Onlayn ictimai-siyasi qəzet
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin sədr müavini Cəmşid Abruyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Nümayəndə heyəti “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdədir.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Özbəkistan xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrini qeyd edib. İki ölkənin Prezidentlərinin birgə səyləri ilə bu münasibətlərin strateji səviyyəyə yüksəldiyini vurğulayıb.
Qeyd edilib ki, işğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb inşa edilib. Bu il avqustun 23-də Prezident cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyevanın iştirakı ilə açılış mərasimi olan bu məktəb iki ölkənin həmrəylik, dostluq və qardaşlıq münasibətlərinin daha bir təzahürüdür.
Ölkələrimiz arasında əmək və sosial müdafiə sahəsində də əməkdaşlığın inkişaf etdirildiyi vurğulanıb. Qarşılıqlı səfərlərin, imzalanan əməkdaşlıq sənədlərinin əlaqələrin genişlənməsində önəmi qeyd edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Özbəkistan Prezidenti yanında Sosial Müdafiə Milli Agentliyi arasında əməkdaşlığın müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Azərbaycanda əmək və məşğulluq, sosial müdafiə, əlillik və reabilitasiya sahələrində son illər aparılan islahatlar, DOST konsepsiyası, sosial sahədə elektronlaşdırma proqramının uğurları barədə məlumat verilib.
Ölkəmizin sosial sahədə innovativ həllərin tətbiqi ilə bağlı təcrübəsini öyrənərək tətbiq etməkdə maraqlı olan Özbəkistanla bu istiqamətdə daim fəal əməkdaşlığa hazır olduğumuz qeyd edilib.
C.Abruyev iki ölkənin əlaqələrinin daim genişlənməsinin məmnunluq doğurduğunu, sosial islahatlar prosesində ardıcıl təcrübə mübadilələrinin aparılmasının əhəmiyyətini vurğulayıb.
Özbəkistan nümayəndə heyəti ilə görüşdə sosial müdafiə, sosial xidmətlər, habelə bu sahələrdə innovativ həllərin, elektron texnologiyaların tətbiqi və s. üzrə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ