İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydeni qəzəbləndirən qərar bizi sevindirəcək, yoxsa..?

Elman Sadiqov: “Mövcud qlobal iqtisadi şərtlər daxilində qərarın qiymətlərə ciddi təsiri olmayacaq”

Xəbər verdiyimiz kimi, OPEC+ ölkələrinin neft nazirlərinin oktyabrın 5-də Vyanada keçirilən iclasında hasilatın sutkada 2 milyon barelə qədər azaldılması barədə qərar qəbul olunub. Hasilatın azaldılması təklifi Rusiya və Səudiyyə Ərəbistanı tərəfindən “bazarda qiymətləri sabitləşdirmək üçün” irəli sürülmüşdü. OPEK+ alyansı 23 ölkədən ibarətdir,  lakin burada ən böyük rolu Səudiyyə Ərəbistanı və Rusiya oynayır. Ər-Riyadla Moskva arasındakı münasibətlər Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra da əvvəlki qaydada davam edir.

Vyanada qəbul edilən qərar noyabr ayından qüvvəyə minəcək. OPEK+  razılaşmasında iştirak edən Azərbaycan da hasilatın azaldılması qərarını dəstəkləyib. Energetika Nazirliyindən verilən məlumata görə, noyabrın 1-dən Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel təşkil edəcək. Beləliklə, 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatı avqust ayındakı səviyyədən, yəni 717 min barreldən  684 min barelə qədər azaldılacaq.

Qeyd edək ki, yüksək inflyasiyadan əziyyət çəkən inkişaf etmiş ölkələr neft qiymətlərinin aşağı salınmasına çalışırlar. Xüsusilə ABŞ hökuməti son aylarda bazar neft təklifinin artırılması üçün ərəb dövlətləri ilə təmasları intensivləşdirmişdi. Son bir neçə gündə ABŞ-ın enerji, iqtisadiyyat və xarici siyasət sahələrindən yüksək vəzifəli rəsmiləri Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində Yaxın Şərqdəki müttəfiqlərini hasilatın azaldılması əleyhinə səs verməyə inandırmaq üçün lobbiçilik fəaliyyəti ilə məşğul olublar. ABŞ lobbiçiləri hasilatın azaldılmasını “ümumi fəlakət” adlandırıb və bunun “düşmən hərəkəti” kimi qiymətləndirilə biləcəyi barədə xəbərdarlıq ediblər. Amma ABŞ istəyinə çata bilmədi. ABŞ prezidenti Co Bayden OPEC+-un noyabr ayından neft hasilatını 2 milyon barel azaltmaq qərarından məyus olduğunu bildirib. Təşkilatın bu qərarından sonra o, ABŞ-ın Energetika Nazirliyinə ABŞ-da neftin hasilatının artırılması imkanlarını öyrənməyi tapşırıb. OPEC+ qərarı Bayden üçün ən pis zamanda verilib. Mühüm aralıq seçkilərinə bir ay qalmış qiymətlər yenidən yüksəlməyə başlayacaq ki, bu da Ağ Ev rəhbərliyi üçün siyasi risk yaradıb. OPEK+ ölkələri qərarı başlanmış olan qlobal iqtisadi durğunluğun neft qiymətlərini kəskin ucuzlaşdırmasının qarşısını almaq vasitəsi kimi təqdim edirlər. Lakin burada Rusiyanın maraqlarının nəzərə alınması ehtimalı daha yüksəkdir. Belə ki, dekabrdan etibarən Avropa İttifaqı dəniz yolu ilə nəql olunan Rusiya neftinin, 2023-cü ilin yanvarından isə Rusiya neft məhsullarının alışını dayandırır. Bu addımla eyni vaxtda Avropa İttifaqı və G7 ölkələrinin Rusiya neftinə qiymət tavanının təyin olunmasına dair razılaşması da qüvvəyə minəcək. Qərb təyin olunan qiymətdən baha satılan Rusiya neftinin dəniz yolu ilə daşınmasının qarşısını almaqda qərarlıdır.

Rusiya baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, onlar tavan tətbiq edən ölkələrə neft satışını dayandıracaqlar. Bu isə dekabrın əvvəlindən etibarən bazarda neft təklifinin azalmasına gətirib çıxara bilər. Buna görə də ABŞ və müttəfiqləri bazarda Rusiya neftinin azalan həcmlərini əvəzləyəcək qədər neft olmasını təmin etməyə çalışırlar. Əks halda, qiymətlərin daha da yüksəlməsi və Qərb ölkələrində inflyasiyanın sürətlənməsi qaçılmaz olacaq. Bu isə birbaşa Rusiyanın maraqlarına cavab verən proses ola bilər.

OPEK+ olkeleri Bakida neft hasilatinin azaldilmasinin bazara tesirini  muzakire edecek

"Bloomberg"in məlumatına görə, azalma qlobal tədarüklərə o qədər də təsir etməyəcək, çünki OPEK-in bir neçə üzvü artıq müəyyən edilmiş kvotalardan xeyli aşağı məhsul istehsal edir. Elə OPEK+ razılaşmasının aparıcı tərəfi olan Rusiyada avqust ayında gündəlik neft hasilatı 11 milyon barel əvəzinə 9,6 milyin barel olub. Ümumiyyətlə, pandemiyadan sonra razılaşma üzvlərinin böyük əksəriyyəti hasilat kvotasına çata bilməyiblər. "Bloomberg"in məlumatına görə, OPEK ölkələrinin hasilatla bağlı hesabatına əsasən, neft hasilatının ümumi azalması üçün səkkiz ölkə onu azaltmalıdır.

Yeri gəlmişkən, OPEK+ çərçivəsində müəyyən olunan hasilat kvotasına əməl edə bilməyən ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə 2022-ci ilin avqust ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 641 min barel olub. Bunun 554 min barelini xam neft, 87 min barrelini isə kondensat təşkil edib.

OPEK+ ölkələrinin hasilatın azaldılmasına dair qərarı neft bazarında demək olar ki, hiss olunmayıb. Həm London, həm də Nyu-York birjalarında hərraclar başlayanda qiymətlər cüzi artsa da, günün sonuna doğru azalma ilə əvəz olunub. Bu isə bazara hasilat həcmindən daha çox qlobal iqtisadi durğunluq prosesinin təsir etdiyini göstərir.

ABŞ OPEK+ qərarı ərəfəsində Venesuela ilə sanksiyaların yumşaldılması müqabilində Chevron şirkətinin bu ölkədə neft hasilatını bərpa etməsinə dair razılığa gəlib. “The Wall Street Journal”ın öz mənbələrinə istinadən yaydığı məlumata görə, Bayden administrasiyası artıq sanksiyaların yumşaldılması imkanlarını müəyyənləşdirib: “Venesuela prezidenti Nikolas Maduro sanksiyaların bir qədər yumşaldılması müqabilində ölkə müxalifəti ilə çoxdan dayandırılmış müzakirələri bərpa etməli, 2024-cü ildə gözlənilən seçkilərin keçirilməsi ilə bağlı dialoqu təmin etməlidir”.

Qəzetin yazdığına əsasən tərəflər ABŞ-da dondurulmuş Venesuela dövlət ehtiyatlarından bir neçə yüz milyon dolların ərzaq, tibbi ləvazimat və avadanlıq alışı üçün sərbəstləşməsi barədə də razılığa gəliblər. ABŞ məmurlarının qəzetə dediklərinə görə, razılaşma icra olunarsa, qısamüddətli dövrdə Venesueladan neft ixracının bərpa edilməsi mümkün olacaq.

ABA-nın eksperti Elman Sadıqov “Bu gün, İndi” verilişinin qonağı olub –  VİDEO - BBN.az

Elman Sadiqov

İqtisadçı-ekspert Elman Sadiqovun sözlərinə görə, prinsip etibarilə OPEK+ qərarını əsaslandırılmış hesab etmək olar: “İlk baxışdan 2 milyon barel böyük rəqəm təsiri bağışlayır. Reallıqda bu, hazırkı gündəlik neft hasilatının 2 faizi civarındadır. Artıq aktiv turizm mövsümü başa çatır - dünyada insanların hərəkətliliyi də azalır. Bu isə həm hava, həm dəniz, həm də quru nəqliyyatı ilə sərnişin daşımalarının azalması - yəni yanacağa tələbatın düşməsi deməkdir. Bundan əlavə, qlobal iqtisadiyyatda durğunluq var, bu isə getdikcə tələbin daralması, əhalinin istehlakı azaltması prosesi gedir. Bu şəraitdə hasilatın gündəlik 2 milyon barel azalması dünya bazarında qiymətlərə ciddi təsir göstərəcək amil deyil. Belə görünür ki, OPEK+ ölkələri ABŞ-ı buna inandıra biliblər. Lakin ABŞ və Avropa ölkələrinin əsas istəyi neftin qiymətinin 60-lara qədər düşməsidir. Onlar yüksək inflyasiyadan böyük əziyyət çəkirlər - bu inflyasiyanı tətikləyən isə yüksək enerji qüymətləridir. Mərkəz bankların inflyasiyanı cilovlamaq üçün keçdikləri sərt monetar siyasət - faiz dərəcələrinin artırılması lazımi effekti vermir. Biz elə bu siyasətə keçilən ilk mərhələdə demişdik ki, enerjidaşıyıcıları bazarındakı bahalıq qaldığı müddətdə inflyasiyanı monetar addımlarla cilovlamaq mümkün olmayacaq. Bu inflyasiya tələb inflyasiyası deyil. Buna görə də faiz artımı ilə iqtisadiyyatı boğub, tələbi kəskin azaltmaq yalnız iqtisadi daralma başlanandan sonra effekt verəcək”.

Ekspertə görə, monetar addımlar effekt vermədiyi üçün inkişaf etmiş ölkələr ayrı-ayrı məhsulların qüymətinə təsir göstərməyə çalışırlar: “OPEK ölkələri neft qiymətlərinin 60-lara qədər düşməsini istəmirlər. Qarşıdan iqtisadi böhran gəldiyini nəzərə alaraq bu ölkələr mümkün qədər ehtiyat toplamağa çalışırlar. Bunu isə nefti yüksək qiymətə satmaqla edə bilərlər, çünki əksər hasilatçı ölkələrin əsas gəlir mənbəyi neftdir. Hazırkı iqtisadi resessiyanın ən böyük təhlükəsi maliyyə bazarlarında böhranın yaranması ola bilər. Maliyyə sektorunda böhran yaranarsa, bu, qlobal iqtisadiyyat üçün resessiyadan daha ağır nəticələrə səbəb olar”.

E.Sadiqovun sözlərinə görə, OPEK+un son qərarı icra olunacaq: “Çünki hasilatı azaltmasalar, qiymətlərdə kəskin eniş olması ehtimalı çox böyükdür. Buna görə də razılasmaya qoşulan ölkələr ona əməl etməyə çalışacaqlar. Rusiya neftinə qiymət tavanının müəyyənləşməsi şəraitində Moskvanın hansısa cavabları olacaq. Qazla bağlı Putin ödənişin rublla həyata keçirilməsi tələbini qoydu və imtina edənlərlə alveri dayandırdı. Güman ki, neftlə bağlı da hansısa addımlar atılacaq. Amma Qərbin dəniz yolu ilə daşımalara nəzarət imkanları çox güclüdür və Rusiyanın tavandan baha qiymətə neft satması çox məhdud olacaq. Bunu yalnız Çin kimi quru sərhədi qonşularına edə bilər. Hələlik belə yolla neft satışı imkanları da məhduddur. Ola bilər ki, Rusiya hansısa müddətə tavanla neft satışından tam imtina etsin, amma ona qarşı sanksiyalar o qədər kəskin və çoxsahəlidir ki, bu, uzun müddət davam etməyəcək. Edərsə, Rusiyanın özü üçün böyük problemlərə səbəb olacaq, ən azından neft bazarındakı mövqelərindən məhrum olacaq. Və qlobal iqtisadi durğunluq fonunda Rusiya neftinin mühüm hissəsinin bazardan çıxmasının qiymətlərə güclü bir təsirinin olması da indidən baxanda real görünmür”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR