İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhunun qətli ilə bağlı komandirinə 5 il həbs tələbi

ADA Universitetinin məzunu Ceyhun Hüseynovun Naxçıvanda hərbi xidmət yerində öldürülməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

Əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı hakim qarşısına hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyev çıxarılıblar.

Musavat.com xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror bildirib ki, Samir Həziyev və Aydın Quliyevə elan edilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb.

O, Samir Həziyevin 5 il, Aydın Quliyevin isə 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin zamində olan Aydın Quliyevin məhkəmə zalında həbs olunması təklif olunub. Vəkillər müdafiə çıxışına hazırlanmaları üçün vaxt istəyiblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu ötən il iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb. Bir neçə gün sonra Günnüt yaşayış məntəqəsi istiqamətində onun nəşi aşkar edilib. Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik, daktiloskopik və trasoloji ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunub. Cinayət işi üzrə hərbi hissə komandiri, polkovnik Samir Mətləb oğlu Həziyev həbs olunub. İş üzrə onunla yanaşı, hərbi hissənin Tibb Xidməti rəisi Aydın Yaşar oğlu Quliyev də ittiham olunur. Onlara Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülüb.

Proses aprelin 17-də davam etdiriləcək.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR