İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın MDB-nin mədəniyyət paytaxtı: Bu, Azərbaycana hansı yolları açacaq?

Azərbaycanın qərbində, Kiçik Qafqazda yerləşən Laçın rayonu 1 dekabr 2020-ci il tarixdə, 28 ildən sonra qaytarıldı. Rayon 18 may 1992-ci ildən etibarən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi.

Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan rayon Azərbaycanın ən qədim insan məskənlərindən biri hesab olunur. Laçının ərazisi bir vaxtlar Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub. 1930-cu ildə isə müstəqil inzibati rayon yaradılıb. Əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub. XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tagı Şahbazi Simurq yaxınlıqdakı dağın adını şəhərə verib.

Laçın sözü “məğrurluq” mənasındadır. 1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarət olan rayonun ümumi sahəsi 1835 kvadratkilometrdir. Əhali, əsasən, heyvandarlıq, bitkiçilik, arıçılıq və qismən də bağçılıq və bostançılıqla məşğul idi.

LACİN YENİ.jpg (104 KB)

İşğaldan sonra 58 736 nəfər laçınlı Azərbaycanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Laçın RİH-in saytında deyilir ki, 2020-cu il yanvarın 1-də laçınlıların sayı 78 565 nəfər olub.

2021-ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Rayonun yol-nəqliyyat infrastrukturunun yenidən qurulması da diqqət mərkəzindədir. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu daha da artıracaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasından xəbər verir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.

Laçında 700-dən artıq bina inşa edilib. Onlardan 620-si fərdi yaşayış, 9-u çoxmənzilli binadır. Rayonda 2 nömrəli 510 şagird yeri olan tam orta məktəb var. Həmçinin Prezidentin Sərəncamı ilə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası da aparılır.

Laçın şəhərinin 2025-ci il MDB-nin mədəniyyət paytaxtı elan edilməsi qürur doğuran növbəti məqamlardan biridir. Hazırda mədəniyyət paytaxtı Səmərqənddir. Təklif olunan qərar layihəsinə uyğun olaraq, gələn il estafeti Azərbaycanın Laçın şəhəri qəbul edəcək.

AZAY.jpg (88 KB)

Millət vəkili Azay Quliyev deyib ki, Ermənistanın da daxil olduğu MDB-nin verdiyi bu qərarın çox böyük siyasi, mənəvi geosiyasi əhəmiyyəti var:

“Çünki Laçın sözünü, “Laçın dəhlizi”ni ermənilər və onların havadarları son 3 ildə çox istismar etdilər, ölkəmizə qarşı kampaniyaya çevirdilər. Artıq ermənilərin “sayəsində” Laçını dünyada tanıyanların sayı çoxdur. İndi dünya Azərbaycanın vüqarlı şəhəri olan Laçını həm də MDB-nin mədəniyyət mərkəzi kimi tanıyacaq.

Heç şübhəsiz ki, bu qərar Azərbaycanın tarixi zəfərinin, Ermənistanın isə acı məğlubiyyətinin bir daha təsdiqi və MDB səviyyəsində etirafıdır.
Bu, həm də o deməkdir ki, 2025-ci ildə MDB çərçivəsində, o cümlədən ayrı-ayrı üzv ölkələrdə Laçın şəhərinə həsr olunan müxtəlif mədəni tədbirlər keçiriləcək. Yəqin ki, Ermənistan bu tədbirlərin birbaşa iştirakçısı olmayacaq, lakin MDB-nin üzvü kimi rəsmən bu tarixi şölənlərin təşkilatçılarından biri statusunu daşımalı olacaq. Bir sözlə, qəbul olunan qərar tarixi qərardır və Azərbaycanın diplomatik qələbəsidir”.

Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biri olaraq dağıdılıb, vandalizmə məruz qoyulub. Lakin şəhər əvvəlki əzəmət və qürurunu bərpa edir, quruculuq prosesləri burada dinamik şəkildə həyata keçirilir. Məcburi köçkünlərin bir qismi doğma yurdlarına qayıdıb. Bu günə qədər Laçın rayonuna 3 min 128 sakin köçürülüb. Onlardan 2 min 90 nəfər Laçın şəhərində yaşayır, qalan 1038-i isə rayonun Zabux və Sus kəndlərində məskunlaşıblar. Məskunlaşan əhalinin ilk növbədə şəhər infrastrukturu və tikinti-bərpa işlərində, sonra isə yeni yaradılan sənaye müəssisələrində məşğulluğu təmin olunub. Həmçinin, kommunal-təsərrüfat sahəsində iş yerləri yaradılıb. Laçın ərazisində ANAMA-nın ixtisaslaşmış düşərgəsi qurulub.

Həmin düşərgədə 160-a yaxın mütəxəssis çalışır. Bu, ANAMA-nın azad olunmuş ərazilərdə ən böyük düşərgələrindən biridir.

MESİM.jpeg (50 KB)

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov “Report”a açıqlamasında da bildirib ki, bu, çox şərəfli və məsuliyyətli işdir:

“Sentyabr ayının 17-də Rusiyanın Ufa şəhərində Dövlətlərarası Humanitar Əməkdaşlıq üzrə Fondun 17-ci forumunda Laçın şəhəri MDB-nin 2025-ci il paytaxtı elan edildi. Orada Laçın şəhəri haqqında təqdimat oldu. Laçın şəhərinin əsrarəngiz gözəlliyi forum iştirakçılarını valeh etdi.

Həmçinin, Laçında istehsal olunan məhsulların sərgisi təşkil edildi. Sərgidə əslən laçınlı olan Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulovanın müəllifi olduğu xalçaları və “Gilabi Ceramics” yaradıcılıq mərkəzinin məhsullarını nümayiş etdirdik. Oktyabr ayının 8-də MDB Dövlət Başçılarının Şurasının iclasında bu qərar təsdiq edildi. Laçının MDB-nin mədəniyyət paytaxtı ili çərçivəsində Mədəniyyət Nazirliyi ilə birlikdə fəaliyyət tədbirlər proqramı hazırlanacaq. Həmçinin müxtəlif mədəni tədbirlər, konsertlər, sərgilər, festivallar və master-klasslar təşkil olunacaq”.

BASLA SON.jpg (71 KB)

Prezident İlham Əliyev Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında bildirib ki, Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb:

“MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar”.

MDB-nin rəsmi sənədlərində vurğulanır ki, Zəngəzurun Azərbaycana tarixi, coğrafi və geosiyasi aidiyyəti var. Hətta bu bölgənin Şərq hissəsinin, yəni Şərqi Zəngəzurun Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildiyi qəbul edilir. Deməli, Qərbi Zəngəzurla bağlı da nə vaxtsa oxşar hadisə baş verə bilər. Onun hüquqi əsaslarının bir aspekti MDB-nin qəbul etdiyi vurğuladığımız sənədlə bağlıdır. MDB faktiki olaraq bir təşkilat kimi Zəngəzur dəhlizinin açılmasına yaşıl işıq yandırmış olur. İndiyə qədər Zəngəzur məsələsinə MDB-nin təşkilat olaraq münasibəti açıq ifadə olunmamışdı. Son Moskva sammiti göstərdi ki, artıq MDB təşkilat səviyyəsində Azərbaycanın Zəngəzur dəhlizini açmaq məsələsini dəstəkləyir. Laçının Şərqi Zəngəzur bölgəsinin bir şəhəri kimi MDB-nin mədəniyyət paytaxtı seçilməsi onun ilk müjdələrindən biridir.

İndi isə Azərbaycanda Qərbi Azərbaycana Qayıdış strateji yerdədir. Laçının “mədəniyyət paytaxtı yolu” Qərbi Azərbaycana Böyük Qayıdışın başlanğıcıdır.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR