İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda “əjdaha”ya dönən kanalizasiya xətləri - Növbəti qurban Yasamalda olacaq! FOTOLAR

Bakıda kanalizasiya xətlərinin, su ötürücü sistemlərin vəziyyəti günün tələblərinə cavab vermir.

Binəqədidə kanalizasiya sistemlərinin bərbad vəziyyəti bir ailənin ocağını söndürdü.

Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlü yolda baş verən çökmə nəticəsində kanalizasiya xəttinə düşərək faciəli şəkildə həyatını itirdi. O, evdən çıxıb sadəcə marketə gedib qayıtmalı imiş. Lakin Cümşüd Cümşüdlü geri dönmədi.

CUMSUD.jpg (25 KB)

Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, Cümşüd Cümşüdlü kanalizasiya xətlərinin bərbadlığı səbəbindən asfaltın qəfil çökməsi ilə yerin altına düşür. Məlum olur ki, həmin yolda çökmə ilk dəfə 6 ay əvvəl baş verib. Asfalt qatının çökmə səbəbi isə kanalizasiya borularından çirkab suların kənara axması, torpaq qatını yuyub aparması olub.

Lakin bu müddət ərzində heç bir tədbir görülməyib. Ərazidə çökmə baş verən hissələrin üzərinə taxta paddonlar atılıb. Kanalizasiya suları isə torpaq qatını yuyub aparmaqla çökmə ərazisinin genişlənməsini şərtləndirib, nəticədə ölümlə nəticələn hadisə meydana gəlib.

Binəqədi rayonu ərazisində yaşanan bu faciəvi olay Bakının digər ərazilərində də baş verə bilər.

Məsələn, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində piyadalar üçün nəzərdə tutulan yolun ortasında torpaq qatı çəkilib. Çökən hissənin içərisi tullantı və çirkab sularla doludur.

Hadisə yerində olan Musavat.com əməkdaşları sakinlərin narahatlığının canlı şahidi olublar.

Ətrafda yaşayan sakinlər növbəti qurban özlərinin və uşaqlarının olacaqlarından narahatdırlar. Həmin küçədə kanalizasiya quyusunun dəmir qapağı yoxdur, üstünə sadəcə taxta parçası qoyulub. Bu isə insanların həyatı üçün hər gün təhlükə deməkdir.

Eyni vəziyyət şəhərin mərkəzində, Rəşid Behbudov və Sahib Zeynalov küçələrinin kəsişməsində də hökm sürür. Kanalizasiya quyusu burada da açıqdır. Həmin ərazi isə Azərbaycan Dillər Universitetinə gedən yoldur. Tələbələrin və yüzlərlə vətəndaşın hər gün istifadə etdiyi bir marşrutdur.

Paytaxtın digər nöqtəsində, Nərimanov rayonu, Əhməd Rəcəbli 63 ünvanında isə kanalizasiya xətləri daşaraq küçəni tullantı suları ilə bürüyüb. Sakinlər aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problemə nə baxan var, nə də həll edən. Çarəsiz insanlar yolları öz əlləri ilə təmizləməyə məcbur qalıblar.

Bakı şəhərinin kanalizasiya sistemi “əjdaha”ya dönüb. Kanalizasiya xətləri ölümün qapısına çevrilib. Kanalizasiya sisteminin bu cür köhnəlmiş və təhlükəli vəziyyətdə olması artıq təkcə narahatlıq deyil, birbaşa insan həyatı üçün real təhlükədir. Cümşüd Cümşüdlü faktı bunu bir daha sübut etdi.

Əgər bu məsələlər hələ də “sıradan texniki nasazlıq” adı altında ört-basdır edilirsə, növbəti qurbanların da qaçılmaz olduğu bəllidir.

İnarə HÜNBƏT,
Mənzər NOVRUZLU
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR