İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Çin yaxınlaşması: Avrasiyada yeni güc mərkəzi yaranır

Azərbaycan Pekinin diqqətini öz üzərinə çəkməyi bacarıb – Qarşılıqlı münasibətlərin əsasında bərabərhüquqlu əməkdaşlıq dayanır

Azərbaycanın Çinlə sürətlə dərinləşən iqtisadi-siyasi əlaqələrinin tərəflər üçün gətirəcəyi faydalar hazırda ciddi müzakirələr aparılmaqdadır. Məlumdur ki, Azərbaycan son onillikdə regional tranzit qovşağına çevrilmək üçün böyük layihələr həyata keçirib, hazırda da bu proses davam edir.

Musavat.com bildirir ki, Asiyadan Avropaya uzanan ticarət yolunda yerləşməsi tarixən Azərbaycanın cəlbediciliyini artıran əsas faktorlardan biri olub. Hazırda da sürətli iqtisadi inkişafı ilə dünyada möcüzəyə nail olan Çinin Avropa ilə ənənəvi dəniz yolundan kənar marşrutla əlaqələnməsi baxımından Azərbaycanın mühüm rolu açıq hiss olunur. Həm Rusiya-Ukrayna müharibəsi, həm də ABŞ-ın yeni administrasiyasının başlatdığı tarif siyasəti Azərbaycanın regional nəqliyyat-tranzit, həmçinin kommunikasiya qovşağına çevrilməsi baxımından yeni və əlverişli şərtlər formalaşdırıb. Belə ki, Ukraynada müharibəyə başlayan Rusiya əsas ticarət tərəfdaşları olan Avropa tərəfindən ağır sanksiyalara məruz qalıb.

Avropa İttifaqı Asiya və xüsusilə də Çinlə qarşılıqlı yükdaşımalarda Rusiyadan kənar ərazilərdən keçən marşrutlara üstünlük verir. Bu, Çin-Mərkəzi Asiya-Xəzər dənizi marşrutu ilə daşınan yüklərin Avropaya ötürülməsində Azərbaycanın rolunu kəskin şəkildə artırır. Eyni zamanda Donald Tramp administrasiyasının Çin məhsullarının ABŞ-a ixracını faktiki olaraq mümkünsüz hala gətirən tarif siyasəti Pekinin Avropa bazarlarına diqqətini artırıb. Çin itirməkdə olduğu ABŞ bazarının əvəzində öz məhsullarının xeyli hissəsini Avropaya satmağı hədəfləyir. Ötən həftələrdə Pekin rəsmiləri dəfələrlə ABŞ-ın tarif siyasətinə qarşı fəaliyyətlərin Aİ ilə koordinasiyasında maraqlı olduqlarını açıqlayıblar. Analitiklərə görə, Aİ də ABŞ-ın təzyiqlərinə davam gətirmək üçün Çinlə münasibətlərini istiləşdirməyə, iqtisadi əlaqələri dərinləşdirməyə meyllidir. Bu proseslər Aİ ilə Çinin daha əlverişli ticarət marşrutlarına ehtiyacını artırır. Aprelin əvvəlində Aİ-nin Mərkəzi Asiya dövlətləri ilə Səmərqənddə baş tutan zirvəsində də bu məsələ diqqət mərkəzində olub. 

1710922091_photo_5463350442810528991_x.jpg (95 KB)

Azərbaycan Aİ-Çin əlaqələrinin inkişafından faydalanmaq üçün ən çox üstünlüklərə malik ölkələrdən biridir. Ölkə Prezidenti İlham Əliyevin balanslı xarici siyasəti ölkəmizin bütün tərəflərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməsi üçün əlverişli zəmin yaradıb. Eyni zamanda dövlət başçısının uzaqgörənliyi sayəsində Azərbaycan regional tranzit mövqeyini gücləndirmək üçün uğurlu addımlar atıb. Bu addımlardan biri də Çin rəhbərinin “Bir Kəmər, Bir Yol” beynəlxalq təşəbbüsünə qoşulmaqdır. 2019-cu ildə Pekində keçirilən 2-ci “Bir Kəmər, Bir Yol” beynəlxalq əməkdaşlıq forumunda Prezident İlham Əliyev şəxsən iştirak edərək, Azərbaycanın təşəbbüsün bir hissəsi olmaq marağını nümayiş etdirib. Bu səfər çərçivəsində Çinlə Azərbaycan arasında sənaye, investisiya, ticarət sahələrini əhatə edən 10 mühüm sənəd imzalanıb. Azərbaycanın Çindən Avropaya daşınan yüklərin hərəkəti üçün ən səmərəli marşrutlardan biri olan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin açar ölkəsi olması, dəhlizin inkişafı üçün öz maliyyə resursları hesabına mühüm infrastruktur layihələrini həyata keçirməsi Pekinin bu marşrutu “Bir Kəmər, Bir Yol” Təşəbbüsünün bir hissəsinə çevirməsində böyük rol oynayıb. 

1720095146_msg1185176306-151302-1.jpg (43 KB)

Ölkələr arasında iqtisadi-ticari əlaqələrin dərinləşmə sürəti qarşılıqlı ticarət dövriyyəsinin həcmindən daha aydın görünür. Belə ki, Azərbaycanla Çinin xarici ticarət dövriyyəsi 2018-ci ildəki 1,3 milyard dollardan 2024-cü ildə 3,744 milyard dollara yüksəlib. Azərbaycanın idxalında Çinin payı 17,69 faizə çatıb və siyahıda birinci yerdə qərarlaşıb. Çinin 1995-ci ildən indiyədək Azərbaycana yatırdığı birbaşa investisiyaların həcmi 920 milyon dollara çatıb. Azərbaycanın Çinə sərmayə qoyuluşu isə bundan 2 dəfə çoxdur. Hazırda Azərbaycada Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Çinin “Huawei” şirkəti isə regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasında aktiv iştirak edir. “China Energy Engineering Corporation Limited” şirkəti Xəzər dənizində 1 Gvt-lıq külək enerjisi istehsalı layihəsində əsas podratçıdır. Azərbaycanda Çinin BYD şirkəti ilə elektrikli avtobusların istehsalı qurulur və sair. Eyni zamanda Çin Azərbaycanın ən çox Ticarət evi açdığı ölkədir. Burada ölkəmizin 6 Ticarət evi (o cümlədən əlavə filialları) fəaliyyət göstərir. 

190974_dt9i6ibibz.jpg (63 KB)

Azərbaycan Çinlə birbaşa əlaqələrin dərinləşdirilməsi ilə yanaşı, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində də əməkdaşlıq edir. 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin ölkələr arasında münasibətlərin inkişafına təkan verib.

Ötən gün Prezident İlham Əliyevin Pekinə rəsmi səfəri çərçivəsində imzalanan mühüm sənədlər ölkələr arasında əlaqələrin daha da dərinləşməsinə gətirib çıxaracaq. Bu, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da da əksini tapıb. Bəyanatda qeyd olunur ki, tərəflər müasirləşməni birgə şəkildə irəli aparmaq və daha yüksək səviyyəli, yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün “Bir Kəmər, Bir Yol” təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşıblar.

Tərəflər həmçinin ticari-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya mexanizminin əlaqələndirici və rəhbər rolunu gücləndirməyi davam etdirməyə hazır olduqlarını ifadə ediblər. Ticarət, investisiyalar, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsini, eləcə də ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın yüksək keyfiyyətli inkişafına töhfə vermək üçün investisiya əməkdaşlığı üzrə İşçi qrupun yaradılması barədə qərar qəbul olunub. Tərəflər iki ölkənin ticarət və iqtisadiyyatının inkişafı üçün əlverişli şəraitləri birgə yaratmaqla ekoloji təmiz və yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının bazarlara qarşılıqlı çıxışını tədricən genişləndirmək niyyətindədirlər. 

64f72aa73003264f72aa730033169391991164f72aa73002d64f72aa73002f.jpg (145 KB)

Bundan əlavə, tərəflər ticarət və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün institusional zəmanətlərin yüksək səviyyəsinin təmin edilməsi məqsədilə azad ticarətə dair sazişlə bağlı danışıqlara başlamağa hazır olduqlarını ifadə ediblər.

Çin, Çin Beynəlxalq İdxal Məhsulları Sərgisi (CIIE), Çin İxrac və İdxal Məhsulları Yarmarkası (Canton Fair), Çin Beynəlxalq Xidmətlər Ticarəti Yarmarkası (CIFTIS), o cümlədən Çin Beynəlxalq İnvestisiya və Ticarət Forumu (CIFIT) daxil olmaqla, Azərbaycanın Çində keçirilən böyük sərgi tədbirlərində fəal iştirakını alqışlayır, Azərbaycan tərəfindən Çin ərazisində açılan ticarət mərkəzləri və milli pavilyonlar platformasında, eləcə də Çin elektron ticarət şəbəkələrində tematik təqdimatların keçirilməsini və əlaqələrin qurulmasını dəstəkləyir. Azərbaycan Çinin aparıcı şirkətlərinin Azərbaycan ərazisində keçirilən böyük sərgilərdə və forumlarda iştirakını alqışlayır.

Azərbaycanla Çin iqtisadi əməkdaşlığın daha da inkişafı üçün sənaye sahəsində əməkdaşlığı daim dərinləşdirməyə və sənayenin rəqəmsal transformasiyasını fəal şəkildə irəlilətməyə hazır olduqlarını ifadə ediblər. Hər iki ölkə neft-kimya, metallurgiya, tekstil sənayesi, əczaçılıq, maşınqayırma avadanlığı kimi sahələrdə iki ölkənin müəssisələrini kommersiya əsaslı əməkdaşlığın möhkəmləndirilməsində, dərinləşdirilməsində və genişləndirilməsində dəstəkləyirlər.

Tərəflər iki ölkənin enerji keçidini, dayanıqlı sosial-iqtisadi inkişafını təşviq edərək, bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirməyə və təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşmasını birgə irəlilətməyə hazır olduqlarını bildirir, ölkələrin nəqliyyat sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirir və regional qarşılıqlı əlaqələri təşviq edərək, nəqliyyat infrastrukturunun inkişafına, logistika və daşınmaların səmərəliliyinin artırılmasına dəstəyi davam etdirməyə hazır olduqlarını qeyd edirlər.

Bakı və Pekin Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında Beynəlxalq Multimodal Daşımalar haqqında Sazişin imzalanmasını yüksək qiymətləndirirlər. Çin bəyan edir ki, birgə şəkildə təhlükəsiz, sabit, birbaşa və Çin-Avropa-Çin Transxəzər ekspress-marşrutları yaradaraq, gömrük rəsmiləşdirilməsinin rahatlığı səviyyəsinin və yük daşımalarının səmərəliliyinin ardıcıl şəkildə artırılması məqsədilə Azərbaycan və marşrut boyunca yerləşən digər ölkələrlə əməkdaşlıq etməyə hazırdır. Hər iki tərəf beynəlxalq avtomobil daşımaları üzrə hökumətlərarası sazişin razılaşdırılmasının və bağlanmasının sürətlənməsində, Azərbaycan və Çin arasında avtomobil daşımaları üçün əlverişli şəraitin səviyyəsinin artırılmasında, ikitərəfli ticari-iqtisadi əməkdaşlıq üçün dayaq yaradılmasında maraqlıdır. 

924432fe80fd5d34cda73533c7528758.jpg (78 KB)

Beləliklə, Azərbaycan dünyanın ikinci böyük iqtisadiyyatına malik Çinlə ticari-iqtisadi əməkdaşlıqdan maksimum faydalanmaq, Çinin yüksək texnologiyalar sahəsində əldə etdiyi nailiyyətlərdən istifadə edərək özünün nəqliyyat-kommunikasiya, sənaye, neft-kimya və yaşıl enerji sektorlarının inkişafına nail olmaq niyyətini açıq bəyan edir, bu istiqamətdə real addımlar atır.

Çin isə Bakının bu istəyini müsbət qarşılamaqla yanaşı, zəruri dəstəyini də ifadə edir. Əlbəttə, öz maliyyə resursları hesabına Çin mallarının Avropaya daha qısa və azməsrəfli marşrutla çatdırılmasını təmin edən, Çin şirkətləri üçün əlverişli investisiya şərtləri yaradan, etibarlı tərəfdaş imicinə malik ölkə ilə əməkdaşlığın genişlənməsi Pekin üçün də faydalıdır. Çin dövlət rəhbərliyinin Azərbaycan Prezidentinin ölkəyə səfərinə göstərdiyi diqqət sübut edir ki, Azərbaycan hər bir tərəflə bərabərhüquqlu və qarşılıqlı faydalı olan münasibətlər qurmaqda maraqlıdır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR