İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Rusiya ilə birləşib, bu ölkəni sıxışdırmağa çalışır - Gizli planın TƏFƏRRÜATLARI

“İtaliya 2018-ci ilin mart ayında Çinin “bir kəmər, bir yol” təşəbbüsünə qoşuldu, Pekinlə müqavilə imzaladı. İtaliyanın qərarı Çinin Avropa İttifaqı ilə daha sıx əməkdaşlığına şərait yaradırdı. Ancaq işlər gözlənildiyi kimi getmədi və İtaliya 2024-cü ilin yanvarında Çinin təşəbbüsündən imtina etdi”.

Bu fikirləri Musavat.com-a “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Politoloq xatırladıb ki, Yunanıstan Çinin “bir kəmər, bir yol” təşəbbüsünə 2018-ci ildə qoşulub:

“Çin Yunanıstanın limanlarına maraq göstərir. Çin lideri Si Cinpin “bir kəmər, bir yol” təşəbbüsünü 2013-cü ildə irəli sürüb. Bu, dünyanın ən böyük infrastruktur layihəsi kimi qiymətləndirilib. Quru yolla bu təşəbbüsə qoşulan ilk ölkə Çinin qonşusu Qazaxıstan olub. Çin bu illər ərzində infrastrukturun inkişaf strategiyasını genişləndirib. 2023-cü ilin iyul ayından etibarən Çindən gələn rəsmi açıqlamalarda 149 ölkənin “bir kəmər, bir yol” təşəbbüsünə qoşulduğu bildirilib. Afrika 44 ölkə ilə bu təşəbbüsdə ən çox iştirak edən qitədir. Çin “bir kəmər, bir yol” təşəbbüsünə daxil olan ölkələrin bir qisminə kreditlər ayırarkən siyasi tələblər irəli sürmür. Aydındır ki, təşəbbüsə qoşulan ölkələr Çindəki insan haqlarının vəziyyəti ilə bağlı kəskin açıqlamalardan çəkinirlər. Əslində bu amilin özü Çinin xeyrinə işləyir. Pekin “bir kəmər, bir yol” layihəsi vasitəsilə Çinə tənqidi yanaşanların sayını azaldır. Misal üçün, ABŞ və bir qisim Avropa ölkəsi üçün Çin əleyhinə beynəlxalq təşkilatlarda qərar qəbul etmək çətinləşir. Buna baxmayaraq, Çin “bir kəmər, bir yol” təşəbbüsündə iştirak edən dövlətlərə ayırdığı kreditləri və faizləri vaxtında ödəməyi tələb edir. Gecikmələr olduğu halda Çinin həmin ölkəyə yeni kreditlər ayırması çətinləşir”.

Elxan Şahinoğlu vurğulayıb ki, yeni kreditin ayrılması ilə bağlı çətinliklər Afrika ölkələrini Çindən asılı vəziyyətə salır, bu da onları növbəti krediti almaq üçün Pekinin yeni şərtlərini qəbul etmək məcburiyyətində qoyur:

“Yeni şərtlər isə həmin ölkələrin resurslarına sahiblənmək imkanlarının yaradılmasıdır. Çin qlobal səviyyədə liderliyi ələ almağa və Amerika Birləşmiş Ştatlarını sıxışdırmağa çalışır. Çinin bu siyasəti həyata keçirməsində ən yaxın tərəfdaşı Rusiyadır. Bu ölkə iqtisadi inkişaf zəminində Çindən xeyli geri qalır. Çinin “bir kəmər, bir yol” layihəsi Rusiyadan yan keçən alternativ nəqliyyat xətlərini də dəstəkləyir. Bu, Rusiyanın iqtisadi maraqlarına zidd olsa da, Kreml Pekinlə ABŞ-yə qarşı strateji tərəfdaşlığını davam etdirmək üçün Çinin müxtəlif təşəbbüslərini dəstəkləmək məcburiyyətindədir. Çinlə Rusiyanı bu ölkələrdəki rejimlərin oxşarlığı da birləşdirir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR