Onlayn ictimai-siyasi qəzet
Səmimi etiraf etmək lazımdır ki, müəyyən ümidlər vardı - bəli, Kişinyovdakı görüşün qeyri-formal xarakter daşımasına baxmayaraq, yenə də bir çoxları hesab edirdi ki, ən azı gələcək sazişin bir neçə bəndi ilə bağlı yekun razılıq əldə olunacaq.
Amma əvvəldən bu cür proqnozların qəti əleyhdarları da vardı. Onlar belə bir detala diqqət yetirirdilər ki, görüş beştərəfli olacaq və tərəflərdən biri də Fransa olacaq ki, onu da görüşdə prezident Emmanuel Makron təmsil edəcək.
Fəqət, burada dərhal bizim optimistlərin bu xüsusda əsas arqumentini qeyd edək: onlar da öz növbəsində qeyd edirdilər ki, görüşdə Almaniyanın kansleri Olaf Şolts da iştirak edəcək və o, istər-istəməz Fransa tərəfinin neqativ səylərini kompensasiya etməli olacaq.
Burada öz tərəfimizdən də qeyd edək ki, Azərbaycanda həmişə Almaniyanı daha neytral ölkə sayıblar və dəfələrlə təklif ediblər ki, bu ölkə də Minsk Qrupunun həmsədrlərindən biri olsun.
Hazırda Minsk Qrupu tarixin diplomatik arxivinə göndərilib, amma Almaniyanın hələ də şansı var ki, Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanmasında öz gücünü göstərə bilsin, çünki dünyada belə bir deyim var ki, Avropa İttifaqı elə Almaniya deməkdir.
İkincisi, bizim siyasi müşahidəçilərimizin bir qismi Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanmasının yenidən başlanmasını aşkar ruh yüksəkliyi ilə qarşıladı. Proses Rusiyanın diqtəsilə (güman ki!) dayanmışdı. Ona görə ki, Moskvanı Avropa Birlyinin və onun prezidenti Şarl Mişelin vasitəçiliyilə aparılan danışıqlar narahat edirdi.
Bu il danışıqlar əvvəlcə okeanın o biri tayında, Vaşinqtonda başlandı. Daha sonra estafeti Brüssel götürdü. Amma bundan sonra Rusiyada iki görüş oldu – biri nazirlər, digəri isə liderlər səviyyəsində.
Nə qədər qəribə olsa da, siyasi təhlilçilərin bir qismi Moskva görüşündən də pozitiv nəticələr gözləyirdi.
Onları bu cür gözləntilərə yönəldən belə bir məqam idi ki, Moskvada liderlərin görüşü ərəfəsində nazirlərin görüşü olmuşdu. Adətən, nəsə razılaşdırılanda belə olur – bəli, nazirlər liderlərin görüşü üçün müəyyən məsələləri hazırlayırlar. Amma daha ayıq-sayıq siyasi təhlilçilər qeyd etdilər ki, Kreml öz ərazisində iki görüş keçirməklə əslində Qərbin səylərini, Vaşinqton və Brüssel danışıqlarını heçə endirmək istəyir.
Ona görə də ümidlər daha çox Kişinyovla bağlı idi. Hərçənd, baş diplomatların Vaşinqton görüşü zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, Kişinyovda sülh sazişi imzalansa, o, buna çox şad olacaq. Bu isə o demək idi ki, sülh o qədər də yaxın deyil, baxmayaraq ki, qeyri-peşəkar siyasətçilər və diplomatlar bir çox hallarda bunun əksini zənn edirlər.
Amma burada bir qeyri, indiyədək səslənənlərdən heç də az maraqlı olmayan başqa bir detal da var: təxminən eyni vaxtda Paşinyan bəyan etdi ki, Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Qeyd edək ki, bu bəyanatı Paşinyan Rusiyada da təkrar etdi.
Belə hesab etmək olar ki, prosesin əsas hissəsi artıq arxadadır. Əlbəttə, bu vaxta qədər müəyyən addımlar atılıb.
Vaxtilə Ermənistanın birinci prezidentini bircə məqaləyə görə istefaya göndərmişdilər. Həmin məqalədə Levon Ter-Petrosyan sadəcə yazmışdı ki, nə qədər ki, gec deyil, Azərbaycanla danışıb-razılaşmaq lazımdır...
Qeyd edək ki, Nikol Paşinyan üçün elə də asan deyil. Kişinyov görüşünün ərəfəsində o, erməni icmasının təmsilçilərini qəbul etməkdən imtina etdi. Yəqin erməni baş nazir icmanın ona nə çatdırmaq istədiyini bilirdi – güman ki, deyəcəkdilər, Azərbaycanla sülh sazişi imzalamağa tələsməsin.
Moskvadakı danışıqlar zamanı Rusiya mətbuatı yazırdı ki, daha bir görüş oktyabrda İspaniyanın Qranada şəhərində olacaq və elə indiki kimi, qeyri-formal şəraitdə keçəcək. İndisə məlum olur ki, iyul ayında Brüsseldə daha bir görüş olacaq.
Amma siyasi təhlilçilərin çoxu belə güman edir ki, payızdan əvvəl prosesdə pozitiv irəliləyişlərin olmasını gözləməyə dəyməz, çünki bu il Ukraynada müharibə dayanmayacaq və bu isə o deməkdir ki, Kremlin Cənubi Qafqaz siyasətindəki indiki qeyri-müəyyənlik və çətin proqnozlaşdırılan durum davam edəcək.
Sonda kiçik, amma çox mühüm detalı da qeyd edək: liderlərin Kişinyovda görüşü keçirilərkən ermənilərin sərhəddə hərbi təxribatları davam edirdi. Bəli, burada Paşinyanın daha bir bəyanatını necə xatırlamayasan! O, bu yaxınlarda demişdi ki, sülh sazişi imzalanandan bir gün sonra da müharibə başlaya bilər...
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ