Onlayn ictimai-siyasi qəzet
Şuşada 6 nəfərin faciəvi ölümü ilə nəticələnən dəhşətli qəzanın təfərrüatı məlum olub. Cinayət işi materiallarında yer alan ifadələrdən məlum olub ki, sürücü qəzanın baş verdiyi yolla hərəkət etməməli imiş. Həmçinin qəzadan sonra avtomobilin anidən alışması və hər kəsin yanaraq ölməsi də müəmmalı məsələlərdən idi.
Musavat.com xəbər verir ki, hadisə 2023-cü ilin noyabr ayında Şuşada, Daşaltı kəndi ərazisində baş vermişdi.
“Nissan Navara” markalı avtomobilin aşması nəticəsində avtomobil alovlanmış və maşında olan sərnişinlər - Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölmüşdülər. Sürücü Elvin Abbasov isə ağır yanıq xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına, oradan da Bakıya gətirilmişdi. Bir neçə gün xəstəxanada qalsa da onun həyatını xilas etmək mümkün olmamışdı.
Qəzaya düşənlər “Mikro Tunel Tikinti” MMC-nin işçiləri olub. Şirkət Şuşaya qaz xətti çəkilişi layihəsini həyata keçirirmiş.
Maşında qaz balonu olub?
Mərhum sürücünün qardaşı ifadəsində maşında qaz balonu olması ehtimalını irəli sürüb. Onun sözlərinə görə, qaz balonu ilə bağlı ehtimalı heç kim öz üzərinə götürməyib, bununla bağlı onlara izahat verilməyib.
İş üzrə mərhum sürücü Elvin Abbasovun bacısının əri də şahid kimi dindirilib. Həmin ifadədə diqqət çəkən məqamlar olub. Məlum olub ki, hadisədən bir neçə dəqiqə əvvəl Elvin onunla telefonda görüntülü danışırmış və maşının nasaz olduğunu deyibmiş:
“Elvin mənim qaynım idi. Hadisədən yarım saat əvvəl onunla danışırdım. Telefonda danışan zaman maşını ehtiyatla sürdüyünü, əyləc sisteminin nasaz olduğunu deyirdi. Həmin vaxt iş yoldaşlarına yemək apardığını, qayıdacağını dedi. Yollar təhlükəli olduğu üçün ehtiyatlı olmasını istədim. Yol getdiyi üçün darıxırdı, telefonu sağ oturacağın üzərinə qoymuşdu”.
Sürücü niyə həmin yolu seçib?
İşçilərin çalışdığı MMC-nin briqadiri də şahid qismində dindirilib. Onun sözlərinə görə, Elvinin idarə etdiyi avtomobili daha əvvəl özü sürdüyü üçün nasaz olmadığını bilir:
Briqadirin ifadəsində digər maraqlı məqam isə budur ki, qəzanın baş verdiyi yoldan istifadə etmək qadağan imiş: “Biz ümumilikdə “Zəfər yolundan” istifadə edirdik. Elvinin maşını sürdüyü yolla getmək qadağan idi, o yola nəyə görə girdiyini bilmirik”.
Cinayət işi materiallarında komissiyon məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizasının rəyi də var. Rəydə göstərilir ki, yanğının mənbəyi avtomobilin mühərrik bölməsinin daxilində olub və yanğın mənbə zonasından yanar materialların üzəri ilə yüksələn xətt istiqamətində genişlənərək avtomobilin bütün hissələrinə yayılıb.
Ekspertiza rəyində qaz balonunun olması, partlaması ilə bağlı heç bir qeyd yer almayıb.
Qeyd edək ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; 2 və daha artıq şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açılıb. Mərhum sürücü Elvin Abbasov təqsirləndirilən şəxs qismində tanınıb.
Məhkəmə araşdırmasının yekununda mərhum Elvin Abbasov qeyd edilən maddə ilə təqsirli bilinib. Lakin vəfat etdiyi üçün barəsində cəza təyin edilməyib.
İlkin Muradov
Musavat.com
01 Iyul 2025
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ