İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şeytanın qardaşları” olmaq istəmiriksə, ehsan süfrələrinə yox deyək!

 
“Azərbaycan cəmiyyətində yas mərasimləri uzun illərdir ki, həm dini, həm də milli adət-ənənələrin ayrılmaz hissəsi kimi qəbul olunur. Lakin bu mərasimlərin keçmişlə müqayisədə indi daha çox sosial göstəriş, israfçılıq və süni rəqabət müstəvisinə keçməsi çox böyük neqativ mənzərə yaradır. Kədərini yaşamaq istəyən, yaxınını itirmiş insanlar yas mərasiminin maddi sıxıntısının yükü altında əzilir. Hətta iş o yerə gəlib çatıb ki, bəzi insanlar yas yerində verilən yeməklərin keyfiyyəti barədə müzakirələr aparmağa başlayıblar. Halbuki yas mərasimlərinin məqsədi mərhumun ruhuna sayğı göstərmək və ailəyə mənəvi dəstək vermək olmalıdır.
 
Təəssüf ki, bir çox hallarda bu mənəvi borc arxa planda qalır. Bunun əvəzində ailələr təmtəraqlı yemək süfrələri açmaq, yüzlərlə qonağı qarşılayıb yedirmək əndişəsi ilə üz-üzə qalırlar”.
 
Bunu Musavat.com-a açıqlamasında dini mövzular üzrə araşdırmaçı yazar Rəsul Mirhəşimli deyib.
 
RESUL SON.jpg (54 KB)
 
O bildirib ki, rayonlarda bu gedişata qarşı cəmiyyət daxilində sağlam təşəbbüslər alqışlanmalıdır:
 
“Bu təşəbbüslərin bütün ölkə ərazisinə yayılması üçün ağsaqqalların, din xadimlərinin və ziyalıların üzərinə böyük məsuliyyət düşür. Yas mərasimlərində yemək süfrələrinin ləğv olunması və ya sadələşdirilməsi istiqamətində təbliğatın miqyasını genişləndirmək lazımdır. Bu təşəbbüslər yalnız maddi yükü azaltmaqla kifayətlənmir, həm də dini və mənəvi prinsiplərə daha yaxın bir modeli təklif edir. İslam dininin bu məsələyə münasibəti də aydındır. Qurani-Kərimdə açıq şəkildə qeyd olunur ki, israfçılıq böyük günah sayılır və israf edənlər "şeytanın qardaşları" kimi dəyərləndirilir. Bu baxımdan, yas mərasimlərində yemək süfrələrinin israf səviyyəsinə çatması dini baxımdan da qəbuledilməzdir.
 
Peyğəmbərimiz Hz. Məhəmmədin (s) həyatında da yas mərasimlərində təmkin və sadəlik əsas götürülüb.
 
Azərbaycanın yas mərasimlərinin təxminən 40 il öncəsinə nəzər salsaq, görərik ki, yemək vermək mərhumun yaxınlarına aid olmayıb, əksinə, yaxınları dünyadan köçmüş ailələrə yemək aparmaq ənənəsi olub”.
 
İlahiyyatçı deyib ki, bu təşəbbüslər insanların bir-birinə maddi imkanlarla deyil, mənəvi dəstək və ürəkdən gələn iştirakla mənəvi dayaq olmasına şərait yaradır:
 
“Bu ənənələr eləcə də ailələr arasında sosial bərabərliyin qorunmasına kömək edir. Çünki hər ailənin imkanları eyni deyil və təmtəraqlı yas mərasimləri bir çox hallarda insanlar üçün əlavə borc, stress və təzyiq mənbəyinə çevrilir. Bütün bu faktorları nəzərə alaraq demək olar ki, yas mərasimlərində israfdan imtina edilməsi, yemək süfrələrinin sadələşdirilməsi və ya tamamilə ləğv olunması yalnız fərdi qərar deyil, həm də dini borc, mənəvi məsuliyyət və ictimai şüurun göstəricisidir.
 
Yas mərasimlərinin sadələşdirilməsi istiqamətində maarifləndirmə işlərinin daha da genişləndirilməsi və belə təşəbbüslərin təbliği Azərbaycanın hər bölgəsində bu müsbət dəyişikliyin kök salmasına yardımçı ola bilər. Ən əsası isə bu dəyişikliklə insanlar acılarını və kədərini daha səmimi, daha mənəvi və təvazökar şəkildə yaşaya, yasın əsl ruhunu qoruyub saxlaya bilərlər”.
 
Qeyd edək ki, Göygöl rayonunda yerli sakinlər bildiriblər ki, rayonda və kəndlərində ehsan verilməsi dayandırılıb, yalnız çay süfrəsi ilə kifayətlənmək qərara alınıb. Bu qərar ağsaqqalların və din xadimlərinin ortaq razılığı ilə qəbul olunub. Göygöldən əvvəl bu təşəbbüsə Samux rayonu da qoşulmuşdu. 2023-cü ildə rayon rəhbərliyi və ictimaiyyət ehsanların yığışdırılması təşəbbüsünü irəli sürmüş, geniş dəstək qazanmışdı. Bundan başqa, Şabran rayonunda da analoji qərarlar qəbul edilib.
 
Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR