İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynanı satır? – Sülh planı arxasında GİZLİ HESABLAR

"Ukrayna döyüşü dayandırsa, daha əvvəlki Ukrayna olmayacaq... "

"ABŞ-ın Ukrayna müharibəsində atəşkəsə nail olmaq səylərinin əks nəticə verməsi görünməkdədir".

Musavat.com bildirir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov deyib.

Siyasi şərhçi ABŞ-ın sülh üçün təkliflərinin qısa təqdimatını bu cür təhlil edib:

"Donald Tramp administrasiyası Ukraynada tam atəşkəsə nail olmağı hədəfləyir və bunu Ukraynanın ərazi bütövlüyü və suverenliyini heçə saymaqla indeksləşdirir.

Ağ Ev eyni vaxtda Ukraynanın təbii sərvətlərinin istismarında hökmranlıq qurmağa çalışır.

Vaşinqton ABŞ-Rusiya əlaqələrini inkişaf etdirməyə çalışır ki, bu da Kremllə Ağ Evin bir-birlərinə qarşılıqlı güzəştlərini şərtləndirir.

Lakin ABŞ-ın səylərinin indiki mərhələ üçün uğurlu olduğunu söyləmək olmaz. Ancaq sülh danışıqlarının indi kritik mərhələyə yaxınlaşdığı bir vaxtda bunu böyük uğursuzluq kimi də şişirtmək olmaz.

Əsas məsələ budur: Rusiya və Ukrayna müharibənin bitməsi üçün şərtlərində əhəmiyyətli dəyişikliklər etməyib.
Üstəlik, Rusiya ilə yanaşı, Avropa İttifaqı və Ukrayna da ABŞ-ın sülhməramlı etimadnaməsinə ehtiyatla yanaşır ki, bu da geosiyasi ziddiyyətləri dərinləşdirir.

Rusiya ilə ABŞ-ın mövqe uzlaşdırılmasında təbii ki, irəliləyişlər əldə edilib, lakin tərəflər tələyə düşmək risklərindən dolayı dəqiqləşmiş formula yaxınlaşmayıblar".

Aqşin Kərimov qeyd edir ki, sülh prosesinin ləngiməsi müharibə qaydalarını dəyişdirmir, lakin Rusiya qoşunlarını komplektləşdirdikcə, hərbi sənayesini inkişaf etdirdikcə, Ukrayna daha çox canlı qüvvə çatışmazlığından və silah-sursat qıtlığından əziyyət çəkir:

"ABŞ-ın hərbi yardımlara məhdudiyyətlər tətbiq etməsi də prosesləri Ukraynanın zərərinə işləyir. Rusiya Prezidenti Vladimir Putin bunu Moskvanın Kiyev üzərində maksimalist mövqeyinin təmini baxımından əlverişli şərait kimi qiymətləndirir.

Amma Rusiya qoşunlarının Ukrayna ərazilərindəki irəliləyiş tempi aşağı səviyyədədir. Bu, Kremli hərbi-strateji üstünlüklərini qorumaq baxımından çətinliklərlə üzləşdirir.

Hərçənd ki, Ukraynanın da Rusiyanın çoxqatlı müdafiə istehkamlarını yarmaq üçün potensialı yoxdur. Beləliklə, ABŞ-ın hazırkı sülh təşəbbüsləri müharibənin sadəcə olaraq donmuş ərazi münaqişəsinə keçidinə nail olmaqdır.

Əgər ABŞ zəif düşmüş Ukraynanı sülh və atəşkəsə inandırsa, bu zaman Ukrayna ərazilərində Rusiyanın nəzarət zonasının qalıcılığı və daimiliyi baş tutacaq. Yəni Ukrayna döyüşü dayandırsa, daha əvvəlki Ukrayna olmayacaq".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Aprel 2025

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR