İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərmərə dənizində 291 afterşok qeydə alınıb, buraxılmış enerji trotil ekvivalentində 30 kilotondan çox olub

Mərmərə dənizində Silivri sahilində 6,2 maqnitudalı zəlzələdən sonra 291 afterşok qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsinin Mərmərə dənizində baş vermiş zəlzələ ilə bağlı yazılı bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, onların əksəriyyəti zəif olub və saylarının azalması tendensiyası müşahidə olunur.

Xatırladılıb ki, aprelin 23-dəki yeraltı təkanın maqnitudası 6,2 təşkil edib. Episentr Silivri yaşayış məntəqəsindən təxminən 24 kilometr məsafədə yerləşib.

“Zəlzələ zamanı İstanbulun cənub sahillərindəki yaşayış məntəqələri 5 şiddətinə uyğun gələn aşağı təkanlarla silkələnib. Uzun müddətdir davam edən risk azaltma işlərinin də töhfəsi ilə, zəlzələ struktur zərərə səbəb olmamış və insan itkisi yaşanmayıb”, – bəyanatda deyilib.

Eyni zamanda, bəyanatda postseysmik aktivliyə xüsusi diqqət yetirilir: “Əsas təkandan sonra 291 afterşok qeydə alınıb. Onlardan 283-ü 3,9 və daha aşağı maqnitudada, əksəriyyəti 3-dən aşağı olub. Cəmi 8 afterşok 4 maqnituda həddini keçib”.

AFAD-a görə, son 28 saat ərzində 4 saatlıq intervallarda afterşokların tezliyinin təhlili davamlı azalma tendensiyasını göstərir. Yeraltı təkanların yaxın həftələr ərzində sönəcəyi gözlənilir.

Bəyanatda həmçinin vurğulanıb ki, zəlzələ nəticəsində sərbəst buraxılmış enerji trotil ekvivalentində 30 kilotondan çox təşkil edib ki, bu da 2019-cu il sentyabrın 26-da eyni bölgədə baş vermiş 5,8 maqnitudalı zəlzələnin göstəricilərindən təxminən dörd dəfə çoxdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR