İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüsseldə “Zəngəzur masası” qurulacaq: Şarl Mişelin portfelində “yol xəritəsi” var

Brüssel görüşündə Qərb siyasi dairələri Zəngəzur dəhlizinə nəzarət şərtlərini prinsipial şəkildə həll etməyə çalışacaqlar... Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin taleyi isə məhz böyük ölçüdə Zəngəzur dəhlizi ilə bağlı məsələnin necə həll edilməsindən birbaşa asılı olacaq...

Azərbaycan ordusunun Qarabağ regionunda lokal antiterror tədbirlərindən sonra bir çox geopolitik şərtlər ciddi şəkildə dəyişib. İndi Azərbaycan və Ermənistan arasında mövcud olmuş əsas problem – Qarabağ münaqişəsi artıq yoxdur. Bu uydurma problem birdəfəlik regional gündəmdən çıxarılıb. Ona görə də buna qədər Qarabağ probleminin əngəl törətdiyi digər önəmli məsələləri ardıcıllıqla həll etmək mümkündür. Və hazırda bu mövzular ciddi müzakirə edilməyə başlayıb.

Onu da qeyd edək ki, hazırda geopolitik gündəmdə əsasən iki önəmli məsələ mövcuddur. Onlardan birincisi heç şübhəsiz ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin nə vaxt imzalanacağı ilə birbaşa bağlıdır. Rəsmi Bakı bu mövzuda son vaxtlar əvvəlki kimi intensiv mövqe bildirməyə həvəs göstərmir. Əksinə, Azərbvaycanın rəsmi dairələri yekun sülh sazişi mövzusuna maksimum səviyyədə təmkinli yanaşmağa üstünlük verir. Və böyük ehtimalla rəsmi Bakı yekun sülh sazişi üçün beynəlxalq hüquq normaları çərçivəsində irəli sürdüyü beş baza prinsipinin Ermənistan tərəfindən birmənalı şəkildə qəbul edilməsini gözləyir.

ade012ed-5500-4e6d-844e-ce5f1444d60d.jpg (236 KB)

Ermənistan siyasi dairələri isə rəsmi Bakıdan fərqli olaraq, yekun sülh sazişi ilə bağlı mövziya panik reaksiyalar verməklə diqqəti çəkirlər. Belə ki, Paşinyan hakimiyyətinin təmsilçiləri Azərbaycan-Ermənistan yekun sülh sazişinin mətni üzərində aparılan müzakirələrdə ciddi irəliləyişlərin olduğunu iddia edirlər. Onların fikrincə, Cənubi Qafqazda növbəti savaş təhlükəsini aradan qaldırmağın yeganə doğru yolu sülh sazişinin ən qısa zamanda imzalanması ola bilər. Ermənistanın bvaş naziri Nikol Paşinyan isə son açıqlamasında bu ilin sonuna qədər Azərbaycanla yekun sülh sazişini imzalamağa hazır olduğunu vurğulayıb.

Erməni baş nazirin açıqlamasında daha bir önəmli məqam ondan ibarətdir ki, o, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə “yol xəritəsi”nin hazırlandığını iddia edib. Onun dediyinə görə, əgər, bu “yol xəritəsi” tam dəqiqliyi ilə icra olunarsa, iki qonşu ölkə arasında bir çox problemlərin həlli o qədər də ciddi çətinlik törətməz. Və qarşıduran tərəflərin buna cəhd göstərməsi vacibdir.

Belə anlaşılır ki, cəmisi bir neçə həftə öncəyə qədər sülh prosesini açıq şəkildə sabotaj edən rəsmi İrəvan üçün indi Azərbaycanla münasibətlərin normallaşdırılması olduqca böyük önəm daşımağa başlayıb. Ona görə də, indi baş nazir Nikol Paşinyan hətta Cənubi Qafqazda sülh prosesinin uğur qazanması istiqamətində fəaliyyəti özünün əsas məsuliyyəti hesab etdiyini bildirib. Halbuki, bir müddət öncə Fransanın sifarişləri ilə Azərbaycanla sərhəddə hərbi təxribatlar törədərək, sülh prosesini israrla pozan Ermənistanın baş naziri bu kəskin mövqe dəyişikliyinin səbəbləri barədə susmağa üstünlük verir.

00910f44-60a0-460f-b4f0-0a08613795df.jpg (260 KB)

Digər tərəfdən, baş nazir Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında əsas ziddiyyət faktorlarından birinin məhz Zəngəzur dəhlizi olduğunu bilməmiş deyil. Hətta yekun sülh sazişi imzalansa belə, bu dəhliz açılmadan iki ölkə münasibətlərin tam normallaşacağı qətiyyən inandırıci görünmür. Çünki Zəngəzur dəhlizi 10 noyabr üçtərəfli anlaşmasının tələblərinə uyğun reallaşmayacağı təqdirdə, rəsmi Bakı Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiya xətlərinin açılmasına müsbət yanaşmayacaq. Və bu isə o deməkdir ki, yekun sülh sazişi Ermənistanın blokada şəraitindən çıxmasına yol açmayacaq.

Təbii ki, bunu tam dəqiqliyi ilə bilən baş nazir Nikol Paşinyan bu problemi erməni narrativlərinə uyğunlaşdırmağa çalışır. Erməni baş nazir iddia edir ki, Ermənistan Azərbaycana Naxçıvan istiqamətində nəqliyyat-kommunikasiya xətti açmağa hazırdır. Ancaq bu marşrut birmənalı şəkildə Ermənistanın nəzarəti altında olmalıdır. Bu isə onun imzaladığı üçtərəfli anlaşmanın tələblərinə ziddir və rəsmi Bakı buna razı deyil. Və bu baxımdan, rəsmi İrəvan yekin sülh sazişindən gözlədiyi müsbət nəticələri elə özü bloklamış olur.

Ancaq bütün bunlara baxmayaraq, Zəngəzur dəhlizi ilə bağlı müzakirələr artıq intensivləşib. İndi bu mövzu əksər beynəlxalq platformalarda fəal şəkildə gfündəmə gətirilir. Hətta Ermənistan cəmiyyətində belə, əsas müzakirə mövzuları sırasında ön plana keçməyə başlayıb. Erməni politoloqlar hesab edirlər ki, Azərbaycanın diqtə etdiyi şərtlər daxilində Zəngəzur dəhlizinin yaradılması üzərində beynəlxalq konsensus artıq mövcuddur. Və bu məsələdə hətta Ermənistanın mövqeyi indi heç kəsi qətiyyən maraqlandırmır.

kollaj 123.jpg (723 KB)

Əsas iddialar ondan ibarətdir ki, Cənubi Qafqazda maraqları olan beynəlxalq siyasi iradə mərkəzlərinin anlaşa bilmədikləri yeganə məqam Zəngəzur dəhlizinə nəzarətlə birbaşa bağlıdır. Çünki bu məsələ üzərində dünya nəhənglərinin maraqları kəskin şəkildə toqquşur. Hər halda, Zəngəzur dəhlizinə nəzarət hüququna iddialıların çoxluğu belə problem yaradır. Və bu, heç də asan həll ediləcək problemə bənzəmir.

Təbii ki, 10 noyabr üçtərərfli anlaşmasında prezident Vladimir Putinin imzasının olması Rusiyanı bir addım önə çıxartmış kimi görünür. Ancaq ABŞ və Qərb Azərbaycan-Ermənistan sülh sazişini Avropa məkanında imzalatmaqla, bu situasiyanı öz xeyrinə dəyişməyə çalışır. Yəni, əgər, yekun sülh sazişi Qərb ölkələrindən birində imzalanarsa, həmin sənədə Zəngəzur dəhlizi və ona nəzarətlə bağlı xüsusi maddənin əlavə edilə biləcəyi gözlənilir. Və bu səbəbdən də, sülh prosesində vasitəçilik uğrunda mübarizənin nəticələri böyük əhəmiyyət daşıyır.

Bütün bunlar onu göstərir ki, yaxınlaşmaqda olan Brüssel görüşündə Zəngəzur dəhlizi ilə bağlı məsələ əsas müzakirə mövzusuna çevrilə bilər. Böyük ehtimalla Avropa Şurasının rəhbəri Şarl Mişel bu görüşə öz portfelində “Zəngəzur planı” ilə gələcək. Yəni, Brüsseldə Qərb siyasi dairələri Zəngəzur dəhlizinin taleyini prinsipial şəkildə həll etməyə çalışacaq. Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması da böyük ölçüdə Zəngəzur dəhlizi ilə bağlı məsələnin necə həll edilməsindən birbaşa asılı olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR