Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Ağcabədidə 23 yaşlı şəxslə 13 yaşlı qızı nişanlayıblar.
Ailələrin razılığına görə qızın 18 yaşı tamam olanda rəsmi nikah olacaqmış.
Musavat.com xəbər verir ki, nişan məclisindən sonra qızla oğlan cinsi münasibətdə olublar.
Qızın hamilə olduğu üzə çıxdıqdan sonra ailələr evdə yaxın qohumların iştirakı ilə toy məclisi təşkil ediblər.
Hamilə olan qız xəstəxanaya müayinəyə gedən zaman həkimlər bu barədə polisə məlumat veriblər. Buna qədər ailələr məsələni gizli saxlamağa çalışıblar.
Faktla bağlı cinayət işi açılıb. Məhkəmə istintaqı dövründə onların övladları dünyaya gəlib.
Zərərçəkmiş kimi tanınan 13 yaşlı Gülər (ad şərtidir) və ailəsi şikayətçi olmayıb. Onların övladlarının dünyaya gəlməsi də yüngülləşdirici hal kimi nəzərə alınıb.
Məhkəmənin hökmü ilə Şəhriyar (ad şərtidir) barəsində şərti cəza təyin edilib. Həbsdə olan Şəhriyar azadlığa buraxılıb və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Bu yazı Musavat.com-da dərc edildikdən sonra rəsmi qurumlar hərəkətə keçib.
Əvvəlcə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə feysbuk hesabında yazıb ki, icra hakimiyyəti məsələni nəzarətə götürdüyünü desə də, heç bir addım atmayıb. K.Ağazadə qeyd edib ki, qızın ailəsi ondan imtina edib.
Daxili İşlər Nazirliyi də məsələyə münasibət bildirib. Nazirlikdən bildirilib ki, qızın ailəsi polisə dəvət edilib və onlarla profilaktik söhbət aparılıb. Bundan sonra 14 yaşlı Gülər ailəsinə təhvil verilib.
Gülər ailəsinə təhvil verilsə də, onun hazırkı vəziyyətindən narahat olmamaq mümkün deyil. Gülər əvvəlcə ondan imtina edən ailəsinin yanında nə qədər təhlükəsizdir?
İ.Muradov,
Musavat.com
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ