Onlayn ictimai-siyasi qəzet
Azərbaycanəsilli İran Prezidenti Məsud Pezeşkianın Bakıya rəsmi səfəri ərəfəsində verdiyi açıqlamalar iki ölkə arasında münasibətlərin normallaşması və gələcək əməkdaşlıq baxımından mühüm siqnallar ehtiva edir. Prezident səfər ərəfəsində İranın rəsmi informasiya platforması olan “presstv.ir” saytına verdiyi bəyanatla həm siyasi, həm də emosional mesajlar verib.
“İki ölkə vahid bir orqanın üzvləri kimidir və sərhədin hər iki tərəfində yaşayan insanlar min illik dərin dostluq və ümumi yaxınlıqdan qaynaqlanan geniş qarşılıqlı maraqları bölüşürlər” – deyə Pezeşkian bildirib.
Musavat.com xəbər verir ki, prezident eyni zamanda vurğulayıb ki, İran və Azərbaycan arasında son illərdə yaranmış yanlış yozumlar və gərginliklər aradan qaldırılmalı, tərəflər arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi üçün mövcud potensialdan istifadə olunmalıdır:
“İki ölkə və onların xalqları arasında qarşılıqlı fəaliyyət potensialı və imkanları geniş, dərin və rəngarəngdir. Davam edən əlaqələrin bərpası prosesi ilə biz tezliklə bu imkanların çiçəklənməsinin, əlaqələr və əməkdaşlıq səviyyəsində sürətli və mənalı yüksəlişin şahidi olacağıq.”
Pezeşkian, Bakıya gözlənilən səfərinin də bu yüksəliş prosesinə ciddi töhfə verəcəyini qeyd edib.
“Ümidvaram ki, son məsləhətləşmələr və aparılan hazırlıq işləri nəzərə alınmaqla, bu səfər iqtisadiyyat, ticarət, mədəniyyət, turizm və siyasət sahələrində hökumət, özəl və dövlət sektorları arasında əlaqələrin dərinləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi prosesini əhəmiyyətli dərəcədə asanlaşdıracaq və sürətləndirəcək.”
2023-cü ilin yanvarında Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı bir nəfərin həlak olması və rəsmi Bakının bu hadisəni “terror aktı” kimi qiymətləndirməsi iki ölkə arasında ciddi gərginliyə səbəb olmuşdu. Rəsmi Tehran isə həmin hadisəni şəxsi motivlərlə izah etmiş və məsələ uzun müddət qarşılıqlı ittihamlarla müşayiət olunmuşdu. Bu fonun fonunda Pezeşkianın Bakıya səfəri və verdiyi barışıq mesajları strateji əhəmiyyət daşıyır.
Məsud Pezeşkian təkcə İran prezidenti deyil, eyni zamanda Güney Azərbaycanda doğulmuş, türk kimliyinə və mədəniyyətinə bağlı bir şəxsiyyətdir. Onun türkcə mükəmməl danışması, Azərbaycanla dil və mədəni yaxınlığı açıq şəkildə nümayiş etdirməsi, ictimai rəydə müsbət qarşılanır.
Məsud bəyin Bakıda ən yüksək səviyyədə qarşılanacağına heç bir şübhə yoxdur. Bu səfər, həm də bir millətin iki qanadı arasında tarixi bağların yenidən bərpa edilməsi baxımından rəmzi məna daşıyır.
Azərbaycan Məsud Pezeşkianın da vətənidir. Təbrizdə gördüyü sevgini Bakıda da görəcəyinə şübhə yoxdur. Prezidentin səfəri iki xalq arasında keçmişdən gələn bağların, mədəni, etnik və siyasi ortaq dəyərlərin yenidən möhkəmlənməsi üçün unikal fürsət ola bilər.
Musavat.com
25 Aprel 2025
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ