Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Yasamal rayonu ərazisində yerləşən “İnci” tədris mərkəzinin karate müəllimi Tərlan Cavadovun həbsinin detalları üzə çıxıb.
Məlum olub ki, tanınmış idman ustası mərkəzdə idman dərslərində iştirak edən 15-16 yaşlı 3 qızın valideynlərinin şikayəti əsasında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 153-cü (On altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.
Son illər bu tip hadisələr xüsusilə 15-16 yaşlı yeniyetmələrə qarşı artıb.
Bəs bu nə ilə bağlıdır? Azyaşlı qızlara maraq nə ilə bağlıdır? Bu, tibbi yoxsa psixoloji problemdir?
Məəslə ilə bağlı Yenisabah.az-a danışan tanınmış psixoloq Samirə Bağırova bildirib ki, bu cür hallar zaman keçdikcə daha da arta bilər:
“Azyaşlı uşaqlara qarşı təcavüz, uşaq itkiləri hələ bundan sonra getdikcə artacaq. Nə qədər ki, ölkədə Nərminin ölümünə və Rasim balanın itkisinə, qadınların öldürülməsinə insanlar susqun qalacaq, nə qədər ki, cinsi istismarlara insanlar sadəcə bir xəbər başlığı kimi baxıb keçəcəklər, hüquq-mühafizə orqanları bu kimi məsələlərə soyuq yanaşacaq, belə hallar davam edəcək. Türkiyədə baş verən hadisələr bizdən təsirsiz keçməyəcək. Əmisi və anası tərəfindən qətlə yetirilən Narin üçün bütün Türkiyə ayağa qalxıb qatilə ölüm tələb etdiyi halda, bizim xalq sadəcə izləməklə işini bitmiş hesab edir. Çünki birlik yoxdur. Çünki insanlar öz balasının namusunu təmizləmək, qatilini şikayət etməkdən qorxurlar. Elə bu səbəbdən nə qədər qatı açılmamış cinayətlər var”.
Psixoloqun sözlərinə görə, qonşu ölkələrdə baş verən hadisələr bizim ölkə üçün də təbliğat rolunu oynayır:
“Türkiyə bizə yaxın ölkə olduğu üçün orada baş verən hər şey - təhsilindən, dilinə, siyasətindən filminə qədər bizim ölkə üçün təbliğatdır. Bu hələ keçmiş illərdən nümayiş olunan, açıq-saçıq səhnələr ilə məşhur Yeşil Çam filmlərindən başlayıb. Bu gün azərbaycan gənclərindən hər 5 nəfərdən 3- ü türkcə danışır. Bu da o deməkdir ki, Azərbaycan dili unudulur. İzlənən seriallar, kriminal xəbərlərlə böyüyən gənclərdən nə kimi davranış gözləyirsiz? Düşünürəm ki, ölüm cəzası tətbiq olunmadıqca uşaq təcavüzü, uşaq itkiləri bundan sonra hələ daha da artacaq. Orqan alveri və cinsiyyət dəyişikliyi bizim də ölkəmizdə yayılacaq”.
Psixoloq pedofillərin psixologiyasını açıqlayıb və valideynlərə səslənib:
“Pedofillərə gəlincə isə onlar istismar, yaxud təcavüz üçün mütləq ya hədsiz şıltaq, ya da çox sakit təbiətli uşaq seçirlər. Və niyyətini tətbiq etmədən öncə, uzun müddət uşağı müşahidə edirlər. Ailədəki problemləri öyrənirlər. Xüsusən problemli ata- ananın, yaxud boşanmış valideynlərin uşağını seçirlər. Boşanmalar özü də uşaq itkilərinə, təcavüzünə gedən yoldur. Natamam ailədə tək valideyn yetəri qədər uşağa nəzarət etmək gücündə olmur. Valideynlər diqqətli olsunlar və bu sahədə övladlarını məlumatlandırsınlar. Qorxudaraq deyil, özünümüdafiə məqsədilə 6-7 yaşlardan həm qız, həm oğlan uşaqlarına başa salmalıdırlar ki, kimsə onların vücuduna toxuna bilməz. Əks təqdirdə, mütləq valideynə xəbər versinlər”.
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ