Onlayn ictimai-siyasi qəzet
Dünən “Real-Madrid”ə transfer olunan gənc futbolçu Arda Gülərin ardınca bu gün daha bir türkiyəli futbolçu Madridin “Atletiko” klubuna transfer olunub. Bu, Türkiyə milli komandasının və İngiltərə klubu “Lester”in uğurlu müdafiəçisi Çağlar Söyüncüdür.
“Atletiko”nun çıxış etdiyi “Civitas Metropolitano” stadionunda keçirilən təqdimetmə mərasimində çıxış edən Çağlar Söyüncü bu komandaya gəldiyi üçün xoşbəxt olduğunu və qürur duyduğunu bildirib: “Bu klubun bir hissəsi olmaq mənim üçün çox önəmlidir”.
Keçmişdəki zədə problemlərini soruşduqda o deyib: “Bəli, zədəm var idi, amma çox tez sağaldım. Hazırda heç bir problem yoxdur. Mən özümü tamamilə hazır hiss edirəm".
27 yaşlı müdafiəçi "Atletiko”ya əlindən gələni və daha çoxunu verəcəyini vəd edib.
Madrid klubunun baş məşqçisi Dieqo Simeonenin çox tələbkar məşqçi olduğunu xatırladan milli futbolçu deyib: “Simeone futbol dünyasının əfsanəvi adıdır”.
“Atletiko”ya gəlməzdən əvvəl vaxtilə bu klubun formasını geyinən Arda Turanla görüşdüyünü bildirən Çağlar Söyüncü deyib: “Arda Turan burada olarkən, türkiyəli azarkeşlərin dörddə üçü “Atletiko”ya azarkeşlik edirdi. Mən onda cavan idim. Arda Turanla eyni komandada oynamaq mənim üçün şansdır. O, mənə dedi ki, “Atletiko” çox böyük bir ailədir və mən bura gələndən bu hissləri yaşayıram”.
Çağlar Söyüncü “Atletiko”da 4 nömrəli forma ilə oynayacaq.
Bu arada "Fənərbağça"dan İspaniya nəhəngi "Real Madrid"ə transfer olunan Arda Gülər sağlamlıq yoxlamasından keçib. "Real" Arda Gülərlə 6 illiyə müqavilə imzalayıb.
Dünən Madridə gedən ulduz futbolçunun imza mərasimi öncəsi sağlamlıq yoxlamaları tamamlanıb. Klubdan verilən açıqlamada Arda Gülərin sağlamlıq müayinələrinin uğurla yekunlaşdığı bildirilib.
Beləlilklə, iki günün içində Türkiyə millisinin iki istedadlı oyunçusu Madrid klublarına transfer olunub. Onlar La Liqada rəqib, millidə partnyor olacaqlar.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ