ-da texnologiyalarla yanaşı kənd təsərrüfatı sahəsinə də maraq göstərir, münbit torpaqları icarəyə götürür. Çinin ABŞ-ın 27 ştatında icarəyə götürdüyü sahələr mövcuddur. Bu yerli fermerlərin narazılığına səbəb olub. Fermerlər xaricilərin torpaqları icarəyə götürməsindən sonra kənd təssərrüfatında istifadə olunan gübrə məhsullarının qiymətlərinin qalxdığını bildirirlər”.

Elxan Şahinoğlunun fikrincə, Donald Trampın hakimiyyətdə olduğu dövrdə ABŞ-Çin ticarət əlaqələri gerilməkdə davam edəcək:

“Çin şirkətlərinin ABŞ-a yatırımları minimuma enəcək. Vaşinqton Çinin iqtisadi maraqları ilə başqa qitə və ölkələrdə də mübarizə aparacaq. Vaşinqtonun Panama rəhbərliyinə təzyiqi nəticəsində bu ölkənin Çin şirkətləri ilə limanları işlətməsiylə bağlı müqavilə müddətini uzatmayacağı bunun bariz nümunəsidir”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR