İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın hegemoniya dövrü bitdi – Söz Asiyanındır

"Bu gün Çində baş tutan sammit, görüşlərin və müzakirələrin səviyyəsi, verilən bəyanatlar, açıqlamalar bir daha onu sübut etdi ki, Qərb, əsasən də Avropa öz hegemonluğunu, mənəvi, maddi, texnoloji və elmi üstünlüyünü itirir".

Musavat.com bildirir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli deyib.

NATİQ CEFERLİ.jpg (27 KB)

Ekspert qeyd edib ki, son 30 ildə Avropa "SSRİ"ləşdikcə, Çin, Hindistan, İndoneziya, Vyetnam və s. ölkələr iqtisadi anlamda "Qərbləşdilər" və bu proses təbii, Qərbin səhvlərini təkrar etməyərək baş verdi:

"Avropa İttifaqı ölkələri, Avropa aşırı tənzimləmə qanunları, iqtisadiyyatda maneələr yaratmaqla öz üstünlüyünü xərcləyib bitirdi. Bu gün məsələn, Avropada tikintiyə icazə aylar çəkir, Çində 3 günə həll olunur, Avropada restoran açmaq üçün əvvəl milli qanunvericilikdəki maneələri, sonra da Aİ-nin requlyativ məhdudiyyətlərini aşmaq lazım olur, amma məsələn, Laosda bu məsələ 1 günə həllini tapır.

Bu gün Avropa ölkələri turizmlə mübarizə aparır, hər gün daha çox məhdudiyyətlər qoyur, amma məsələn, Səudiyyə Ərəbistanı kimi qapalı ölkə qapılarını turistlər üçün daha çox açır. Laos, Kamboca, İndoneziya kimi ölkələr daha çox turist qəbulu üçün qaydaları daha da sadələşdirirlər".

Natiq Cəfərli vurğulayıb ki, hazırda Avropa iqtisadiyyatı daralır, Şərqdə, Sakit okean hövzəsində yerləşən ölkələrdə isə iqtisadi artımın tempi göz qamaşdırır:

"Bu gün Avropa təhsil və elmi SSRİ-də olduğu kimi "idieologiyalaşdırır", ancaq "sol, pvesdo-liberal" mövzular önə çəkilir, elmi araşdırmalara ideoloji "gözlə" baxırlar (necə ki, SSRİ kibernetika və genetikanı ideoloji səbəblərdən məhdudlaşdırır, elmə "sosializm" pəncərəsindən baxırdı), Çin, Hindistan elmi acgözlüklə mənimsəyirlər və təhsilə ciddi önəm verirlər - heç də təsadüfi deyil ki, dünyada riyaziyyat, fizika və kimya olimpiadalarını çinlilər udmağa başlayıblar.

Qərbin ümidi yenə ABŞ-dır – Amerika öz köklərinə, öz inkişaf instinktlərinə geri dönərək iqtisadi azadlıqları önə çəkə bilsə, Qərb sivilizasiyası üçün yeni şans doğacaq.

Azərbaycan təəssüf ki, Avropanın səhv atdığı bəzi addımları təkrarlayır – ölkəmizdə hər il aşırı tənzimləmə qanunlarının sayı çoxalır, iqtisadiyyata birbaşa müdaxilə edən dövlət-hökumət orqanlarının sayı yağışdan sonra göbələk kimi artır. Bu, yanlış, ölkənin inkişafının qarşısını alan yoldur. İqtisadi azadlıqlar, təşəbbüskarlıq, biznes üçün ədalətli şərait olmazsa-olmazdır, ölkəmizin inkişafı və rifahı üçün "ədalətli, kiçik və effektiv hökumət" modelinə keçid mütləqdir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR