Onlayn ictimai-siyasi qəzet
İddialara görə, özəl universitetlərin birinə qəbul olan abituriyentin qeydiyyatını edəndə universitet valideynə müqavilə imzalatdırıb ki, əgər gələcək illərdə başqa universitetə köçürmə etsəniz, qalan illərin də ödənişini etməlisiniz.
Biznes baxımından yanaşsaq, bu, başa düşüləndir, çünki universitetdə bir tələbənin yeri boş qalır və təhsil müəssisəsi maliyyə itirir. Bəs bu hal insan hüququnun pozulması demək deyilmi? Bu, nə dərəcədə düzgündür?
Məsələ ilə bağlı deputat Ceyhun Məmmədov Sfera.az-a bildirib ki, tələbələr bir universitetdən digərinə keçidə çox çalışmamalıdırlar:
“Hesab edirəm ki, universitetlərin fəaliyyəti qanunlara uyğun və düzgün olmalıdır. Eyni zamanda, vətəndaşlar da universitet seçərkən əvvəlcədən araşdırıb seçimi düzgün etməlidir. Tələbənin bir universitetə qəbul olub sonradan yer dəyişməsi həmin ali təhsil müsəssisəsi üçün problem yaradır. Buna görə də, gənclər tez-tez universitet dəyişmək erasına son qoymalıdırlar. Çünki universitetlərimiz bunun hesabına dolanırlar və bu cür transferlər də müəssisəyə ciddi ziyan verir”.
Məsələnin hüquqi tərəfi haqqında məlumat verən hüquqşünas Şamil Paşayev bildirib ki, bu hal tamamilə qanunsuzdur, valideyn və tələbə rahatlıqla məhkəməyə müraciət edə bilər:
“Ümumiyyətlə, müqavilə Azərbaycan Respublikasının qanunlarına uyğun şəkildə həyata keçirilməlidir. Bu, həm mülki, həm də təhsil qanunvericiliyinin təməl prinsiplərinə zidd olmamalıdır. Universitet nəzərə almalıdır ki, bu, təhsildir. Tələbə gələcəkdə təhsilini başqa uniersitetdə davam etdirə bilər. Şəxsin təhsil hüququnu əlindən almaq olmaz.
Universiteti bitirmədən digərinə köçürmə etmək tələbənin hüququdur. Buna görə də, həmin universitetdə oxumalı olduğu 4 ilin ödənişini valideyn və tələbədən tələb olunması absurd və qanunsuzdur. Belə olan halda, vətəndaş məhkəməyə müraciət edib həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən çəkinə bilər. Məhkəmə güman ki, burada valideyn və uşağın xeyrinə qərar qəbul edəcək”.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ