İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın qəti mövqeyi: Konstitusiya dəyişikliyi yoxdursa, sülh də yoxdur – “Dəmir yumruq” isə həmişə var!  

Paşinyan Nyu-Yorkda sülh müqaviləsindən danışarkən növbəti dəfə Konstitusiya dəyişikliyi məsələsinə toxunaraq bildirib ki, Ermənistan konstitusiyasının 5-ci maddəsinin 3 bəndinə görə ratifikasiya olunmuş beynəlxalq sazişlər Ermənistan qanunvericiliyindən üstün sayılır.

Söhbət ondan gedir ki, Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsi ilə bağlı fikir var və 1989-cu il 1 dekabr tarixli deklarasiyaya əsasən, “Dağlıq Qarabağ” vilayəti Ermənistana birləşdirilməlidir. Maraqlıdır ki, dəfələrlə Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi qəbul edən, sülh müqaviləsini tez bir zamanda imzalamağa həvəsli olduğunu bəyan edən erməni siyasi elitası bu maddəni dəyişdirməyə həvəssiz yanaşır.

Paşinyan üzdə sülhpərəst görünməyə çalışır. BMT tribunasından pozitiv çıxışlar edir, mehriban qonşuluq münasibətdən danışır. Nitqində sülhdən, təhlükəsizlikdən, rifahdan, azadlıqdan, ədalətdən, insan haqlarından, süni intellektdən, iqlim dəyişikliyindən bəhs edir. O deyir: “Biz keçmişi dəyişə bilmərik, bu gün də çox şeyi dəyişə bilmərik, çünki bu gün müəyyən dərəcədə keçmişin bir hissəsidir, lakin gələcəyin formalaşdırılması bu günün ən mühüm vəzifəsidir.

Bununla belə, xüsusilə vacib olan, gələcəyə baxışımızı hansı konsepsiyaya əsasladığımız və ona uyğun olaraq onu necə qurduğumuzdur. Qəribə görünə bilər, amma gələcək üçün edə biləcəyimiz ən vacib şey müsbət hekayələr yaratmaq və ona diqqət yetirməkdir”.

Ölkənin konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı bir maddə var. Bakı diplomatiyası və siyasi elitası bunun ləğvini tələb edir, Paşinyan hökuməti isə üzdə özünü razı göstərir, lakin bunun həyata keçirilməsini müxtəlif arqumentlərlə uzadır.

Prezident İlham Əliyev isə dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyası dəyişmədən heç bir sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Bununla da dövlət başçısı Ermənistanın siyasi elitasının qarşısına yeni tapşırıq qoyub və qarşı tərəfdən onun icrasını gözləyir.

Belə olan halda Ermənistanın baş naziri BMT tribunasından hansı gələcəkdən danışır? Regionda qonşu dövlətlər arasında sülh olmayan yerdə hansısa gələcəyi görmək mümkünmüdür? Paşinyan özü də deyir ki, konstitusiyanın preambulası sülhə maneədir. Digər tərəfdən isə konstitusiyaya dəyişiklik etməmək üçün müxtəlif “arqumentlər” gətirir.

Ermənistan konstitusiyasında isə konkret olaraq, Azərbaycana qarşı ərazi iddiası var. Amma baş nazirdən tutmuş, digər rəsmi şəxslərə qədər, dəfələrlə erməni tərəfi bəyan edib ki, Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur və ola bilməz. Yaxşı, doğrudan da Ermənistanın Azərbaycana ərazi iddiası yoxdursa, o zaman bu ölkənin rəhbərliyi qeyd olunan preambulanı necə izah edə bilər?

 Əgər Ermənistanda hakimiyyət dəyişikliyi baş tutsa və sülh əleyhdarları hakimiyyətə gəlsə, bu zaman yenidən konstitusiya maddəsi əsas götürüləcək və sülh danışıqları ləğv ediləcək. Bu isə  Azərbaycanın səbir kasasının yenidən daşmasına, “dəmir yumruğun” işə düşməsinə səbəb ola bilər. Azərbaycan-Ermənistan arasında sülhün dayanıqlı və davamlı olması üçün denonsasiyaya səbəb ola biləcək hüquqi aktlar qüvvədən salınmalıdır. Eyni zamanda Paşinyanın Qərbin regiona müdaxiləsi üçün Ermənistanın qapılarını açmasına son qoyulmalıdır. Guya “sülhə hazır olan” Ermənistan Azərbaycana qarşı qara piar təşkil edir, erməni lobbisinin nəzarətində olan, onunla əməkdaşlıq edən dairələr, media, hüquq müdafiə təşkilatları Azərbaycana ardıcıl hücumlar edirlər.

Arzuxan Əlizadə: Azərbaycan dövləti yeni inkişaf mərhələsinə qədəm qoyub

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Musavat.com-a bildirib ki, Ermənistan konstitusiyası ilə bağlı Azərbaycanın haqlı tələbi var:

 “30 ildən artıq Azərbaycan ərazilərini işğal altında saxlayan bir dövlətlə gələcəkdə sülh müqaviləsi bağlanılırsa, qanunvericilik səviyyəsində Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir.

Ermənistanın konstitusiyasında tək Azərbaycana deyil, qardaş Türkiyəyə qarşı da ərazi iddiaları var. Bu iddialar oradan götürülmədikcə Azərbaycanla hər hansısa bir sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Bu, birmənalıdır. Ermənistanın XİN başçısı gah deyir, 16 maddədən 13-nü razılaşdırmışıq, razılaşdırılmış maddələr üzrə  hansısa bir çərçivə sənədinə imza atılsın, qalanlarını sonra müzakirə edərik. Bu, səmimi açıqlama deyil. Çünki bu, prinsipial məsələdir. Bununla bağlı ermənilər geri addım atmayacaqlar və qanunvericilikdə dəyişikliklər etməyəcəklərsə, digər maddələr avtomatik olaraq əhəmiyyətini itirir. 

Ermənilər altına imza atdıqları sənədi belə icra etməyiblər. Üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər. 10 noyabr bəyannaməsindəki heç bir öhdəliyi icra etmədilər. Azərbaycan öz gücü ilə həmin müddəaları reallaşdırmış oldu. Bu da bir təcrübə və reallıqdır. Ona görə də ermənilərlə başqa cür təmas mümkün deyil.  Ermənistan vaxt qazanmaq istəyir, bunun üçünsə hiyləgərcəsinə beynəlxalq kürsülərdə yalandan deyir ki, sülh bağlamağa hazırdır və s. Azərbaycanı isə sülh müqaviləsi bağlamaq istəməyən və buna hazır olmayan tərəf kimi təqdim edir. Bununla da beynəlxalq ictimaiyyətin diqqətini yayındırırlar. Bununla da  Ermənistan vaxt udur, ordu potensialını gücləndirir və silahlanır. Əlverişli məqam gözləyir ki, digər addımları atsın.

Ermənistanı buna təhrik edən güclər var. Onlar regiona bu yolla öz nüfuzlarını yeritmək istəyirlər. Ermənilərdən isə bir rıçaq kimi istifadə olunur. Belə olan halda Azərbaycan haqlı olaraq Ermənistandan hər cür xəyanəti gözləyir.

1918-ci ildə Azərbaycanın ərazisi 114 min, Ermənistanın ərazisi isə 9 min kvadrat kilometr olub. Azərbaycanın əraziləri hesabına özlərinə paytaxt, dövlət yaradıblar.   Özləri də bunun fərqindədirlər. Həmin dövrlə bağlı Azərbaycanın iddiaları ola bilər deyə həyasızlıq edirlər”.

Şahanə Rəhimli

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR