Onlayn ictimai-siyasi qəzet
Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə Kanada xarici işlər naziri Melani Jolini qərəzli olduğu və Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri görməzdən gəldiyi üçün sərt tənqid edib.
Musavat.com xəbər verir ki, bu barədə XİN-in rəsmisi sosial şəbəkədə paylaşım edib.
"Kanadadakı Erməni Milli Komitəsinin təbliğatını aparmaq, Kanada xarici siyasətinin milli maraqlarına və ölkənin beynəlxalq nüfuzuna xələl gətirə bilər. Belə bir yanaşma, Xarici İşlər naziri üçün tələb olunan düzgün mühakimə və obyektivlik hissinin ciddi şəkildə çatışmadığını göstərir.
Təəssüflər olsun ki, siz 1 milyondan çox azərbaycanlının başına gətirilən etnik təmizləmə, qətliamlar, vəhşiliklər, mədəni irsin silinməsi və digər insanlıq əleyhinə cinayətlərə heç vaxt diqqət yetirmədiniz. Bu hadisələr Ermənistan tərəfindən törədilmiş, lakin dünya ictimaiyyəti tərəfindən yetərincə tanınmamışdır.
Çox gözəl deyilib: “Qərəz, kölgə kimi düşüncənin nurunu qaranlığa qərq edir”.
Bir daha xatırlatmaq istərdik: hər zaman faktlara söykənin, erməni diasporasının uydurma narrativlərinə deyil.
Azərbaycanın 2023-cü ildə həyata keçirdiyi antiterror tədbirləri, Ermənistanın qanunsuz hərbi birləşmələrinin Azərbaycan ərazilərində törətdiyi təxribatlara qanuni və proporsional cavab idi. Cəmi 24 saatdan az davam edən bu əməliyyatın məqsədi, qanunsuz silahlı qüvvələrin və onların infrastrukturunun zərərsizləşdirilməsi idi və bu, beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə həyata keçirildi.
Əməliyyat zamanı mülki əhaliyə və mülki infrastruktur obyektlərinə qarşı heç bir hədəf alınmamış, bölgədə yaşayan erməni sakinlərin çıxışı isə tamamilə könüllü olmuşdur", - Ayxan Hacızadə qeyd edib.
Musavat.com
25 Aprel 2025
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ