İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağlıq Altayda növbəti gərginlik - Kreml türkün ana yurduna qarşı

“İslahat” adı altında torpaqlarından və muxtar statuslarından məhrum olacaqlarına etiraz edən yerli əhaliyə qarşı güc variantından istifadə gündəmə gəlib

İyulun 20-də keçmiş Dağlıq Altay Muxtar Vilayəti, indiki Altay Respublikasında (Altay Diyarı ilə qarışdırmamalı – red.) yeni hökumətin torpaq islahatlarına qarşı növbəti aksiyaya hökumət qüvvələri imkan verməyib.

Musavat.com “Novaya qazeta”ya istinadən xəbər verir ki, etirazçılara aksiya keçirmək üçün yer verilməyib.

Qeyd edək ki, islahat əleyhinə bir neçə min adamın iştitrak etdiyi aksiya keçirilmişdi. Bundan əvvəl isə bir sıra kortəbii etiraz aksiyaları da keçirilib ki, bu da yerli hakimiyyəti qorxuya salıb. Belə ki, altaylılar yolları bağlayıb, etirazlarını bu formada bildiriblər. Bundan sonra polis birt neçə etirazçını 13–14 gün müddətinə həbs edib. Bu gərginliklərdən sonra isə Kreml Dağlıq Altayda baş verənləri diqqətlə izləməyə başlayıb.

Altaylıların etirazlarına səbəb olan islahatları bir il əvvəl Moskvadan buraya gələn regionun rəhbəri Andrey Turçak tərəfindən irəli sürülüb. İslahatın mahiyyəti ondan ibarətdir ki, yüzə yaxın kənd yaşayış məntəqəsinin sovetləri ləğv ediləcək, respublikanın on rayonuna tabe olacaqlar.

Beləliklə, Turçak mövcud ikipilləli özünüidarə sistemindən birpilləli, daha primitiv idarəetmə sisteminə keçməyi təklif edib. Sakinlər isə əmindirlər ki, islahat və Altay Respublikasının Konstitusiyasına əvvəllər qəbul edilmiş əlavələr yerli özünüidarəni, yaxın gələcəkdə isə bölgənin muxtariyyətini ləğvi ilə nəticələnəcək.

Altay Respublikası təbii sərvətlərinə – çaylara və göllərə, keçilməz meşələrə və yüksək dağlara baxmayaraq, Rusiyanın ən kasıb və ən seyrək məskunlaşdığı bölgələrindən biridir. Burada cəmi 210 min əhali yaşayır. Əhalinin böyük əksəriyyəti (71%) kənd yerlərində məskunlaşıb. Bölgənin iqtisadiyyatının əsasını maldarlıq təşkil edir: altaylılar qoyun, inək və maral yetişdirirlər. Çoxları hələ də yalnız təsərrüfatçılıqla yaşayır, arabir kənd mağazasına baş çəkirlər. Bəzi yaşayış məntəqələrində qaz və işıq yoxdur. O da bildirilir ki, 2025-ci ilin ilk 6 ayının statistikalarına görə əhalinin 74%-nin ödənilməmiş krediti var, adambaşına orta hesabla 467 min rubl…

Son illərdə respublikada həyat səviyyəsi tədricən yüksəlməyə başlayıb. 2025-ci ilə qədər keçmiş Dağlıq Altay həyat keyfiyyətinə görə Rusiya şəhərlərinin reytinqində 80-ci yerdən 78-ci yerə yüksəlib. Altaya investisiyalar da axmağa başlayıb ki, indi əsas investor “Sberbank” sayılır. Turizm burada həmişə iqtisadiyyatın əsas sahələrindən biri olub, lakin Moskva oliqarxiyası bölgəyə gəldikdən sonra çox şey dəyişib. “Bahalı kostyumlar geyinmiş adamlar yəqin ki, “yerlilərin” yeni pul və imkanlardan hədsiz dərəcədə sevinəcəklərini gözləyirdilər, lakin altaylılar o fikirdədirlər ki, onların yaşadıqları torpaqlar əllərindən alınır və yerli məmurlar da bunu qanuni yolla rəsmiləşdirməyə çalışır, üstəlik regionun səlahiyyətlərini getdikcə məhdudlaşdırırlar.

Yerli əhali deyir ki, “islahatlar” baş tutsa, yerli əhalinin torpaqsız və mal-qarasız qalma ehtimalı olduqca realdır. Gənc altaylının fikrincə, yerli idarəetmə orqanlarının ləğvi ən xoşagəlməz nəticələrə səbəb ola bilər, çünki kənd rəhbərliyinin əsas funksiyası kənd yaşayış məntəqəsinə aid olan torpaq sahələrini bölüşdürməkdir. Altaylılar ehtimal edir ki, bu “islahatlar”dan bir müddət sonra onları Altay Diyarına birləşdirəcəklər və milli respublika statusunun yerli əhaliyə verdiyi bütün üstünlüklər aradan qalxacaq.

İyulun əvvəlində fəallar növbəti etiraz aksiyası keçirmək üçün müraciət ediblər. Bu arada, Telegram kanallarına məlumat sızmağa başlayıb ki, hakimiyyət “etiraz hərəkatını neytrallaşdırmaq üçün gücdən istifadə variantını” nəzərdən keçirir. “İndi Kreml hesab edir ki, daha sərt tədbirlərə ehtiyac var”, Telegram kanallarından biri yazır. Bölgəyə yaxından bələd olan siyasətçi Maksim Şevçenko etirazın yatırılmasına cavab olaraq gərginliyin daha da arta biləcəyi xəbərdarlığını edib.

Altay dünya türklərinin anası hesab edilir. Belə ki, bu gün gündoğandan günbatanadək səpələnmiş bütün türk xalqlarının məhz Altaylardan çıxdığı və Altayın türklərin ilk yurd yeri olduğu məlumdur. 1991-ci ildə Altay iki yerə bölündü. Bu qədim türk yurdunun bir hissəsi Altay Diyarı (ərazisi 267,85 min kvadratkilometr, əhalisi 2 milyon 508 min nəfər) adlandırıldı. Bu ərazi müstəqil subyekt kimi Rusiyanın tərkibinə daxil edildi. Həmin ərazidə hazırda bir nəfər də olsa Altay türkü yaşamır. Ərazinin digər hissəsində Altay Respublikası (ərazisi 92,902 min kvadratkilometr) təşkil edildi. Bu ərazidə isə əhalinin 45–50 faizini ruslar, 40–45 faizini Altay türkləri, təxminən 7–10 faizini qazaxlar təşkil edirlər. Paytaxtı Dağlıq Altay olan Altay Respublikasında 300 min nəfərə yaxın əhali yaşayır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR