Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Okampo səfər ərəfəsində Azərbaycan dövlətinə və xalqına iftira atıb, ona şapalaq kimi cavab elə erməni spikerdən gəldi - rəy
Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru, erməni lobbisinin yağ-bal içində bəslədiyi Luis Moreno Okampo sentyabrın 9-da Ermənistana gəlib. Yerli media yazıb ki, belə bir dəvəti aldığı üçün o, şad olduğunu bildirib. “Bu, Ermənistanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək və ümumi strategiya hazırlamaq üçün unikal imkan olacaq”, - korrupsioner prokuror bildirib.
Azərbaycanın qatı düşmənlərindən olan Okampo səfər ərəfəsi dünya ermənilərinə ikinci açıq, təxribatçı məktub göndərib. Məktubda o, heç bir əsas olmadan Azərbaycan dövlətinə və xalqına iftira atıb. Azərbaycanın öz qanuni torpaqlarını azad etməsini “işğal” kimi göstərib, həyasızlıqla burada “soyqırım” törədildiyini iddia edib. Üstəlik, həbs edilən və məhkəməsi gözlənilən terrorçu-quldurları “əsir” adlandırıb. Bundan başqa, o, COP29 sammiti öncəsi və gedişatı zamanı hər kəsi Azərbaycana təzyiq göstərməyə çağırıb.
Göründüyü kimi, vaxtilə guya beynəlxalq məhkəmələrdə “ədaləti” müdafiə edən, lakin həmin anlayışdan bixəbər bu adam indi özünü Ermənistanın vəkili kimi aparır. Bir zamanlar ermənilərin törətdiyi vəhşiliklərə susqun qalan bu yaramaz indi “erməni xalqını qorumaq üçün səylərin birləşdirilməsinin vacib olduğunu” deyir. Bəs baş nazir Nikol Paşinyan açıq-aşkar Azərbaycan xalqı əleyhinə nifrəti körükləyən və kövrək sülh danışıqlarına zərbələr viran Okamponu qəbul edəcəkmi?
Yeri gəlmişkən, bu yaramaz prokurorun Qarabağda son baş verənləri “genosid” kimi təqdim etməsinə şapalaq kimi cavab elə Ermənistanın özündən gəldi: Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan etdi ki, “Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyası”nın buraxılması lazımdır, çünki artıq “ikinci tərəfin səlahiyyəti” yoxdur. Spiker Simonyan bu barədə parlamentin sessiyası zamanı “Hayastan” fraksiyasının katibi Artsvik Minasyanın “üç illik fasilədən sonra bu komissiyanın iclasını çağırmaq niyyətində olub-olmadığına” dair suala cavabında bildirib. Bununla yanaşı, Ermənistan parlamentinin sədri bildirib ki, onun üçün artıq “Dağlıq Qarabağın vəzifəli şəxsləri”, o cümlədən “Dağlıq Qarabağın prezidenti” termini yoxdur və o, bir hüquqşünas kimi hesab edir ki, sözügedən formatın ləğvi məsələsini ciddi şəkildə müzakirə etmək lazımdır. Faktiki olaraq Okampoya bir dərs keçilib və onun timsalında bütün ermənipərəst dairələrə mesaj verilib ki, rəsmi İrəvan gorbagor olmuş qondarma rejimə aid heç bir subyekti tanımır və “Dağlıq Qarabağın prezidenti” termini yoxdur.
Xəyal Bəşirov
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun sözlərinə görə, bundan qabaq da Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Tovio Klaar Özbəkistana səfir təyin ediləndən sonra belə iftiralar səsləndirmişdi: “Sanki bu adamlar yarışa giriblər və ermənilərə sonuncu xidmətlərini göstərirlər. Ümumiyyətlə, Ermənistanın Roma Statutunu təsdiq etməsindən sonra bu ölkənin beynəlxalq hüquqa guya riayət etdiyi təsəvvürü formalaşdırılır. Roma Statutunda isə dörd istiqamət üzrə cinayət işi var. Onların hamısını Ermənistan Azərbaycana və xalqımıza qarşı törədib. Amma Roma Statutuna qoşulan Ermənistana həmin cinayətləri törətməsinə görə bir söz deyilmir”. X.Bəşirovun fikrincə, bəli, bu beynəlxalq qurumlar nümayiş etdirirlər ki, nizamnamələri yaxşı yazılıb, tələbləri qulağa xoş gəlir, amma onları yerinə yetirmirlər: “İndi Okampo kimilərin səfəri də ermənipərəst siyasətdən irəli gəlir. Azərbaycan cinayət törədən şəxsləri həbs edib, Okampo kimi şəxslər onları "siyasi məhbus" kimi qələmə verməyə çalışırlar. Ona görə Ermənistana gəlməklə hüquqi müstəvidə kömək etmək istəyirlər. Azərbaycan artıq hərbi və diplomatik müstəvidə qalib gəlib, növbəti addım hüquqi fazada qarşı tərəfi məğlub etmək olacaq ki, onlar da indidən bu prosesə hazırlaşırlar".
Ehtiram Mehdiyev
Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev Okamponu siyasi dələduz adlandırır. Onun qənaəti budur ki, ermənilərə “tula”lıq edən Okampo yenə pul almaq üçün İrəvana səfər edir: “Paşinyan Azərbaycan-Ermənistan danışıqlarına zərər vuracaq belə fırıldaqçı şəxsləri yaxına buraxmamalıdır. Onun mövqeyi qızışdırıcı xarakter daşıyır. Ermənistan hökumətinin demədiklərini Okampo kimi şarlatanlar dilə gətirirlər. Belə adamların məqsədi pul qazanmaqla yanaşı guya Avropada Ermənistanın müdafiə olunduğu rəyini yaratmaqdır. Halbuki ifşa olunmuş biridir və nə deməsi mahiyyəti dəyişmir. Lakin biz hər bir təxribatçının siyasi hücumlarına layiqli cavab verməliyik və özümüz deyib özümüz eşitməməliyik. Okampo ilə bağlı beynəlxalq səviyyədə reaksiyalar olmalıdır. Azərbaycanın diaspor təşkilatları çox təəssüflər olsun ki, lazımi səviyyədə operativ deyil”. Partiya sədrinin müavini antiterror əməliyyatından sonra rəsmi səviyyədə Azərbaycana heç bir dövlətin etirazı olmadığını, sadəcə, ayrı-ayrı şəxslərin, təşkilatların çirkin kampaniya apardığını düşünür.
Xatırladaq ki, bədnam keçmişi olan Luis Moreno Okampo korrupsiya, hətta cinsi təqibdə də ittiham olunub. İndi onun erməni kampaniyasının önündə getməsi də təsadüfi deyil. Vaxtilə Qarabağ separatçılarının lideri Araik Arutyunyan da məhz Okampodan Qarabağdakı vəziyyətə münasibət bildirməyi xahiş edib və bu, faktdır. Eks-prokuror da tapşırığı yerinə yetirib və Qarabağda mövcud vəziyyət barədə qərəzli hesabat dərc edib. Keçmiş prokurorun Qarabağda “humanitar fəlakət” yaşanması ilə bağlı yersiz iddiası hətta Qərb mediası tərəfindən təkzib olunmuşdu. O, bir neçə il öncə ofşor maliyyə fəaliyyəti ilə bağlı suala cavabında bildirmişdi ki, Beynəlxalq Cinayət Məhkəməsindəki maaşı onun üçün kifayət etmir. Yeri gəlmişkən, bu dələduz işğaldan azad edilən Qarabağda “etnik təmizləmə”lərə yol verildiyini belə iddia edib. Okamponun adı MDB məkanında qalmaqallı məhkəmələrdə də hallanıb. Məsələn, o, "Centros Commerciales Antei" şirkəti vasitəsilə çirkli pulların yuyulmasında ittiham olunan Vladislav Rezniki müdafiə edib.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ