Onlayn ictimai-siyasi qəzet
İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində baş verən hadisələr, xüsusilə də orada yaşayan azərbaycanlılara qarşı hüquq-mühafizə orqanlarının keçirdiyi sərt əməliyyatlar Azərbaycan cəmiyyətində böyük narazılıqla qarşılanıb. Əməliyyat zamanı iki nəfər həlak olub, bir neçə nəfər saxlanılıb və xəsarət alıb. Bu hadisə təkcə bir hüquq pozuntusu deyil, Rusiyada yaşayan azərbaycanlılara və digər etnik azlıqlara qarşı artan təzyiqlərin və ayrı-seçkiliyin növbəti nümunəsidir.
Azərbaycan Xarici İşlər Nazirliyi hadisəyə dərhal reaksiya verərək, Rusiya səfirliyinin müvəqqəti işlər vəkili ilə görüş keçirib və rəsmi etirazını bildirib. Lakin bu, son illərdə baş verən ilk belə hadisə deyil. Rusiyada yaşayan azərbaycanlılara qarşı təzyiqlər, onların hüquqlarının pozulması, kiberhücumlar və hətta sərnişin təyyarəsinə qarşı törədilmiş cinayət kimi hadisələr artıq sistemli bir tendensiyaya çevrilib.
Yekaterinburqda baş verənlər, əslində, Rusiyada etnik və dini müxtəlifliyə qarşı artan dözümsüzlüyün, islamofobiyanın və monoetnik dövlət modelinə keçid cəhdlərinin bir hissəsidir. Bu cür yanaşmalar təkcə daxili sabitliyi pozmur, həm də beynəlxalq hüququn prinsiplərinə, insan hüquqlarına və dövlətlərarası münasibətlərə ciddi zərbə vurur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Arzuman Abdulkərimov ilk olaraq bildirib ki, 2 gün əvvəl Rusiya Federasiyasının Yekaterinburq vilayətində baş verən hadisələr, orada yaşayan soydaşlarımıza qarşı törədilən cinayətlər bir daha sübut etdi ki, Rusiya şovinist bir dövlətdir və burada insanlara etnik kimliyinə görə münasibət göstərilir:
“Həmin təzyiqə, vəhşiliyə və vandalizmə məruz qalan şəxslər etnik azərbaycanlı olsalar da, onlar uzun illərdir ki, Rusiya vətəndaşlarıdır. Bu isə onu göstərir ki, Rusiya Federasiyasında vətəndaşlıq faktı heç bir əhəmiyyət daşımır; insanlar etnik kimliyinə görə qiymətləndirilir. Bu hadisələr dediklərimizin canlı sübutudur. Biz zaman-zaman Rusiyanın Azərbaycana və digər keçmiş sovet respublikalarına, xüsusilə də etnik rus olmayan vətəndaşlara qarşı mütəmadi olaraq təzyiqlər, zorakılıq və vandalizm aktları həyata keçirdiyinin şahidi olmuşuq. Son hadisələr bir daha sübut etdi ki, avtoritar və diktatura rejimi ilə idarə olunan bu tip dövlətlərdə insan faktoru önəmli sayılmır — əksinə, etnik kimliyi əsas götürülür və davranış ona uyğun tənzimlənir. Rusiyanın ötən ilin sonlarında Azərbaycanın sərnişin təyyarəsinə qarşı törətdiyi cinayət, eləcə də Azərbaycanın bir çox saytlarına qarşı həyata keçirdiyi kibercinayətlər — bütün bunlar göstərir ki, Rusiya öz qonşuları ilə mehriban qonşuluq siyasəti yürütmək niyyətində deyil. Bu gün Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulinin səsləndirdiyi “açıqlama” diqqət çəkib. O bildirir ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü deyil, ona görə də onu strateji tərəfdaş kimi qəbul edə bilmərik. Yəni bu ifadəyə əsasən, strateji tərəfdaşlıq yalnız KTMT-yə üzv ölkələrə aiddir”.
Politoloqun sözlərinə görə, bu, bir daha sübut edir ki, Rusiya nə imzaladığı sənədlərə, nə də bağladığı müqavilələrə hörmətlə yanaşır:
“Başqa sözlə, Rusiya müqavilə əxlaqı olmayan bir dövlətdir. Təbii ki, bütün bu hadisələr və aparılan siyasət Rusiyanın prezidenti Vladimir Putinin nəzarətindən kənarda deyil. Həm yeridilən siyasət, həm də yüksək rütbəli Rusiya məmurlarının verdiyi açıqlamalar deməyə əsas verir ki, bu proseslər birbaşa Rusiya Prezidentinin nəzarəti altında həyata keçirilir, həmin təlimatlarla idarə olunur. Hesab edirəm ki, Rusiyada Azərbaycan dövləti haqqında hələ də reallığa uyğun təsəvvür formalaşmayıb. Onlar 1990-cı illərin Azərbaycanı ilə indiki Azərbaycanı səhv salırlar. 1990-cı illərdə, bildiyiniz kimi, xüsusilə də Rusiya kimi dövlətlərin Azərbaycana baxışı tam fərqli idi. Onlar ölkəmizə “istədiyimizi edə bilərik” düşüncəsi ilə yanaşırdılar. Lakin artıq Azərbaycan həmin Azərbaycan deyil. Bu gün Azərbaycan güclü bir dövlətdir – güclü iqtisadiyyatı, güclü ordusu və güclü dövlət başçısı, Ali Baş Komandanı var. Belə həssas məsələlərdə, əgər mövzu Vətən və dövlətçilikdirsə, biz xalq olaraq hamımız Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşməyə və dövlətimizi, dövlətçiliyimizi qorumağa tam hazırıq. Ruslar nəzərə almalıdırlar ki, bu gün Azərbaycanın 10 milyonluq əhalisi, əslində, 10 milyon əsgər deməkdir. Bu, bir daha Rusiyanın davranışlarının onun müqavilə və öhdəliklərə hörmət etməyən bir dövlət olduğunu açıq şəkildə təsdiqləyir”.
30 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ