Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, 11-13 aprel tarixlərində Türkiyənin Antalya şəhərində ənənəvi Antalya Diplomatiya Forumu keçiriləcək.
Musavat.com Forumun rəsmi saytında yer alan məlumata əsasən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə Prezident İlham Əliyev rəhbərlik edəcək.
Azərbaycan nümayəndə heyətinə aşağıdakı rəsmi şəxslər daxildir:
Birinci vitse-prezident Mehriban Əliyeva,
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev,
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov,
Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev,
Xarici işlər naziri Ceyhun Bayramov,
Xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev,
Müdafiə naziri Zakir Həsənov,
Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov,
Millət vəkilləri Əhliman Əmiraslanov, Əziz Ələkbərov, Nigar Arpadarai, Ramil Həsən, Səməd Seyidov,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev,
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan KİV rəhbərlərindən bəzilərini də Forumun işini müşahidə etmək üçün dəvət edib.
Qeyd edək ki, Antalya Diplomatiya Forumu siyasətçilərin, diplomatların və alimlərin diplomatiya, siyasət və ticarətlə bağlı fikirlərini bölüşdüyü yüksək səviyyəli toplantıdır.
Builki Forumda 240-dan çox ölkənin təmsilçiləri iştirak edəcək. İsraildən Foruma heç kim dəvət olunmayıb. Ermənistan nümayəndə heyətinə isə xarici işlər naziri Ararat Mirzoyan, Ermənistan Milli Assambleyasının vitse-prezidenti Ruben Rubinyan daxildir.
Antalya Diplomatiya Forumunda 20 ölkənin dövlət və hökumət başçıları, 60 ölkənin xarici işlər nazirləri və 60-dan çox ölkədən beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.
Onu da qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə keçiriləcək budəfəki Forum “Bölünmüş dünyada diplomatiyanın bərpası” mövzusuna həsr olunub.
Antalya Diplomatiya Forumu diplomatiyanın kursu necə dəyişdirə biləcəyini araşdırmaq və bölünmüş dünyada kollektiv fəaliyyət üçün ümumi zəmin tapmaq üçün qlobal liderləri, siyasətçiləri, alimləri, biznes ekspertlərini, media və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirəcək. Forum getdikcə qütbləşən mühitdə diplomatiyanın rolunu və əsas prinsiplərini yenidən müəyyən etmək üçün dialoqa ilham vermək məqsədi daşıyır.
Nigar HƏSƏNLİ,
Musavat.com
17 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ