İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Çin münasibətləri qlobal mediada: NƏLƏR VURĞULANIR!

Musvat.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə rəsmi səfəri təkcə ikitərəfli münasibətlər kontekstində deyil, eyni zamanda regional və qlobal geosiyasi çərçivədə strateji əhəmiyyət daşıyan bir hadisəyə çevrilib.

Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə keçirilən yüksək səviyyəli görüşlər zamanı Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması rəsmən elan olunub.

Bu barədə dünyanın iki nüfuzlu agentliyi — Çinin rəsmi “Xinhua” xəbər agentliyi və “Reuters” informasiya agentliyi geniş təhlil yazıları ilə çıxış ediblər. Hər iki agentlik bildirir ki, Prezident İlham Əliyevin 22-24 aprel tarixlərini əhatə edən rəsmi səfəri çərçivəsində 20 mühüm sənəd imzalanıb.

Xinhua agentliyinin yazdığına görə, liderlər arasında keçirilən görüşdə Si Cinpin qeyd edib ki, ticarət və tarif müharibələri beynəlxalq sistemə zərbə vurur, ədalətli iqtisadi münasibətləri pozur və dünya iqtisadiyyatına mənfi təsir göstərir. Çin Prezidenti vurğulayıb ki, Pekin Bakı ilə BMT əsaslı beynəlxalq sistemin qorunması, ədalətin təmin olunması və təhlükəsizlik sahəsində dərin əməkdaşlığa hazırdır.

Azərbaycanın “Böyük İpək Yolu”nda mühüm rolu

Reuters agentliyi xəbər verir ki, Azərbaycan və Çin “Belt and Road” — “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın yeni mərhələsinə qədəm qoyurlar. Tərəflər hüquqi sahədə əməkdaşlıq, rəqəmsal iqtisadiyyat, intellektual mülkiyyət hüquqları, aerokosmik sənaye və yaşıl inkişaf kimi istiqamətlərdə sənədlər imzalayıblar. 

e3e81a80-17e9-4408-b736-6550dd0fd623.jpeg (177 KB)

Xüsusi vurğulanmalıdır ki, Azərbaycan, “Bir Kəmər, Bir Yol” layihəsini ilk dəstəkləyən ölkələrdən biri olmuşdur. Transxəzər dəhlizi və Azərbaycanın geostrateji mövqeyi bu əməkdaşlığın əsas sütunlarından biridir. Çin tərəfi Azərbaycanla birlikdə təhlükəsiz və sabit Çin-Avropa Transxəzər Ekspress dəhlizinin qurulmasına hazır olduğunu da bəyan edib.

Tərəflər arasında adi pasport sahibləri üçün vizasız gediş-gəliş haqqında qarşılıqlı razılaşma da imzalanıb ki, bu da humanitar əlaqələrin və turizmin genişlənməsi üçün ciddi imkanlar açır.

Pekindən Bakıya diplomatik jestlər

Azərbaycanla Çin arasında imzalanan sənədlər arasında yaşıl enerji, aqrar məhsullar, texnoloji əməkdaşlıq və gömrük prosedurlarının təkmilləşdirilməsi ilə bağlı razılaşmalar da yer alır. Bu sənədlər Azərbaycanın beynəlxalq tranzit mərkəzi kimi rolunu daha da gücləndirəcək.

Çinin “Xinhua” agentliyinin təqdimatında Azərbaycan Prezidenti ilə bağlı istifadə edilən terminologiya, rəsmi protokolda ona verilən yüksək status, Si Cinpinin şəxsi diqqəti və hərtərəfli əməkdaşlıq çağırışı göstərir ki, Azərbaycan artıq Asiyanın ən böyük güclərindən biri tərəfindən regional lider və etibarlı tərəfdaş kimi qəbul edilir. 

baki-cin.jpg (403 KB)

Bütün bu faktlar fonunda bəzi müxalif çevrələrin “uğursuz səfər” iddiaları, sadəcə siyasi manipulyasiyadan və reallığı inkar etməkdən başqa bir şey deyil. Reuters kimi qlobal informasiya nəhəngi, Xinhua kimi dövlət agentliyi bir səfəri uğurlu və strateji adlandırırsa, bəs kimin fikrinə inanmalı? Ciddi beynəlxalq platformaların, yoxsa sosial şəbəkə statuslarının?

Azərbaycanın Çinlə qurduğu bu tərəfdaşlıq təkcə diplomatik deyil, iqtisadi, texnoloji və enerji sahələrində də böyük dönüş nöqtəsidir. Bu səfər, Azərbaycanın gələcək onilliklərdə oynayacağı beynəlxalq rolu müəyyən edən mərhələdir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR