İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan islamofobiyaya qarşı mübarizədə ön cəbhədə

Bakıda ikigünlük beynəlxalq konfrans başa çatdı - mühüm müzakirələr  

Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda iki günlük beynəlxalq elmi konfrans öz işini başa vurub. Konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirildi. Konfrans islamofobiyanı doğuran qlobal, tarixi və siyasi amilləri araşdırmaq üçün mütəxəssisləri, akademikləri və dövlət rəsmilərini bir araya gətirib.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda beynəlxalq konfransın iştirakçılarına müraciətində təəssüflə qeyd edib ki, islamofobiya son dövrdə qlobal müstəvidə daha qabarıq və sistematik xarakter alıb: “Hazırda bu mənfi tendensiya hər hansı konkret ölkədə deyil, dünyanın bir çox yerlərində müşahidə olunur. İslama qarşı düşmənçilik, müsəlmanlara qarşı nifrət və dözümsüzlük, antiislam əhvali-ruhiyyəsi getdikcə böyük vüsət almağa başlayır və daha da kəskinləşir”. Prezident qeyd edib ki, Azərbaycan islamofobiyadan əziyyət çəkən ölkələrdən biridir: “Bütün müsəlman dünyasını narahat edən islamofobiya ilə mübarizə aparmaq üçün vahid cəbhədən çıxış etmək, bu ədalətsizliyə və zərərli təmayüllərə etiraz səsimizi birgə ucaltmaq lazımdır.”

Ceyhun Məmmədov: "Dünya yeni iqtisadi böhranın astanasındadır"

Ceyhun Məmmədov

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, bu konfransın ölkəmizdə keçirilməsi böyük önəm daşıyır: “Bu gün həqiqətən də çox təəssüflər olsun ki, bütün dünyada qlobal müstəvidə islamofobiya meyllər sürətlə artıb. Cənab Prezidentin konfrans iştirakçılarına müraciətində də qeyd olundu ki, bu gün qlobal mediada bu prosesin körüklənməsində ciddi rol oynayır. Bu gün müsəlmanlara qarşı xüsusi olaraq, dözümsüzlük nümayiş etdirilir. Onlara qarşı qərəzli fikirlərin səsləndirilməsi bu fikirlərimizi xüsusi olaraq təsdiqləyir. Əksər Qərb dövlətləri bu prosesdə çox fəaldır. Müsəlmanlara qarşı tez-tez qəbul edilən qərəzli qərarlar dediklərimizi sübut edir. Bir faktı da deyək ki, islamofobiyanın ən bariz nümunələrindən birini də xalqımız yaşadı. 30 il ərzində məscidlərimiz dağıdıldı, dini abidələrimiz məhv edildi, orada heyvan saxlanıldı, alban məbədləri belə dağıdıldı. Amma biz dünyanın bu məsələlərə biganəliyini gördük. Əksinə, onlar bu vəhşiliyə reaksiya vermək əvəzinə bir sıra hallarda Azərbaycanı ittiham etməyə, ölkəmizə qarşı qərəzli qərarlar verməyə çalışdılar. Təəssüflər olsun ki, bir çox hallarda buna da nail oldular. Biz bunun təzahürünü YUNESKO kimi qurumların nümunəsində gördük. Abidələrimizin dağıdılmasına heç bir reaksiya verməyənlər bizi barbarlıqda ittiham etməyə çalışırlar. Guya Qarabağda ermənilərin dini abidələrinə qarşı Azərbaycan tərəfi vəhşiliklər törədib. Amma 30 il ərzində dini abidələrimizə qarşı törədilən vəhşiliyə susdular. Onun üçün də bu konfransın Azərbaycanda keçirilməsinin çox böyük əhəmiyyəti var. Azərbaycan müsəlman ölkələri arasında Cənab Prezidentin təşəbbüsləri ilə çox mühüm təkliflərlə çıxış edib. Onun üçün də qeyd edərdim ki, bu konfransın Azərbaycanda keçirilməsi təsadüfi deyil. Çox təəssüflər olsun ki, bu gün də dünyada dinlərarası münasibətləri qızışdırmağa çalışırlar. Bu müharibə də hər zaman böyük müharibələr olub. Onun üçün də biz bu məsələlərdə diqqətli olmalıyıq. Biz çalışmalıyıq ki, bu məsələ böhran həddinə çatmasın. Həm də sağ ifratçı meyllərin qarşısını almağa çalışmalıyıq”.

Azər Hüseynov: “Azərbaycanın strateji tərəfdaş kimi cəlbediciliyi artırır”  | Hafta.az

 Azər Hüseynov

AĞ Partiya başqanının dini-ideoloji məsələlər üzrə müşaviri Azər Hüseynov hesab edir ki, müsəlmanlara qarşı artan qərəzli münasibət və dini kimliklərinə görə yönəlmiş ayrı-seçkilik dünyada yeni və təhlükəli bir meylin - sistemli islamofobiyanın yayılmasına səbəb olub: “Bakıda keçirilən "İslamofobiya: Qərəzin ifşası və stiqmaların dağıdılması" mövzusunda beynəlxalq konfrans bu mənada yalnız regional deyil, həm də qlobal əhəmiyyət kəsb edir. Çünki bu tədbir İslam dünyasını hədəf alan diskriminativ meyllərə qarşı həm intellektual, həm də siyasi səviyyədə bir reaksiya nümunəsidir. Azərbaycan kimi həm Avrasiya coğrafiyasında yerləşən, həm də İslam sivilizasiyasının bir parçası olan bir ölkənin belə təşəbbüslərə ev sahibliyi etməsi, onun bu məsələdə yalnız müşahidəçi deyil, aktiv tərəf olduğunu göstərir. İslamofobiya fenomeni təkcə dini dözümsüzlük deyil, həm də tarixi və siyasi kökləri olan dərin bir məsələdir. Bu problemi anlamaq üçün onu doğuran ideoloji mənbələrə nəzər salmaq vacibdir. İslamofobiyanın formalaşmasında və yayılmasında əsas faktorlardan biri Avrosentrik dünyagörüşüdür. Bu fəlsəfə, Qərbi mədəni və siyasi üstünlüyün mərkəzi kimi qəbul edərək digər mədəniyyətləri, xüsusilə də İslam mədəniyyətini “digər” kimi marginallaşdırıb. Avropa mədəniyyəti əsrlər boyu öz hegemonluğunu əsaslandırmaq üçün İslamı və müsəlmanları “təhlükə”, “barbarlıq” və “geridəqalmışlıq” simvolu kimi təqdim edib. Bu yanaşma, xüsusilə müstəmləkəçilik dövründə imperialist güclər tərəfindən ideoloji alət kimi geniş şəkildə istifadə edilib. İslamofobiya artıq təkcə fərdi səviyyədəki dini nifrət deyil, bəzi dövlətlərin rəsmi siyasətləri, hüquqi çərçivələri və siyasi ritorikaları ilə sistemləşdirilmiş bir diskriminasiya növüdür. 

İslamofobiyaya qarşı effektiv mübarizə üçün bu problemi yalnız qınamaq kifayət deyil. Onun ideoloji və siyasi əsasları ifşa olunmalı, qlobal miqyasda konseptual cavablar hazırlanmalıdır. Burada müsəlman ölkələrinin üzərinə xüsusi vəzifələr düşür. Müsəlman dövlətləri bu məsələyə parçalanmış şəkildə deyil, həmrəylik və əməkdaşlıq içində yanaşmalı, vahid konseptual strategiya əsasında hərəkət etməlidirlər. Təkcə siyasi bəyanatlarla kifayətlənmək olmaz. Bu sahədə akademik araşdırmaların, hüquqi mexanizmlərin, diplomatik təşəbbüslərin və mədəni layihələrin ahəngdar şəkildə təşkili zəruridir. Azərbaycan bu mənada mühüm bir körpü rolunu oynaya bilər. Tarixi, coğrafiyası və çoxkonfessiyalı cəmiyyəti ilə Azərbaycan həm İslam dünyası ilə, həm də Qərb institutları ilə əlaqə qurmaq imkanına malikdir. Bakıdakı konfransın təşkil olunması bu imkanlardan biri kimi dəyərləndirilməlidir. Eyni zamanda bu cür təşəbbüslər beynəlxalq təşkilatlar, universitetlər və vətəndaş cəmiyyəti institutları səviyyəsində dəstəklənməli və genişləndirilməlidir. Nəticə olaraq, islamofobiya ilə mübarizə yalnız müsəlmanların problemi deyil. Bu, insan haqları, dini azadlıqlar və qlobal ədalət prinsiplərinin qorunması məsələsidir. Bu baxımdan Bakı konfransı, sadəcə, bir tədbir deyil, həm də bu mübarizənin intellektual və siyasi platforması kimi qiymətləndirilməlidir. Azərbaycanın bu prosesdə fəal mövqe tutması və digər müsəlman ölkələri ilə birlikdə hərəkət etməsi, həm regional sabitlik, həm də qlobal ədalətin təmin olunması baxımından vacib addımdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 May 2025

BÜTÜN XƏBƏRLƏR