İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda sağlamlıq turizmi xəritəsi hazırlanacaq

Mütəxəssis: “Uğurlu nəticə üçün həm də keyfiyyətdə rəqabətə üstünlük verilməlidir”

Sağlamlıq turizmi dünyada son illərdə sürətlə inkişaf etməklə önəmli turizm növünə çevrilib. Azərbaycanda sağlamlıq turizminin potensialı həddən artıq genişdir. Ölkədə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə müalicə-sağlamlıq turizminin yaradılması və inkişafı üçün təbii ehtiyatlar baxımından böyük imkanlar var.

Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağaraları, Abşeron göllərinin müalicəvi palçıq və suları, Kəlbəcər, Laçın, Şuşa, Lənkəranın, Gədəbəyin mineral suları və s. Xüsusilə qeyd edək ki, Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39.6%-i işğaldan azad olunmuş rayonların payına düşür. Azadlığa qovuşan ərazilərdə böyük müalicəvi əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları var.

Dövlət Turizm Agentliyinin təşəbbüsü və dəstəyi ilə hazırlanan Azərbaycanda sağlamlıq turizminin cari vəziyyəti və gələcək inkişaf perspektivləri haqqında geniş hesabatda bu və digər məlumatlarla tanış olmaq olar. Hesabatda sağlamlıq turizminin regional və qlobal səviyyədə rəqabətqabiliyyətliliyi müqayisəli təhlil əsasında araşdırılaraq təqdim olunub.

 Hesabatda qeyd olunub ki, qlobal miqyasda sağlamlıq xidmətlərinin turizm sənayesində birbaşa payı 10%-dən çox, multiplikator effekti hesabına yaratdığı dəyər isə 20%-ə yaxındır. Azərbaycanda ÜDM-də turizm sənayesinin birbaşa payı 4,5% və bilavasitə payı isə 3,3% təşkil edir. Ölkədə beynəlxalq turizmin inkişafı son on ildə iki dəfədən çox artaraq 2,8 milyon nəfəri keçib ki, bu da Bakı şəhəri ilə yanaşı bölgələrdə yeni turizm destinasiyalarının formalaşmasına təkan verib. Azərbaycanda turizm növləri arasında sağlamlıq sahəsinin payı az olsa da, beynəlxalq miqyasda sağlamlıq xidmətləri daha çox təklif edilir.

“Təbii müalicə ehtiyatları, müalicə sağlamlaşdırma yerləri və kurortlar haqqında” Azərbaycan Respublikası Qanunu və “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nın qəbul olunması, bu sahənin inkişaf etdirilməsi məqsədilə 2016-cı ildə qəbul olunmuş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”, müalicə-sağlamlıq turizminə xüsusi önəm verilməsi bu sahənin prioritet olduğunu göstərir. Ölkədə sağlamlıq turizminin inkişafı üçün zəngin təbii resurs bazası (Naftalan nefti, müalicəvi palçıqlar, mineral-termal bulaqlar, əlverişli mikroiqlim resursları), alt (sosial-iqtisadi baza) və turizm (müalicə-sağlamlıq mərkəzləri, sanatoriyalar və s.) infrastrukturun mövcudluğu, qanunvericilik bazası bu sahənin cəlbediciliyini təmin edir.

2015-ci il üçün sağlamlıqla əlaqəli səyahət xərclərinin təhlili göstərir ki, bu sahədə inkişaf etmiş ölkələrin vətəndaşları üstünlük təşkil edir. Beynəlxalq sağlamlıq turizmində ABŞ, Kanada, Qərbi Avropa ölkələri və Körfəz ölkələrinin vətəndaşları üstünlük təşkil edib. Bu da həmin ölkələrin vətəndaşlarının maliyyə imkanlarının daha yaxşı olması, tibbi və sağlamlıq xidməti almağa meyl etməsi ilə bağlıdır. Dünyada 2007-ci ildən sonra sağlamlıq turizmi sənayesində sürətli inkişaf başlayıb. ÜTT-nin verdiyi məlumata görə, 2018-ci ildə ABŞ-da sağlamlıq turizmi gəlirləri 22,5 milyard dollar, Avropada 54,2 milyard avro olduğu müəyyən edilib. Macarıstan və Çexiya kimi ölkələr bu sektordan 1 milyard dollardan çox gəlir əldə edib. Avropa Birliyi ölkələrində turizm gəlirlərinin 5,8%-i, Amerikada 9,2%-i, Asiyanın bütün subregionları üzrə 5,6%-i sağlamlıq turizminin payına düşür. Sağlamlıq turizmi digər sektorlarla qarşılıqlı şəkildə inkişaf edir və bu sahədə yatırımlar edilməsi ilə ölkə iqtisadiyyatında irəliləyişlər əldə olunur.

Ölkədə müalicə-sağlamlıq xidmətlərindən istifadə edənlərin sayı 200 min nəfərə yaxındır ki, bununda 63,9 min nəfəri xarici turistlərdən ibarətdir. Müalicə-sağlamlıq turizm xidmətlərindən istifadə edənlərin 68%-i ölkə vətəndaşlarından ibarətdir. Ölkə vətəndaşları Həmkarlar Təşkilatının güzəştli yollayışlarından yararlanmaqla birlikdə fərdi sağlamlıq xidmətləri təklif edən müasir kurort mərkəzlərinə də gedirlər. Ölkədə ənənəvi güzəştli yollayışlar (putyovka) əsasında sanatoriyaların müalicə xidmətlərindən istifadə olunması dövlət və özəl müəssisələrdə 38 çalışanların Kurort Səhmdar Cəmiyyətinin tabeliyində olan müalicə-sağlamlıq müəssisələrindən istifadəsinə imkan verir. Sağlamlıq turizmindən istifadə edən xarici turistlərin əsas hissəsi MDB məkanından gələn qonaqlardan ibarətdir. Bunlar arasında Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Özbəkistan vətəndaşları Azərbaycandakı sağlamlıq turizm xidmətlərindən daha çox yararlanır.

Qeyd olunan seqment müalicə-sağlamlıq xidmətlərinə üstünlük verməklə, ənənəvi olaraq daha çox Naftalan kurortlarını seçirlər. Eyni zamanda MDB ölkələrindən gələn qonaqların bir hissəsi “Qalaalti Hotel & Spa”, Duzdağ və Abşeron sanatoriyalarını seçirlər. Bu seqment üçün sağlamlığın bərpası əsas tələb olmaqla yanaşı, xidmətlərin sayı və keyfiyyəti də önəmli hesab edilir.

Ruslan Quliyev: Azərbaycan dünyanın əksər ölkələrində turizm mərkəzi olaraq  yeni bir istiqamət kimi tanınır

Ruslan Quliyev

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, sağlamlıq turizmini digər turizm növlərindən fərqləndirən əsas üstünlüyü mövsümi olmamasıdır: “Turizmin bu növü ilin bütün fəsillərində aktuallığını qoruyur. Sağlamlıq turizmi müəssisələrində inkişaf tendensiyaları, idarəetmənin təkmilləşdirilməsi rəqabətədavamlı turizm məhsulunun ortaya çıxmasına zəmin yaradır. Əsas hədəfimiz sağlamlıq turizmi xəritəsinin hazırlanmasıdır. Ənənəvi məhsulların ənənəvi bazarlarda təbliğ olunması və yeni bazarların tapılaraq yeni innovativ yanaşma ilə markalaşma siyasətini həyata keçirmək, imkanları genişləndirmək lazımdır. Deyə bilərəm ki, Naftalan, Qəbələ, Qalaaltı, Naxçıvanda mövcud olan sanatoriyalar dünya standartlarına cavab verir. Eyni zamanda ekonom sanatoriyalar tikilib. Dövlət balansında olan uzun illər fəaliyyət göstərmiş, eyni zamanda həmkarlar ittifaqlarının balansında olan müəssisələrin bərpa olunması da inkişafa təsir göstərəcək. Loqistik dəhlizlərin açılması, nəqliyyat xidmətlərinin əlçatan olması da əsas şərtlərdəndir. Dövlətin bu sahədə təşviq siyasəti dərinləşərsə, qısa zamanda gözləgörünən nəticələr əldə olunacaq. Uğurlu nəticə üçün həm də keyfiyyətdə rəqabətə üstünlük verilməlidir. İmkanlar həddən artıq genişdir. Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin həyata keçirilməsi bu imkanları daha da genişləndirəcək”.

R.Quliyev həmçinin qeyd etdi ki, əcnəbi mütəxəssislərin dəvət olunması, eyni zamanda investisiyaların cəlb olunması ilə Qaxda, Qəbələdə, Yardımlıda, Masallıda yeni müəssisələr yaradılacaq, müalicə-reabilitasiya imkanlarının genişlənməsi üçün yeni imkanlar əldə ediləcək. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR