Onlayn ictimai-siyasi qəzet
Mikoyan və Baqramyanın göstərişi ilə Azərbaycanın İkinci Dünya müharibəsi illərində bütün fəaliyyətini gizlətməyə çalışıblar
İkinci Dünya müharibəsi illərində Azərbaycandan cəbhəyə 700 minə yaxın döyüşçü göndərilmişdi. Onlardan 350 mindən çoxu həlak oldu və itkin düşdü. Gələn il 80-cı ili qeyd olunacaq qələbənin qazanılmasında Azərbaycanın qəhrəman övladları çoxsaylı igidliklər göstərmiş və adlarını hərb tarixinə müharibə qəhrəmanları kimi yazdırmışdılar.
Müharibədə 121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, 34 nəfər "Şöhrət" ordeninin hər üç dərəcəsinə layiq görülmüşdü. Minlərlə soydaşımız SSRİ-nin digər orden və medalları ilə təltif olunmuşdu. Həzi Aslanovun, Mehdi Hüseynzadənin, Hüseynbala Əliyevin, İsrafil Məmmədovun, Ziya Bünyadovun, Qəzənfər Əkbərovun, Bəhyəddin Mirzəyevin, Yusif Sadıxovun, Qafur Məmmədovun, Baloğlan Abbasovun və başqalarının igidlikləri dillər əzbəri olub.
General Şarl-De Qollun rəhbərlik etdiyi Fransa Müqavimət Hərəkatının qəhrəman döyüşçüsü, Xarqo təxəllüsü ilə tanınan Əhmədiyyə Cəbrayılov Fransanın Milli Qəhrəmanı adına, dövlət bayrağından irəli getmək şərəfinə layiq görülmüşdü. Ümumilikdə, Fransanın müdafiəsində 3 min azərbaycanlı döyüşçü vuruşmuşdu.
Bütün bunlara baxmayaraq, Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfələr Sovet İttifaqının başbilənləri tərəfindən lazımınca qiymətləndirilmədi.
Qələbənin əldə olunmasında müstəsna rol oynamış Bakıya “Qəhrəman şəhər” adının verilməsinə də xəsisliklə yanaşdılar. Təəssüf ki, bu qısqanc münasibət Stalin rejimini əvəz etmiş digər SSRİ rəhbərliyi tərəfindən də davam etdirildi.
Moskvada MDB dövlət başçılarının görüşündə İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə bağlı müzakirələrdə Prezident İlham Əliyevin bu barədə çıxışı, əlbəttə, təsadüfi deyil: “Azərbaycan İkinci Dünya müharibəsində qələbənin əldə olunmasına sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur "Katyuşalar", “Yak-3" qırıcıları istehsal edilirdi. Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar. Qarşılıqlı fəaliyyət, 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək”.
Zaur Əliyev
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan tarixçi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev deyib ki, Azərbaycan İkinci Dünya müharibəsində bir çox istiqamətdə iştirak edib. İnsan faktorundan tutmuş texnika, təbii sərvətlər, qızıl, gümüş, pul, ərzaq, geyim və sairələr ilə Sovet dövlətinin faşizm üzərində qələbəsinə birbaşa səbəb olub: “Bir faktı nəzərinizə çatdırım ki, müharibənin taleyini dəyişən Stalinqrad döyüşü Azərbaycanın dəstəyi ilə qazanılıb. Azərbaycan xalqı Stalinqradın azad edilməsi üçün düz 17 milyon rublluq qızıl və digər bahalı daş-qaşlarını verib. Stalinqrad döyüşlərinə görə 1600 azərbaycanlı əsgər və zabit orden və medal alıb. Stalinqraddan olan qaçqınlara Bakı qucaq açıb və minlərlə insanı hər şeylə təmin edib. Bakı neftçiləri döyüşlər gedən zaman 18 saat, 20 saat yatmadan quyuların başında olub, neft çıxardaraq Stalinqrada göndərib. Azərbaycanlılar özləri ac qalmasına baxmayaraq, çörək və ərzaq toplayaraq, Stalinqrada yollayıb. Bu döyüşün taleyinin həll edilməsində azərbaycanlıların rolunu danmaq olmaz.
Çar Rusiyası və Sovet İttifaqı dövründə azərbaycanlılar olmasa idi, Rusiya heç bir müharibədə qələbə qazana bilməzdi. Ruslar Çanaqqala savaşında Geliboluda Azərbaycan oğullarının dünyanın böyük ordularına qarşı necə savaşdıqlarını, İkinci Dünya müharibəsi illərində düz Berlinə qədər ilk gedənlərin azərbaycanlılar olduğunu bilirlər. Yaponiya ilə savaşlarında Əliağa Şixnliski rusları xilas etdi.
Ümumiyyətlə, Rusiyanın bütün müharibələrində qələbə azərbaycanlı hərbiçilərin sayəsində baş verib. Əfqanıstan savaşında da Azərbaycan oğulları olmasa idi, ruslar beş qat artıq itki verəcəkdilər.
1942-ci ildən Azərbaycan alman ordusunun dağıtmağa çalışdığı Lend-Liz yükləri üçün “cənub həyat xəttinə” çevrilmişdi. ABŞ-ın SSRİ üçün ayırdığı yüklərin demək olar ki, yarısı Bakıdan keçirdi. Bu faktın özü qəhrəman şəhər adı almağa kifayət edərdi.
Ruslar Stalinin, Mikoyanın və Baqramyanın göstərişi ilə Azərbaycanın bütün fəaliyyətini gizlətməyə çalışdılar. Bakıya "Qəhrəman şəhər" adı verilməməsinə məhz bu üçlük səbəb olub. Qələbənin əldə olunmasında müstəsna rol oynamış Bakıya “Qəhrəman şəhər” adının verilməsinə də xəsisliklə yanaşmışdılar. Tarixçilərin fikrincə, Stalinin “boz kardinalı” adlandırılan Mikoyan Azərbaycana qarşı mənfi münasibətini gizlətmirdi. Hitler üzərində qələbədən sonra Kremldə SSRİ-nin bir sıra şəhərlərinə “Qəhrəman şəhər” fəxri adının verilməsi məsələsi müzakirə olunanda Mikoyan Bakının bu siyahıya salınmasının qəti əleyhinə çıxış edib.
Təəssüf ki, bu qısqanc münasibət Stalin rejimini əvəz etmiş digər SSRİ rəhbərliyi tərəfindən də davam etdirilmişdi. Hələ 70-ci illərdə Bakıya “Qəhrəman şəhər” adı verilməsi ilə bağlı Moskvaya müraciət edilib. Təsəvvür edin ki, 1941-45-ci illərdə cəmi iki şəhərin ətrafında ikiqat hərbi hava hücumundan müdafiə sistemi yaradılmışdı. Bunlardan biri Moskva idi, ikincisi Bakı. İş burasındadır kı, Bakıya niyə “Qəhrəman şəhər” adı verilmədiyinin sirri də budur. Hətta Sovet İttifaqı marşalları G.K.Jukov və K.K.Rokossovskinin “Bakı təkcə neftinə görə "Qəhrəman şəhər" adı daşımağa layiqdir" təklifini də qəbul etməyiblər.
Əlbəttə, "Qəhrəman şəhər" adı sırf simvolik xarakter daşıyır. Azərbaycan başda olmaqla, digər keçmiş sovet respublikalarının əziyyətini yerə vuran Rusiya çoxdan özünü İkinci Dünya müharibəsinin yeganə qalibi hesab edir və digərlərinə qarşı haqsızlıq etməkdə davam edir. Qəhrəman şəhərin sakinlərinə çevrilən bakılılar Rusiyadan konkret heç nə almayacaqlar. Heç nə də lazım deyil. Bakı onsuz da tarixin qəhrəman şəhər adını cəllad Sisyanovun başını kəsəndə alıb".
Şahanə RƏHİMLİ,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ