Onlayn ictimai-siyasi qəzet
Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Bulaq” kafesində baş verən qətlin təfərrüatı məlum olub. Hadisənin səbəbi kafedə tərəflərdən birinin digərinə baxması olub.
Musavat.com xəbər verir ki, mübahisə zamanı 30 yaşlı Nicat Bayramov qətlə yetirilib.
O, Sumqayıtda 34-cü məhəllədə yaşayır, avtosalonların birində çalışırmış. Qətli törədən Nüsrət Həsənlinin isə 25 yaşı olub.
İstintaqla müəyyən edilib ki, tərəflər öz dostları ilə kafedə yeyib-içiblər. Sonra onların bir-birlərinin masasına baxması mübahisəyə səbəb olub. Mübahisə zamanı Nüsrət bıçaqla Nicatın boğaz nahiyəsindən, bir zərbə də ürəyindən vuraraq onun ölümünə səbəb olub.
Təqsirləndirilən Nüsrət ifadəsində deyib ki, mərhum iki nəfər tanışı ilə yan masada əyləşiblər. Onlar bir-birinə baxan zaman aralarında söz-söhət olub:
“Nicatın yanında Sərxan adlı şəxs də var idi. Əvvəlcə Sərxana dedim ki, bura istirahət etməyə gəlmişik. Sonra bu söhbəti Sərxan Nicata deyib. Mən əlimi yuyanda Nicat mənə yaxınlaşıb “salamatçılıqdır?” deyə soruşdu. Mən də salamatçılıq olduğunu dedim. Mübahisə edəndə bizi sakitləşdirdilər. Amma aranı qatan Sərxan idi. Guya bizi sakitləşdirirdi. Mən dedim ki, ikimiz də sərxoşuq. Sonra söhbət edərik. Sərxan Nicatı daha da əsəbləşdirirdi. Mən Nicatı tanımırdım. Amma Sərxanı əvvəldən tanıyırdım, polis olduğunu bilirdim. Həyətdə mübahisə edəndə Nicatı vurmaq fikrim yox idi. Bıçaq da həmişə üzərimdə olurdu. Taksi sürücüsü olduğum üçün özümü qorumaq məqsədi ilə gəzdirirdim”.
Hadisə şahidləri dindirilən zaman Nüsrətin ifadəsində oxşar ifadə veriblər.
Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinən Nüsrət məhkəmənin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.
İ.Muradov
Musavat.com
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ