Onlayn ictimai-siyasi qəzet
ABŞ Çin mallarına qarşı rüsumları 125 faizə qaldırdıqdan sonra Çinin ticarət naziri Vanq Ventao ABŞ prezidenti Donald Trampın tarif siyasətini Avropa İttifaqı və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasından (ASEAN) olan həmkarları ilə videobağlantı vasitəsilə müzakirə edib.
Musavat.com xəbər verir ki, məlumatı Çin Ticarət Nazirliyi yayıb.
Bildirilir ki, Aİ-nin ticarət siyasəti və iqtisadi təhlükəsizlik üzrə komissarı Maroş Şefçoviç ilə söhbətində Çinli nazir qeyd edib ki, ABŞ tarifləri “bütün ölkələrin qanuni maraqlarını, ÜTT qaydalarını ciddi şəkildə pozur, qaydalara əsaslanan çoxtərəfli ticarət sisteminə ciddi ziyan vurur və dünya iqtisadi nizamının sabitliyinə mənfi təsir göstərir”: “Ticarət müharibəsində qaliblər yoxdur və proteksionizm sonu olmayan yoldur. Çin fikir ayrılıqlarını məsləhətləşmələr və danışıqlar yolu ilə həll etməyə hazırdır, lakin ABŞ öz yolunda israr edərsə, Çin sona qədər mübarizə aparacaq”. Pekin rəsmisi qeyd edib ki, Pekin Avropa İttifaqı ilə ticarət, investisiya və sənaye əməkdaşlığını dərinləşdirməyə hazırdır.
Çin Ticarət Nazirliyinin rəhbəri ASEAN-a sədrlik edən Malayziyanın İnvestisiya, ticarət və sənaye naziri Tengku Zafrul Aziz ilə söhbətində ABŞ-ın hərəkətlərinin yalnız öz maraqlarına zərər vurmadığını, həm də qlobal iqtisadi inkişafa təhlükə törətdiyini deyib: "Çin ticarət tərəfdaşları, o cümlədən ASEAN ilə əlaqələri gücləndirmək, müvafiq məsələləri bərabər dialoq və qarşılıqlı hörmət əsasında məsləhətləşmələr yolu ilə həll etmək və çoxtərəfli ticarət sistemini birgə dəstəkləmək üçün işləməyə hazırdır".
Qeyd edək ki, Aİ və ASEAN Çinin ən mühüm ticarət tərəfdaşlarıdır. Çinin bu birliklərlə ticarət dövriyyəsi Çinin ABŞ-la ticarət dövriyyəsini üstələyir. Çinin ASEAN ölkələri ilə ticarəti 2024-cü ildə 2023-cü illə müqayisədə 7,8 faiz artaraq 982,33 milyard dollar təşkil edib. Çinin Aİ ilə ticarəti 2024-cü ildə 0,4 faiz artaraq 785,82 milyard dollara, ABŞ ilə isə 3,7 faiz artaraq 688,28 milyard dollara çatıb.
Onu da qeyd edək ki, Çin hökumətinin ABŞ-dan idxala əlavə rüsumları 84 faizə qədər artıracağını elan etməsindən sonra Şanxay Fond Birja indeksi 1,29 faiz, Şenzen Birjası isə 2,29 faiz bahalaşıb.
Musavat.com
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ